Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon icra hakimiyyəti başçısı yanında şuranın geniş iclasında müzakirə olunub.
İclası giriş sözü ilə açan Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verdi. O bildirdi ki, 2009-cu ilin doqquz ayı ərzində respublikada ümumi daxili məhsulda, sənaye istehsalında, kənd təsərrüfatında yüksək irəliləyişlər ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətinin parlaq nəticəsidir.
2009-cu ilin doqquz ayı ərzində respublikada görülmüş işlərə nəzər salan icra hakimiyyətinin başçısı qeyd etdi ki, həmin dövr ərzində Səbail rayonunun sənaye müəssisələri üzrə 271,6 milyon manatlıq məhsul istehsal edilmiş, istehlakçılara 272,9 milyon manatıq məhsul göndərilmiş və xidmətlər göstərilib. Bu ilin 9 ayı ərzində Səbail rayonunda 1592 daimi iş yeri açılıb. 2003-cü ilin noyabrından 2009-cu ilin sentyabrına kimi rayonda açılmış 31166 iş yerinin 30298-i daimidir. Son beş il ərzində Bakı şəhərində açılmış daimi iş yerlərinin 18,3 %-i Səbail rayonunun payına düşür və rayon Bakı şəhəri üzrə birincilər sırasındadır.
Cari ilin əvvəlində əsaslı təmir və bərpa işlərindən sonra təhvil verilmiş obyektlərin siyahısına son 3 ay ərzində Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Dövlət İncəsənət Muzeyinin binası, Milli Məclisin yeni korpusu, "Filarmoniya bağı" da əlavə olunmuş, Üzeyir Hacıbəyov, Puşkin, Z.Əliyeva, M.Hüseyn küçələri, Parlament prospekti təmir olunaraq, bura yeni müasir asfalt örtüyü çəkilmişdir. Həmin obyektlərin açılışında ölkə başçısı cənab İlham Əliyevin iştirakı respublikamızda mədəniyyət və mənəviyyat məsələlərinə, milli dəyərlərimizin öyrənilməsi və təbliğinə diqqət və qayğının səviyyəsini aydın göstərir.
Səbail rayon icra hakimiyyəti başçısının rayonun yaşayış sahələrində keçirdiyi açıq qəbullar zamanı sakinlər tərəfindən irəli sürülmüş təkliflər nəzərə alınaraq RİH tərəfindən bir neçə sosial yönümlü layihə hazırlanıb və həyata keçirilən abadlıq işləri planına salınmışdır. Artıq rayonun 20-ci yaşayış sahəsindəki veteranlar parkında, 20-ci sahədəki nəqliyyat dairəsində əsaslı təmir-abadlıq işlərinə, Badamdar qəsəbəsi, Neftçilər küçəsindəki boş sahədə yeni istirahət guşəsinin yaradılmasına, qəsəbədə "Xeyir-şər" yerinin tikintisinə başlanmış, yaxın günlərdə YAP Səbail rayon təşkilatının yeni binasının təməlqoyma mərasimi keçiriləcək.
Payız-qış mövsümünə hazırlıqla bağlı əsaslı təmir işləri aparılıb.
Hesabat dövrü ərzində rayon icra hakimiyyəti tərəfindən əlamətdar günlərə, dövlət bayramlarına həsr olunmuş tədbirlərlə yanaşı, bir sıra yaddaqalan görüş və tədbirlər təşkil olunmuşdur. 2009-cu ilin "Uşaq ili" elan olunması ilə bağlı iyul ayında rayon icra hakimiyyətinin layihəsi əsasında rayonun aztəminatlı ailələrindən olan şagirdlər üçün kompyuter və xarici dil kursları təşkil olunmuş, bu kurslara 90 nəfər şagird cəlb olunmuşdur.
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı seçici siyahıları dəqiqləşdirilmiş, məntəqələrin formalaşdırılması, texniki təminatı və s. məsələlər həll edilmişdir.
İclasda çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi inkişaf Proqramını dəstəklədiklərini, əhalinin güzəranının yaxşılaşdırılması, paytaxtımızın görkəminin gündən-günə gözəlləşdirilməsi istiqamətində aparılan işlərdə əllərindən gələni əsirgəməyəcəklərini bildirmişlər.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.