Sərhədlərin açılması ilə bağlı ciddi fikir ayrılıqları yaranıb
Son günlər Türkiyə-Ermənistan sərhədlərinin açılması prosesi son dərəcə aktivləşməsi ilə əlamətdardır. İki ölkə arasında protokolların imzalanmasına təxminən bir həftənin qaldığı bir vaxtda hər iki ölkədə parlamentlərin bu məsələni müzakirə edərkən, ciddi fikir ayrılıqlarının yaranması müşahidə olunmaqdadır.
Məlum olduğu kimi, oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Türkiyə və Ermənistanın xarici işlər nazirlərinin iki ölkə arasında razılaşdırılmış protokolların imzalanması mərasiminin keçirilməsi gözlənilir ki, burada İsveçrə xarici işlər nazirinin iştirak edəcəyi də bildirilib. Lakin hər iki ölkədə cərəyan edən hadisələr münasibətlərin normallaşdırılmasına heç də müsbət təsir göstərməyəcəyini sübut edir. Belə ki, bu günlərdə Ermənistan parlamentində keçirilən dinləmələrdə erməni deputatlar öz çıxışlarında razılaşdırılmış protokolların əleyhinə olduqlarını və bu protokollarda Ermənistanın mövqeyini əks etdirən hər hansı bir maddənin olmadığını bildirmişlər. Onlar, həmçinin, bu məsələ ilə bağlı yeridilən siyasətdə ölkə iqtidarının günahının olduğunu bildirmişlər. Erməni derutatlar xarici işlər naziri Edvard Nalbandyanı isə bu məsələdə əsas günahkar kimi görüblər. Ümümilikdə isə, dinləmələr qalmaqalla müşahidə olunub. Əlbəttə, erməni müxalifətinin elə ilk günlərdən bu məsələ ilə bağlı öz etirazlarını bildirməsi parlament dinləmələrinin də belə bir ab-hava ilə keçəcəyindən xəbər verirdi. Əvvəldən də qeyd edildiyi kimi, iki ölkə arasında protokollar yalnız parlamentdə təsdiq olunduqdan sonra qüvvəyə minə bilər. Ermənistandakı durum isə bunun heç də belə olmadığına bir işarədir. Belə ki, müzakirələrdə müşahidə olunan vəziyyətin nəticəyə də öz təsirini göstərəcəyini istisna etmək olmaz.
Türkiyəyə gəldikdə isə, burada da vəziyyətin heç də yaxşı olmadığını demək olar. Türkiyə parlamentinin "kürd açılımı" və "erməni açılımı" ilə bağlı müzakirələrin ilk günündə Türkiyə prezidenti və baş nazir də iştirak etmişlər. Parlamentin sədri M.Ə.Şahin parlamentariləri sərhədlərin açılması prosesinin Türkiyə üçün "böyük əhəmiyyəti"ndən danışaraq, bunun nəinki Türkiyənin və Ermənistanın, həmçinin, bütövlükdə, regionun mənafelərinə xidmət etdiyini bildirmişdir. O, həmçinin, Türkiyə ictimaiyyətinin narahat olduğu əsas məsələ olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olaraq da sərhədlərin açılmasının yalnız Dağlıq Qarabağın işğaldan azad edilməsindən sonra mümkün olacağını bildirib və bütün məsələlərdə Azərbaycanın mənafelərinin ən az Türkiyənin mənafeləri qədər qorunacağını nəzərə çatdırıb. Əlbəttə, bütün bunları anlamaq çətin deyil. Türkiyə xarici iqşlər naziri parlament dinləmələri keçirilməmişdən öncə bir qrupp müxalifət partiyalarının liderləri ilə görüşmüş, onları bu məsələdə razılığa gətirməyə çalışmışdı. Onun bu sahədə göstərdiyi səylərinin müsbət nəticələndiyini isə demək çətindir. Ona görə də TBMM sədri istər Azərbaycanda olarkən, istərsə də Türkiyə parlamentindəki çıxışında Azərbaycanın mövqelərini müdafiə etdiklərini böyük bir vurğu ilə qeyd etməkdədir. Lakin praktikada və imzalanmış sənədlərdə isə bunun heç bir cüzi də olsa təzahürünü görmək mümkün deyil. Bu barədə yalnız Türkiyə rəsmilərinin verdiyi açıqlamalardan eşitmək olar. Yəni, yalnız dildə yox. Bundan başqa, Ermənistan prezidentinin Türkiyə qarşısında irəli sürdüyü şərt də mövcuddur ki, bu şərtdə deyilir ki, Türkiyə Ermənistan sərhədlərinin açılması heç bir digər məsələ ilə bağlı ola bilməz və Dağlıq Qarabağ münaqişəsinin də bu işə heç bir dəxli yoxdur. O bildirmişdi ki, əgər onların qarşısında belə bir şərt irəli sürüləcəksə, onda heç danışıqlara başlamağın da heç bir əhəmiyyəti yoxdur. Görünür, Türkiyə tərəfi bu şərtlə razılaşıb ki, danışıqlar da belə bir vüsət alıb.
Göründüyü kimi, sərhədlərin açılması ilə bağlı son durum heç də ürəkaçan deyil. Əlbəttə, proses davam etməkdədir və məsələ ilə bağlı müzakirələr davam edir. Lakin bir şey məlumdur ki, bütün bu proseslər yalnız Türkiyə və Ermənistan hökumətlərinin istədikləri ancaq hər iki xalqın buna qarşı olduğu bir prosesdir.