PDF Oxu

Sosial

  • 10

Diaspor təşkilatları Türkiyə - Ermənistan sərhədlərinin açılmasına etiraz edir

Diaspor təşkilatları Türkiyə - Ermənistan sərhədlərinin açılmasına etiraz edir

Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarından Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sərhədlərin açılmasını nəzərdə tutan protokolların imzalanmasına dair etirazlar gəlməkdə davam edir. Bu barədə məlumatı "Səs" qəzetinə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti verib.

Almaniya

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzindən komitəyə daxil olan bəyanatda deyilir ki, İsveçrədə Türkiyə ilə Ermənistan arasında protokolların imzalanması Azərbaycan ictimaiyyəti kimi, xaricdə yaşayan soydaşlarımızın da narahatlığına səbəb olub. Mövcud vəziyyətdə və şəraitdə Türkiyə ilə Ermənistan arasında barışıq münasibətlərinin bərqərar olması Azərbaycan dövlətinin maraqlarına ziddir. Sənəddə bildirilir: "Ermənistan tarixən Azərbaycan və Türkiyə ərazilərinə iddiada olub və 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə təcavüzə başlayıb. Müharibə nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon işğal edilib və 1 milyondan artıq insan öz yurd-yuvasından didərgin düşüb. Bu müharibədə şəhid olmuş və itkin düşmüş həmvətənlərimizin dəqiq sayı indiyə qədər bilinmir. 1993-cü ildə Türkiyə buna etiraz olaraq, Ermənistanla sərhədlərini bağlayıb və rəsmi dairələrdə, beynəlxalq tribunalarda dəfələrlə Azərbaycan torpaqlarının işğaldan azad olunmadığı təqdirdə, Ermənistanla heç bir əlaqə yaradılmayacağını bildirib".
Bəyanatda daha sonra qeyd olunur: "Ötən illər ərzində dünya ictimaiyyətinin, müxtəlif beynəlxalq qurumların Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə çağırışlarına, məcburi köçkünlərin öz tarixi Vətənlərinə qaytarılması barədə qərar və qətnamələrə Ermənistan məhəl qoymayıb, öz işğalçı siyasətindən dönməyib. Türkiyə və Ermənistan arasında sərhədlərin tezliklə açılması ehtimalı, bununla da, işğal edilmiş Azərbaycan torpaqlarının müqəddəratının həlli məsələsinin təhlükə altına qoyulması bizi - Almaniyada yaşayan azərbaycanlıları laqeyd qoya bilməz".
AAKM Dağlıq Qarabağ münaqişəsi həll edilməyincə, türk-erməni sərhədlərinin açılmasını indiki vəziyyətdə regionda sülhün bərqərar olmasına deyil, əksinə, durumun gərginləşməsinə, xalq və ictimaiyyət arasında narahatlığa gətirib çıxardacağına əmindir. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi ilə birlikdə Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti, Azərbaycan Evi, Almaniya Azərbaycan Cəmiyyətləri Federasiyası, Alman-Azərbaycan Akademiklər Birliyi, Köln Vahid Azərbaycan Cəmiyyəti, Frankfurt Azərbaycan Cəmiyyəti, Mayns Azərbaycan Cəmiyyəti, Drezden Alman-Azərbaycan Cəmiyyəti, Alman-Azərbaycan Mərkəzi, Hamburq Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Alman-Azərbaycan Mədəniyyət Dostları Cəmiyyəti və Almaniyadakı digər qurumlar da Türkiyə və Ermənistan arasında imzalanan barış protokollarına öz etiraz səslərini ucaldır və Türkiyə dövlətinə, siyasətçilərinə, kütləvi informasiya vasitələrinə, elm və incəsənət xadimlərinə, Almaniyadakı türk diasporuna, qardaş türk xalqına müraciət edərək, onları da Ermənistanla sərhədlərin açılmasına qarşı etiraz səslərini qaldırmağa çağırır.

İsveçrə

Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi (AİMM) isə bəyan edir ki, oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında imzalanan münasibətlərin qaydaya salınmasına dair iki protokol vətənpərvər azərbaycanlılar olaraq Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin bütün üzvlərini dərindən narahat edir. "Belə bir addımın atılması və Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan Türkiyənin Ermənistanla sərhədlərini açması hər birimizin bugünədək gördüyümüz işlərin, türk və Azərbaycan diasporunun birgə fəaliyyətinin, həmçinin, Türkiyə ilə olan qardaş əlaqələrimizin üzərindən xətt çəkir. Bu addımı qətiyyətlə pisləyərək Türkiyə hökumətinə öz narazılığımızı bildiririk". İsveçrədəki azərbaycanlıların bəyanatı bu fikirlərlə bitir.

Digər xəbərlər