PDF Oxu

Sosial

  • 7

Milli Məclis bir sıra qanunlara əlavələr və dəyişikliklər etdi

Milli Məclis bir sıra qanunlara əlavələr və dəyişikliklər etdi
Dünən Milli Məclisin növbəti iclası keçirilib.
İclasda əvvəlcə cari məsələlərə baxılmış, deputatlar Türkiyə ilə Ermənistan arasında protokolların imzalanmasından sonra yaranmış vəziyyətə dair rəy və təkliflərini bildiriblər. Parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deputat qrupunun bu günlərdə Türkiyəyə səfəri barədə məlumat vermiş, Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, müavin Bahar Muradova deputatların qaldırdıqları məsələlərə münasibət bildirmişlər. Sonra gündəlikdəki qanun layihələrinin müzakirəsi olub. Milli Məclis sədrinin birinci müavini, parlamentin təhlükəsizlik komitəsinin sədri Ziyafət Əsgərov "Daxili Qoşunların statusu haqqında" Qanuna əlavələr və dəyişikliklər edilməsi barədə" qanun layihəsini müzakirəyə təqdim edib. O demişdir ki, Qanunun Daxili İşlər Nazirliyinin səlahiyyətləri ilə bağlı 9-cu maddəsinə Daxili Qoşunların Hərbi Şurasının tərkibinin müəyyən edilməsi ilə bağlı yeni yarımbənd əlavə olunur.
Deputatlar bu əlavənin tam məqsədəuyğun olduğunu bildiriblər.
Sonra Milli Məclisin 2009-cu il iyunun 30-da qəbul qəbul etdiyi "Sahibkarlıq fəaliyyəti haqqında" Qanuna əlavə edilməsi barədə" Qanuna Azərbaycan Prezidentinin etirazları haqqında" sənədə baxılıb. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, "Sahibkarlıq fəaliyyəti haqqında" Qanuna əlavə edilməsi barədə" Qanunun qəbulu əhalinin sosial müdafiəsini gücləndirmək, ölkədə işsizlik səviyyəsini azaltmaq, miqrasiya proseslərini tənzimləmək, yüksək ixtisaslı kadr potensialından daha səmərəli istifadə etmək məqsədi daşıyıb. Lakin, bu məqsədə inzibati üsullar, qadağanlar yolu ilə deyil, iqtisadi təsir vasitələrindən istifadə etməklə nail olmaq lazımdır. Buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qanuna etirazları haqlıdır. Qanuna təklif olunan əlavədə deyilir ki, təsisçiləri xarici vətəndaşlar və ya xarici hüquqi şəxslər, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51 faizdən çoxunun xarici vətəndaşlara və ya xarici hüquqi şəxslərə məxsus olan xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır və onların namizədlikləri müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Həmin filial və nümayəndəliklərin dövlət qeydiyyatına alınmasına yalnız onların rəhbərlərinin müavinlərinin namizədlikləri razılaşdırıldıqdan sonra yol verilir. Kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı, balıqçılıq, balıqyetişdirmə, mədənçıxarma, emal sənayeləri, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi, tikinti, topdan və pərakəndə satış, avtomobillərin, məişət məmulatının və şəxsi istifadə əşyalarının təmiri, mehmanxana və restoranlara xidmət göstərilməsi, nəqliyyat, anbar təsərrüfatı və rabitə, maliyyə fəaliyyəti, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarədarlara və istehlakçılara xidmət, təhsil, səhiyyə, habelə digər kommunal, sosial və şəxsi xidmət göstərilməsi sahələrində fəaliyyət göstərən və təsisçiləri xarici vətəndaşlar və ya xarici hüquqi şəxslər, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51 faizdən çoxunun xarici vətəndaşlara və ya xarici hüquqi şəxslərə məxsus olan xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin işçilərinin ən azı 90 faizi Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Müzakirələr zamanı deputatlar Azərbaycan Prezidentinin etirazlarının və qanuna yeni əlavələrinin tam əsaslı olduğunu bildiriblər. Yuxarıda göstərilənlərə əsasən, Milli Məclisin deputatları qanun layihəsinə etirazları səsə qoyaraq qəbul ediblər. İclasda "Dövlət rüsumu haqqında", "Patent haqqında", "Məhkəmə qərarlarının icrası haqqında", eləcə də əhalinin sağlamlığının qorunması məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilib.

Digər xəbərlər