Moskvada “Qara dənizin təhlükəsizliyi” mövzusunda seminar keçirilib
Moskvada Harvard Universitetinin C.Kennedi adına Dövlət İdarəçiliyi Məktəbinin 12 ildir həyata keçirdiyi "Qara dənizin təhlükəsizliyi" Proqramı çərçivəsində illik seminar keçirilib. Seminarda Azərbaycan, ABŞ, Rusiya, Türkiyə, Rumıniya, Yunanıstan, Bolqarıstan, Ukrayna və Moldovanın müdafiə nazirliklərinin, xüsusi xidmət idarələrinin, habelə analitik mərkəzlərinin nümayəndələri iştirak ediblər. Ölkəmizi mötəbər forumda XİN-in əməkdaşları - səfir İlqar Qurbanov və XİN-in birinci katibi Azər Xudiyev, Azərbaycan Müdafiə Nazirliyi beynəlxalq əməkdaşlıq departamentinin nümayəndəsi, polkovnik Samir Musayev təmsil ediblər. "Qara dəniz regionu ölkələrinin təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlığının perspektivləri" mövzusunda seminar Rusiya İctimai Layihələndirmə İnstitutu ilə birlikdə keçirilib.
Seminarda Qara dəniz regionunda sabitliyin və təhlükəsizliyin təmin olunması, region ölkələri arasında əməkdaşlığın yeni yollarının və müxtəlif məsələlərlə bağlı münaqişələrin mümkün həlli mexanizmlərinin axtarılmasına dair fikir və informasiya mübadiləsi aparılıb. Tədbirdə regional nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi, regional kollektiv təhlükəsizlik mexanizminin yaradılması təcrübəsi və perspektivləri, terrorla mübarizə sahəsində əməkdaşlıq məsələlərinə, humanitar və sosial-iqtisadi problemlərə, qarşılıqlı maraq doğuran digər məsələlərə toxunulub.
Azər Xudiyev və Samir Musayev çıxışlarında toplaşanların diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edib. Regionda təhlükəsizlikdən danışan Azər Xudiyev sərhədlərin toxunulmazlığı və dövlətlərin ərazi bütövlüyü ilə əlaqədar beynəlxalq prinsiplərə hörmətlə yanaşılmasının və qeyd-şərtsiz riayət olunmasının vacibliyini vurğulayıb. Müdafiə Nazirliyinin nümayəndəsi Samir Musayev deyib ki, Ermənistan Azərbaycanın 20 faizdən artıq ərazisini işğal edib, ölkədə 1 milyondan çox qaçqın və məcburi köçkün vardır. İşğal olunmuş ərazilərdə Ermənistanın nəzarəti altında olan çoxlu silah və ağır texnika toplanıb