Minsk Qrupu öz işinin öhdəsindən gələ bilmir
Məlum olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu birbaşa məşğul olur. Ona bu səlahiyyəti isə BMT vermişdir. Artıq 15 ildir ki, Azərbaycanla Ermənistan arasında atəşkəs imzalanmasına və danışıqlar prosesinin başlanmasına baxmayaraq, burada hələ də, Minsk Qrupunun danışıqların gedişatında irəliləyişin əldə olunması üçün hər hansı bir əməli fəaliyyətlə məşğul olduğunu demək olmaz. Yalnız həmsədr ölkələrin nümayəndələri tez-tez regiona səfər etməklə və ara-sıra görüşlər təşkil etməklə öz işlərini bitmiş hesab edirlər.
Minsk Qrupunun fəaliyyəti dünən Milli Məclisin növbəti iclasında da müzakirə mövzularından olmuşdur. Parlamentarilər Minsk Qrupunun fəaliyyətini dəyərləndirərkən, onun heç bir iş görmədiyini vurğulayıblar. Haqlı olaraq, səsləndirilən tənqidlər birbaşa həmsədrlərə yönəlmişdir. Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovun məsələyə münasibəti daha sərt olub. O, Minsk Qrupunun öz işinin öhdəsindən gəlmədiyini, aparılan danışıqlarda bir vasitəçi kimi vəzifələrini yerinə yetirməkdən boyun qaçırdığını bildirib. Qeyd edək ki, Minsk Qrupunun fəaliyyəti barədə bir müddət bundan öncə də parlamaentdə müzakirə qaldırılmış və onun öz fəaliyyətini dayandırması, səlahiyyətlərini BMT-yə verməsi barədə təkliflər irəli sürülmüşdür. Bəlkə də elə Azərbaycan parlamentinin bu tənqidlərindən nəticə çıxaran Minsk Qrupu fəaliyyətini genişləndirməyə, prezidentlər arasında ardıcıl görüşlər təşkil etməyə başladılar. Lakin təəssüf ki, bu görüşlər də nəticəsiz qaldı. Çünki ilin əvvəlindən sonuna kimi danışıqlarda irəliləyiş əldə olunacağına vəd verən həmsədrlər ili nəticəsiz olaraq başa vurmaqdadırlar.
Minsk Qrupunun fəaliyyəti barədə danışarkən, onu da qeyd etmək lazımdır ki, Milli Məclisdə son müzakirələr zamanı onun tərəflərə təsir vasitələrindən də istifadə etməməsi vurğulanıb. Belə ki, Minsk Qrupunun həmsədri olan ölkələr dünya miqyasında söz sahibi olan və dünyanın siyasi strategiyasının müəyyənləşdirilməsində mühüm rol oynayan ölkələrdir. ABŞ, Fransa, Rusiya kimi dövlətlər, Dağlıq Qarabağ münaqişəsinin həllində öz təsir və təzyiq vasitələrindən istifadə edə bilmək qabiliyyətinin olması da şübhəsizdir. Lakin görünür, onlar mövcud status-kvonun saxlanmasında və ölkələr arasında münaqişəli vəziyyətin qalmasında maraqlıdırlar.
Milli Məclisdəki müzakirələrdə Minsk Qrupunun həmsədr ölkələrinin öz təsir vasitələrindən regiondakı digər prosesə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasında istifadə etdiklərini vitse spiker xüsusi vurğulayıb. Əgər bu ölkələr regionda sülh və sabitliyin təmin olunmasını istəyirlərsə, onlar birinci növbədə öz imkanlarından Dağlıq Qarabağ münaqişəsinin həllində istifadə etməlidirlər. Çünki Dağlıq Qarabağ çox həssas bir məsələdir və onun hər an alovlanması prosesi baş verə bilər.
Minsk Qrupunu öz təsir vasitələrindən isə, ilk növbədə, Ermənistana qarşı tətbiq olunması vacibdir. Belə ki, Ermənistan artıq işğalçı dövlət kimi beynəlxalq təşkilatlar tərəfindən tanınıb və onun Azərbaycan torpaqlarını işğal etməsi pislənib. Bunları nəzərə alan Minsk Qrupu da Ermənistan rəhbərliyini BMT tərfindən onlara qarşı tətbiq olunan qətnamələrə əməl etməsi və Azərbaycan torpaqlarından çıxması üçün Ermənistan rəhbərliyinə təzyiq göstərməsi daha məqsədyönlü olardı. Bu istiqamətdə isə həmsədrlər qəti şəkildə heç bir iş görmək istəmirlər. Əksinə, onlar Ermənistanın mövqeyini müdafiə etməyə çalışırlar. Öz məruzələrində də onlar obyektiv münasibət bildirməkdən çəkinirlər. Bunu biz BMT Baş Assambleyasının sessiyalarından biri zamanı Dağlıq Qarabağ münaqişəsinin müzakirəsəi zamanı da müşahidə etmişik. Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşan bu dövlətlərin rəsmiləri hansı şəkildə münaqişənin həllinə yararlı ola bilərlər.
Görünür, Ermənistan tərəfi də onlara qarşı olan belə mülayim münasibətdən istifadə edərək, öz mövqelərini daha möhkəmləndirir və danışıqlar prosesində qeyri-konstruktiv mövqe göstərməkdə davam edir. Minsk Qrupunu həmsədərləri isə hər iki tərəfi əmin etməyə çalışır ki, danışıqlarda irləiləyişlər var. Bu isə onların yeni mövqeyi deyil, illərdir göstərdiyi mövqenin davamıdır. Bununla yalnız və yalnız onlar öz fəaliyyətlərin ört-basdır etmək məqsədi güdürlər.
Minsk Qrupunun fəaliyyətin səmərəsizliyi barədə çox danışmaq olar. Lakin ən əsas cəhət ondan ibarətdir ki, bu qurum vasitəçilik fəaliyyətini yerinə yetirməkdə heç də peşəkar deyil və öz işinin öhdəsindən gələ bilmir. Belə bir sual ortaya çıxır. Əgər Minsk Qrupu öz fəaliyyətini belə yerinə yetirəcəkdisə, onda onun mövcudluğuna nə gərək var idi?