PDF Oxu

Sosial

  • 10

Şahmatın inkişafı ilə bağlı Dövlət Proqramına dair müşavirə keçirildi

Şahmatın inkişafı ilə bağlı Dövlət Proqramına dair müşavirə keçirildi
Dünən Təhsil Nazirliyində Prezident İlham Əliyev tərəfindən təsdiqlənən 2009-2014-cü illərdə şahmatın inkişafı ilə bağlı Dövlət Proqramına dair müşavirə keçirildi. Tədbirdə təhsil nazirinin müavini Elmar Qasımov, Bakı şəhəri və bölgələrdə fəaliyyət göstərən şahmat məktəblərinin direktorları iştirak etdi.
Müşavirədə çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov Dövlət Proqramının icrası ilə əlaqədar Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Şahmat Federasiyası tərəfindən birlikdə müvafiq işlər görüldüyünü dedi.
Bu proqramı Azərbaycan şahmatına dövlət tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirən nazir müavini vurğuladı ki, proqramda 5 il ərzində şahmatın daha da inkişaf etdirilməsinin əsas istiqamətləri və gözlənilən nəticələr geniş əks olunub. O, əlavə etdi ki, proqram çərçivəsində müvafiq işlər görülüb və şahmat məktəblərinin maddi-texniki bazası genişləndirilib və onlar müasir avadanlıqlarla təchiz olunub.
Nazir müavinin sözlərinə görə, proqramın qəbul edilməsi ölkədə şahmatın inkişafının daha da sürətlənməsinə təkan verib. "Son dövrlərdə Bakı şəhərində 2, Samux və Xızı rayonlarınını hərəsində 1 yeni şahmat məktəbi yaradılıb. Kürdəmir, Samux, Xızı rayonlarındakı şahmat məktəbləri müasir üslubda tikilib, Goranboy, Yardımlı, Neftçala, Salyan, Quba, Qax, Astara, Yevlax, Zaqatala, Bərdə gənclər və uşaq şahmat məktəbləri isə əsaslı şəkildə bərpa olunub. Naxçıvan Muxtar Respublikasında şahmat məktəbləri üçün yeni binalar tikilib. Ölkəmiz müstəqillik əldə etdikdən bu günə qədər azərbaycanlı şahmatçılar beynəlxalq yarışlarda 72 medal qazanıb ki, onlardan 26-sı qızıl medaldır. Hazırda ölkəmizdə 21 beynəlxalq qrostmeyster, 13 beynəlxalq dərəcəli idman ustası var", -deyə o, əlavə etdi.
Hazırda respublikada 66 uşaq-gənclər şahmat məktəbinin fəaliyyət göstərdiyini deyən E.Qasımov bu məktəblərdə 35 min uşaq və yeniyetmə şahmatın sirlərinə yiyələnir. Onların təlimləri ilə 690-dan artıq məşqçi-müəllimin məşğul olduğunu deyən nazir müavini 21 beynəlxalq qrostmeysterdən 15-nin, 13 beynəlxaq qrostmeysterdən 6-nın şahmat məktəblərinin yetirməsi olduğunu qeyd etdi.

Digər xəbərlər