Əmək Yarmarkalarının köməyi ilə bu il 4910 nəfər işaxtaran və işsiz vətəndaş münasib işlə təmin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq xidməti orqanları tərəfindən işaxtaran və işsiz vətandaşların, xüsusilə gənclərin sosial müdafiəsinin, onların münasib işlərlə təminatının gücləndirilməsi istiqamətində ardıcıl fəal tədbirlər həyata keçirir. Respublikamızın bütün bölgələrində hər il ənənəvi olaraq keçirilən əmək yarmarkaları bu tədbirlərdən biridir. Qurumun mətbuat xidmətindən bildiriblər ki, bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkəmizin şəhər və rayonlarında keçirilən 53 əmək yarmarkasında 1743 müəssisə 14028 boş iş yeri ilə iştirak etmiş və nəticədə 4910 nəfər işaxtaran və işsiz vətəndaş münasib işlə təmin olunmuş, 465 nəfər peşə hazırlığı kurslarına, 282 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunub. Bununla yanaşı, cari ilin 9 ayı ərzində Bakı, Gəncə şəhərlərində və Abşeron rayonunda məzunların və tələbələrin işlə təmin olunmasına kömək göstərilməsi məqsədi ilə "Karyerada ilk addım" devizi altında tədbirlər keçirilib ki, bu tədbirlərə 330 müəssisə tərəfindən 1834 boş iş yeri təqdim edilib. Nəticədə 384 nəfər münasib işlə təmin olunub.