PDF Oxu

Sosial

  • 15

Dəmiryolçuların peşə bayramları münasibətilə toplantı keçirildi

Dəmiryolçuların peşə bayramları münasibətilə toplantı keçirildi
Dünən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin konfras zalında Azərbaycan dəmiryolçularının peşə bayramları münasibətilə toplantı keçirildi. Toplantını giriş sözü ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov açdı. O bildirdi ki, Azərbaycan dəmiryolu tarixi 1880-ci ildən başlayır. Onun sözlərinə görə, ilk olaraq, 20 kilometrdən ibarət Bakı-Sabunçu-Suraxanı dəmiryolu xətti çəkilib: "Azərbaycan Respublikası neft ölkəsi hesab olunduğu üçün, burada dəmiryolunun inkişafı vacib məsələ idi. Ona görə də ümummilli liderimiz Heydər Əliyevin böyük diqqət və qayğısı nəticəsində Azərbaycanda dəmiryolu sahəsi də inkişaf etdirilib".
A.Əsgərov onu da qeyd etdi ki, bu gün də Prezident İlham Əliyevin gördüyü məqsədyönümlü işlər nəticəsində Azərbaycanda dəmiryolu sahəsi prioritet sahəyə çevrilib. Onun sözlərinə görə, Azərbaycanın sərvəti olan neftin də məhz xeyli hissəsi dəmiryolu vasitəsilə tranzit olunur: "Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyev "Azərbaycan Dəmir Yolları" QSC-nin işçilərinin təltif edilməsi və fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb. Ona görə də biz cənab Prezidentimizin dəmiryolçular olan bu cür diqqət və qayğısını hər zaman özümüz üçün böyük qürur hesab edirik".
Tədbirdə çıxış edən nəqliyyat naziri Ziya Məmmədov dəmiryolçuların bundan sonra da ulu öndərimizin siyasi xəttinə və cənab Prezidentimizin davam etdirdiyi siyasətə sadiq qalacaqlarına əminliyini ifadə etdi. Bildirdi ki, dəmiryolu nəqliyyatı Azərbaycanın iqtisadiyyatında hər zaman mühüm rol oynayıb: "Dəmiryolçular uzun illər, 128 illik tarix ərzində əzmli fəaliyyət yolu keçiblər və böyük işlər görüblər. Bu münasibətlə mən nəqliyyatçılar adından dəmiryolçuları peşə bayramları münasibətilə ürəkdən təbrik edirəm, onların hər birinə ailə səadəti, işlərində uğurlar arzu edirəm. Bildiyiniz kimi, nəqliyyat sistemində, bütövlükdə, cənab Prezidentimizin rəhbərliyi altında böyük işlər həyata keçirilib, bu proses bu gün də davam etdirilir". Nazir onu da bildirdi ki, dəmiryolunun bütün sahələrində, o cümlədən, yol infrastrukturunun yenidən qurulmasında çox nəhəng layihələr icra olunur. Hazırda bu işlər uğurla davam etdirilir.
Sonra "Azərbaycan Dəmir Yolları" QSC-nin bir qrup əməkdaşı Fəxri Diplomlarla mükafatlandırılıb. Toplantıda "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Cavid Qurbanov və "Azərbaycan Dəmir Yolları" QSC-nin kollektivi iştirak edirdi.

Digər xəbərlər