ABŞ və Rusiyanın Qəbələ RLS-dən birgə istifadəsi Azərbaycan üçün böyük perspektivlər vəd edir
ABŞ və Rusiyanın Qəbələ RLS-dən birgə istifadəsi barədə son günlərdə müzakirələr daha geniş məcraya daxil olmuşdur. Belə ki, ötən həftə ABŞ və Rusiyanın dövlət rəsmilərinin mövqelərində bu RLS-dən birgə istifadə ilə bağlı danışıqlara başlamaq üçün hazır olduqlarını bildirmələri onların məsələyə nə dərəcədə ciddi yanaşmasını göstərən amillərdəndir. Bundan bir neçə gün sonra isə ABŞ dövlət katibi Hillari Klinton və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında da RƏM sistemlərinin yaradılması barədə müzakirələr aparılmışdır. Güman edilir ki, bu müzakirələrdə də müzakirə obyekti məhz Qəbələ RLS-dən birgə istifadə edilməsi olmuşdur.
Lakin bu prosesin Azərbaycan ərazisində həyata keçirilməsini nəzərə alsaq, bu, Azərbaycan və onun təhlükəsizliyi baxımından da yüksək əhəmiyyətə malik bir hadisədir. Məlum olduğu kimi, artıq xeyli müddətdir ki, Qəbələ RLS-dən Rusiya dövləti istifadə etməkdədir. Arxada qalan müddət ərzində bu, Azərbaycanın da istər regional, istərsə də beynəlxalq sahədə nüfuzunun daha da artmasına səbəb olmuşdur. Amma əgər bu proses reallaşarsa, yəni ABŞ və Rusiyanın Qəbələ RLS-dən birgə istifadəsinin reallaşacağı təqdirdə, bunun Azərbaycan üçün nəticələri nədən ibarət ola bilər? Bu məsələ ilə bağlı münasibət bildirən Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü, millət vəkili Zahid Oruc bunun Azərbaycanın dünyada artan rolunun daha da artmasına səbəb olacaqdır. "İlk növbədə, onu qeyd etmək istərdim ki, bu məsələ gündəmə çıxandan bəri artıq ümumi planda Azərbaycanın xeyrinə işləyibdir. Məlum olduğu kimi, 2007-ci ildə Almaniyada keçirilən böyük bir tədbirdə Rusiya baş naziri Vladimir Putin tərəfindən gündəmə gətirilən bu məsələ ilk dövrdə ABŞ-ın Polşa və Çexiyada hava hücumundan müdafiə sistemlərini yaratmaq istəyinə qarşı bir kontr-mövqe kimi olmuşdur. O dövrdə V.Putin dilə gətirmişdi ki, onlar Avropada, xüsusilə, Şərqi Avropada belə sistemlərin qurulmasını özlərinin təhlükəsizliyinə qarşı zərbə sayırlar. Bunun qarşılığında onlar müxtəlif alternativlər irəli sürmüşlər. Bu sırada Qəbələ məsələsi də burada gündəmə gəldi və həmin dövrdən bu yana əsas hərbi-siyasi bilik mərkəzləri, Avropada son dərəcə qabaqcıl institutlar, təhlükəsizlik sferası ilə bağlı dairələr və eyni zamanda, dövlətlər şübhəsiz ki, Qəbələ ilə bağlı məsələləri daha dərindən və ətraflı araşdırmağa başladılar. Bununla əlaqəli bütün beynəlxalq media institutlarında Azərbaycanın yerləşdiyi coğrafiya, buradakı risqlər, təhlükəsizliklə bağlı stratejilər və s. ilə bağlı öz mövqelərini söylədilər. Yəni bu, Azərbaycanın yeni mənada təqdimatı demək oldu. Bir növ ölkəmizin piyar kompaniyasına çevrildi. Bunlar ölkəmizin siyasi önəmini göstərir.
Sizin də bildiyiniz kimi, ABŞ-ın Polşa və Çexiyada RƏM sistemlərini qurmaq istəkləri boşa çıxdıqdan sonra harada birgə işləmək məsələsi ortaya çıxıbdır və Qəbələ RLS-dən birgə istifadə məsələsi də gündəmdədir. Bu məsələ Azərbaycan ictimaiyyəti və siyasi dairələri öz reaksiyalarında pessimist mövqe göstərərək bunun perspektivinin olmayacağını bildirdilər. Onlar buna səbəb kimi Rusiya ilə ABŞ arasında razılaşma olmayacağını qeyd edirdilər. Düşünürəm ki, bunlar çox yanlışdır. Buna optimist yanaşanlardan biri olaraq mən buna inamımı bildirməkdən çəkinməmişəm və çəkinmirəm də. Düşünürəm ki, burada uzlaşma tapılacaqdır. Rusiya və ABŞ arasında uzlaşmanın olması Azərbaycanın xeyrinədir. Əlbəttə, bunun əksini düşünənlər də var. Onlar bildirirlər ki, bununla Azərbaycan müxtəlif konfliktlərin mərkəzinə çevrilə bilər və digər dairələrin, xüsusilə də, İranın Rusiyanın və ABŞ-ın buradakı fəaliyyətinə qarşı təzyiq və təsirləri Azərbaycana dəyə bilər. Amma əksinə düşünsək, görərik ki, ABŞ və Rusiyanın dünya sferasında uzlaşması Azərbaycanın təhlükəsizliyi baxımından çox önəmlidir. Bu, bizim ölkəmizin bu dövlətlərlə təhlükəsizlik sahəsində əməkdaşlığının yaranmasına şərait yaradır. Demək ki, bu, gələcəkdə də Azərbaycanın bu ölkələrlə digər sferalarda da əməkdaşlığını gücləndirir. Ona görə də, mənə elə gəlir ki, bu məsələ ilə bağlı Amerika strateqləri bu təklifə müsbət yanaşacaqlar və bu sahədə əməkdaşlıq formulu tapılacaqdır."
ABŞ və Rusiyanın Qəbələ RLS-dən birgə istifadəsi ilə bağlı məsələnin Azərbaycanın xarici siyasətinin əsas prioriteti olan Dağlıq Qarabağ münaqişəsinə də təsirindən danışan millət vəkili, bunun birbaşa da olmasa, dolayı yolla bu məsələyə təsir göstərə biləcəyini bildirdi. "Qeyd etdiyim kimi, Rusiya və ABŞ-ın Azərbaycanla birlikdə milli təhlükəsizlik xarakterli məsələdə əməkdaşlıq etməsi, Azərbaycan məkanının bu cür məsələlər üçün ünvana çevrilməsi bizim siyasi əhəmiyyətimizi artıracaqdır və nəticə etibarilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsini fəal şəkildə ortaya çıxaracaqdır. Bu bölgədə təhlükə risqləri Qarabağ məsələləri ilə sıx bağlıdır. Belə olan təqdirdə, Azərbaycanın imkanı olacaq ki, məsələnin həllində bu dövlətlərə daha güclü təsir etsin. Amma birbaşa bu məsələlərin əlaqəsini iddia eləmək qeyri-mümkündür."