PDF Oxu

Sosial

  • 11

“Neftin qiyməti dünya iqtisadiyyatının tempindən asılıdır”

“Neftin qiyməti dünya iqtisadiyyatının tempindən asılıdır”
Azərbaycan iqtisadiyyatının inkişafı gündəlik həyatımızda da hiss olunmaqdadır. Belə ki, iqtisadi inkişaf nəticəsində əhalinin sosial müdafiəsi gücləndirilir, yeni iş yerləri yaradılır. Ötən illərlə yanaşı, bu il də ölkəmiz üçün uğurlu olub. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu ilin doqquz ayının sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə qeyd etdi ki, "2009-cu ildə Azərbaycan çox uğurla inkişaf etmişdir, 2008-ci ilin sonlarında qarşıya qoyulan bütün vəzifələr icra edilir.
Bu, çox vacibdir. Bu, bir daha onu göstərir ki, istənilən şəraitdə Azərbaycan öz planlarını icra etməyə qadirdir. 2003-2008-ci illərdə bizim uğurlu inkişafımız gözəl bir zəmin yaratdı. O illərdə iqtisadiyyat 2.6 dəfə artmışdır və bu artım həyatımızın bütün sahələrində özünü göstərmişdir. 2009-cu il böhranlı il olduğuna görə, əlbəttə ki, ÜDM-in 6.1 faiz səviyyəsində artımı bizi çox sevindirir". Bundan əlavə, ölkə başçısı müşavirədə Sahibkarlığa Kömək Milli Fondunda nəzərdə tutulmuş kreditlərin ilin sonuna qədər verilməsinin də zəruriliyini vurğuladı. Prezident İlham Əliyev onu da bildirdi ki, "Tezliklə elavatorların, soyuducu kameraların tikintisi üçün lazımi tədbirlər görülsün. Bu məsələlər qısa müddət ərzində öz həllini tapdı. Bu infrastruktur layihələri regionlarda uğurla icra edilir. Tam əminəm ki, gələn il və ondan sonrakı illərdə biz bu il görülən işlərin bəhrəsini görəcəyik. Çünki bu, fermerlərin məhsulunun saxlanılması üçün çox yaxşı şərait yaradır, eyni zamanda, istehlak qiymətlərinin qalxmasına imkan vermir. Çalışmalıyıq ki, 2010-ci ildə də bu istiqamətə diqqətimizi yönəldək. Əlbəttə ki, kreditlər başqa sahələrə də veriləcəkdir".
Sözsüz ki, gələn il də Azərbaycan üçün uğurlu illərdən olacaq. Bununla belə, bu ildən fərqli olaraq, gələn ilin dövlət büdcəsində neftin qiyməti 45 dollardan hesablanacaq. Bu, ölkə iqtisadiyyatına nə kimi təsir göstərək? Bu və ya digər suallarla iqtisadçı-ekspert İlham Şabana müraciət etdik.
-Neftin bir barrelinin 2010-cu ilin dövlət büdcəsində 45 dollardan hesablanması iqtisadiyyatın idarə edilməsində Azərbaycan hökumətinin rolundan irəli gəlir.Yəni neftin qiyməti bu il 70 dollar həcmində götürüldü, lakin ilin birinci yarısında dünya bazarında neftin qiyməti 50 dollardan da aşağı oldu. Hazırda neftin 70 dollardan baha satılması nəticəsində hökumət gərginlik yaşamadı. Əgər gələn il neftin qiyməti 60-70 dollardan baha satılacaqsa, büdcəyə yenidən baxılmaq təcrübəsi var. Onu da qeyd etməliyəm ki, neftin ölkə büdcəsində 45 dollardan hesablanması konservativ yanaşmadır. Yəni qiymətin aşağı həddə götürülməsi özünü iqtisadi problemlərdən sığortalanması deməkdir.
Azərbaycan qazının Türkiyəyə ucuz satılması isə normal hal deyil. Burada bir məsələ də var ki, Türkiyə hökuməti bildirir ki, 2008-ci ilin aprelindən respublikamızdan aldığı qazı dünya bazarındakı qiymətlə alacaq. Sadəcə olaraq, paket şəkilində imzalanmalıdır. Yəni burada tranzit haqları ilə məsələ, alınacaq qazın qiyməti və digər məsələlər var ki, onlar da paket şəkilində müzakirə olunmalıdır.
O ki qaldı ölkəmiz üçün qazın Türkiyəyə ixrac edilməsi, yoxsa Rusiyaya ixracı daha əlverişlidir? Bu məsələdə birinci texniki imkanlar nəzərə alınmalıdır. Texniki imkan Türkiyəyə ildə 20 milyard kubmetr həcmindədir. Rusiyaya isə bu imkan 8 milyard kubmetr həcmindədir.İkinci tərəfdən də RF özü qaz istehsal edən ölkədir. Respublikamızdan da Dağıstan əhalisinin qazla təminatı üçün qaz alır. Azərbaycan öz qazını İrana da ixrac edə bilər. Bu, təxminən 2 milyard həcmində ola bilər. Çünki İİR ikinci qaz ölkəsidir. Yəni respublikamız üçün daha əlverişli ölkə Türkiyədir.
Hazırda isə dünya bazarında neftin qiyməti 70 dollardan baha satılır. Ola bilər ki, bu qiymət aşağı da düşə bilər. Yəni bu, dünya iqtisadiyyatının tempindən asılıdır. Ancaq mən düşünmürəm ki, gələn il dünya bazarında neftin qiyməti baha olacaq, yaxud 20 dollar olacaq. Ümid edirəm ki, orta bir qiymət olacaq.

Digər xəbərlər