Azərbaycanda Seçki Məcəlləsinin prinsipiallığını nəzərə alan dövlətimiz bu istiqamətdə zəruri olan bütün məqamları yerinə yetirir" fikrini söyləyən YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirdi ki, 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana ikinci siyasi hakimiyyətə qayıdışından sonra ölkənin ən güclü siyasi partiyası - Yeni Azərbaycan Partiyası xalq tərəfindən getdikcə dəstəkləndi. Məhz xalqın YAP-a olan inamının nəticəsi idi ki, bu gün partiyanın sıraları 500 min nərəfə çatmışdır. A.Hüseynov ölkənin ictimai-siyasi həyatında Yeni Azərbaycan Partiyasının aparıcı rol oynadığını qeyd edərək, qarşıdakı bələdiyyə seçkilərini ciddi hazırlıq işlərinin bu gün də aparıldığını vurğuladı. Bildirdi ki, ölkədə keçirilən bütün seçkilərdə partiya böyük nailiyyətlər əldə edib: "Qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın Qaradağ rayon təşkilatı yerli özünüidarəetmə orqanlarına daha layiqli namizədləri müəyyən edib və bu sahədə müəyyən məsləhətləşmələr, təbliğatlar aparılmaqdadır. Artıq seçki siyahıları müəyyənləşir və bu siyahılar seçkilərə qədər dəqiqləşdirmə işini davam etdirəcək. Eyni zamanda, qeyd edim ki, rayonumuzun 57795 seçiciləri 11 saylı Qaradağ və 12 saylı Qaradağ-Binəqədi-Yasamal Dairə Seçki Komissiyalarının tərkibində olan 49 məntəqələrində səs verəcəklər".
A.Hüseynov YAP Mərkəzi Aparatının tövsiyələrinə uyğun olaraq, YAP Qaradağ rayon təşkilatının idarə heyətinin toplantısının keçirildiyini və avqustun 1-dən etibarən cari ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla bağlı işlərin bu günə kimi aparıldığını da söylədi. Artıq rayon və qəsəbələrdə namizədlərin müəyyənləşməsi dairə və məntəqələrdə bütün hazırlıq işləri başa çatmışdır: "Bütün bu hazırlıq işləri, onu deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası bu seçkinin də qalibi olacaq".
YAP Qaradağ rayon təşkilatının sədri bizimlə söhbət zamanı qurumun fəaliyyətinin tarixinin o qədər də çox olmadığını da qeyd edərək, yerli özünüidarəetmə orqanlarına üçüncü dəfə seçkinin keçirildiyini dedi: "Bu 10 il müddətində bələdiyyənin fəaliyyətində mühüm təcrübə əldə edib, yerli özünüidarəetmə orqanlarının işləri getdikcə təkmilləşir. Eyni zamanda, ictimaiyyətlə söhbət zamanı, bir daha aydın olur ki, seçicilər bələdiyyə seçkilərində də yüksək fəallıq nümayiş etdirəcəklər. Bu isə, bir daha onu sübut edir ki, ümummilli liderimiz Heydər Əliyevin yaradıcısı olduğu müstəqil Azərbaycanımıza rəhbərlik edən dövlət rəhbəri, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin apardığı uğurlu siyasət xalq tərəfindən dəstəklənir və bundan sonra da dəstəklənəcək".
YAP Qaradağ rayon təşkilatının sədri A.Hüseynov onu da bildirdi ki, bələdiyyəyə seçilən insanlar arasında səriştəsiz, savadsız kadrların olmasına son qoyulmalıdır. Bu baxımdan, bugünkü bələdiyyələrdə YAP tərəfindən irəli sürülən savadlı, fəal kadrlara daha geniş yer verilməlidir. Eyni zamanda, bu seçkinin əvvəlki seçkidən fərqli cəhəti isə irəli sürülən namizədlərin içərisində gənclərin və qadınların sayının çoxluq təşkil etməsidir. Çünki rayonda daha çox ictimai fəallıq göstərən qadınlar və gənclərimiz ölkəmizin ictimai inkişafında aparıcı qüvvə kimi fəaliyyət göstərirlər. Qeyd edim ki, rayonumuzun təşkilatında olan 8655 partiya üzvünün 31 faizini qadınlar, 36 faizini isə gənclər təşkil edir. Bu baxımdan da, istərdik ki, seçiləcək 11 bələdiyyəyə seçiləcək 115 nəfər üzvdən gənclərimiz və qadınlarımızın sayı daha çox olsun. İnanırıq ki, qarşıdan gələn bələdiyyə seçkilərində də, respublikamızın hər yerində olduğu kimi, Qaradağ rayonunda da ciddi hazırlıq işləri aparılır. Görülən işlər, onu deməyə əsas verir ki, bu seçkilərdə də Yeni Azərbaycan Partiyası qələbə qazanacaq".
YAP-ın ölkəmizin ictimai-siyasi həyatında rolunun böyük olduğunu deyən YAP Saaatlı rayon təşkilatının sədri Lütfəli İbrahimov xalqın artıq öz seçimini etdiyini vurğuladı. L.İbrahimovun sözlərinə görə, Seçki Məcəlləsinin dövlətimizin və cəmiyyətimizin inkişaf təzahürlərini özündə ehtiva edən prinsiplərdən ən mühümüdür. YAP Saatlı rayon təşkilatının sədri onu da vurğuladı ki, Azərbaycanın seçki qanunvericiliyində, mütəmadi olaraq, aparılan təkamül nəzəriyyələrinin birbaşa vətəndaşların istək və arzularının tərənnümü kimi xarakterizə edilir: "Ölkəmizdə formalaşmış olan seçki ənənələri və seçki mədəniyyəti qarşıdakı bələdiyyə seçkilərinin də şəffaflığının təmin edilməsinə imkan yaradacaq. Bu məqsədlə YAP-ın bütün rayon, o cümlədən, YAP Saatlı rayon təşkilatlarında müəyyən işlər görülür və görülməkdədir".
L.İbrahimov bildirdi ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş demokratik dəyərlər bu gün daha da inkişaf etdirilir və bu strategiya Prezident İlham Əliyevin böyük səyi və bacarığı nəticəsində daha geniş aspektdə öz anlamını tapmaqdadır: "Respublikamızın hər yerində olduğu kimi, Saatlı rayon təşkilatında da ciddi hazırlıq işləri görülüb. Eyni zamanda, layiqli şəxslərin namizəd olması üçün də artıq müəyyən məsləhətləşəmələr aparılmaqdadır. Rayonumuzun 52 min seçicisi 62 saylı Saatlı və 65 saylı Saatlı-Sabirabad-Kürdəmir Dairə Seçki Komissiyalarının tərkibində olan 56 seçki məntəqələrində 36 bələdiyyənin və 324 bələdiyyə üzvünün seçilməsinə səs verəcəklər".
L.İbrahimov, əvvəlki seçkilərdə olduğu kimi, bu seçkinin də tam demokratik və şəffaf formada keçiriləcəyinə əminliyini ifadə etdi. YAP Mərkəzi Aparatının tövsiyələrinə uyğun olaraq rayon təşkilatının idarə heyətinin toplantısının keçirildiyini bildirən L.İbrahimov avqustun 1-dən etibarən yaxınlaşmaqda olan yerli özünüidarəetmə orqanlarına seçkilərlə bağlı hazırlığın aparıldığını və müəyyən işlərə start verildiyini də nəzərə çatdırdı: "Bütün Saatlı seçiciləri bu seçkilərdə də böyük fəallıq nümayiş etdirəcək və xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də üstünlük əldə edəcəklərinə tam əminəm. Çünki YAP xalqın inam və ümid etdiyi siyasi partiyadır. Elə bu inamın nəticəsidir ki, Yeni Azərbaycan Partiyasının boy artımı getdikcə yüksəlir. Bu baxımdan YAP Saatlı rayon təşkilatının 5002 nəfər üzvünün 1382 nəfərini qadınlar, 1685 nəfərini isə gənclər təşkil edir. Qeyd edim ki, 2009-cu ilin 7 ayı ərzində təşkilatımıza 718 nəfər qəbul olunub. İnsanların YAP-a olan etibarının nticəsidir ki, partiyamızın sıralarında 500 mindən çox partiya üzvü var. Bu isə, onu deməyə əsas verir ki, YAP vətəndaşların istək və arzularının yeganə təminatçısıdır".
"Dövlətimizin və cəmiyyətimizin inkişaf təzahürlərini özündə ehtiva edən prinsiplərdən ən başlıcası hesab edilən seçki məsələsi dövlətimizin qarşısında dayanan ən ümdə vəzifələrdən hesab olunur" fikirlərini bildirən Azərbaycanın YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov qanunvericilikdə mütəmadi olaraq aparılan təkamül nəzəriyyələri birbaşa vətəndaşların istək və arzularına uyğun olduğunu bildirdi. İ.Dadaşov onu da bildirdi ki, seçki məsələsinin həssaslıq və prinsipiallığını nəzərə alan dövlətimiz bu istiqamətdə zəruri olan məqamları yerinə yetirir: "Məlum olduğu kimi, qarşıdan yerli özünüidarəetmə orqanlarına seçkilər gəlir. İnanırıq ki, ölkəmizdə formalaşmış olan seçki ənənələri və seçki mədəniyyəti bu prosesin də şəffaflığının təmin edilməsinə imkan yaradacaq. Elə bu məqsədlə də təşkilatımız müəyyən işlər görür".
İ.Dadaşov söhbət zamanı təşkilatın və şəhər əhalisinin bəədiyyələrə etimadının yüksək səviyyədə olduğunu bildirdi. Vurğuladı ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra Qərbə inteqrasiya yolunda və vətəndaş cəmiyyəti quruculuğunda bir sıra irəliləyişlər əldə edib: "Azərbaycanın Avropa Şurasına üzv olması, Avropa Birliyi ilə Fəaliyyət Planı imzalaması, Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramında iştirak etməsi, bir sıra beynəlxalq konvensiyalara, o cümlədən, Avropa İnsan Haqları Konvensiyasına qoşulması və s. buna misal ola bilər. Azərbaycanın Qərbə inteqrasiyasında prioritet məsələlərdən biri ədalətli və şəffaf seçkilərin keçirilməsidir. Avropa Birliyi ilə Azərbaycan arasında imzalanmış Fəaliyyət Planında müəyyən edilmiş on prioritet sahədən ikincisi "Beynəlxalq tələblərə cavab verən ədalətli və şəffaf seçki prosesi vasitəsilə ölkədə demokratiyanın gücləndirilməsi"nə aiddir".
YAP Lənkəran şəhər təşkilatının sədri ökəmizdə bu qurumun - bələdiyyənin fəaliyyətinin az müddət olduğunu qeyd edərək bildirdi ki, bu gün xalqımız bu seçkilərə də böyük fəallıqla qoşulurlar.
İ.Dadaşov YAP Mərkəzi Aparatından göndərilən Fəaliyyət Proqramına müvafiq olaraq təşkilatın Fəaliyyət Proqramının hazırlandığını, 15 nəfərdən ibarət yaradılmış qərargah üzləri arasında iş bölgüsü aparıldığını, müşahidəçilərin müəyyən edildiyini bildirdi: "Artıq hamının konkret vəzifələri müəyyənləşdirilib. Onu da bildirim ki, hal-hazırda 114 min seçici qeydiyyata alınıb. Lakin bu, heç də dəqiq rəqəm deyil. Çünki seçicilərin siyahıları daim dəqiqləşdirilir. Onu da bildirim ki, rayonumuzun seçiciləri 73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı, 76 saylı Lənkəran-Astara DSK-nin 116 seçki məntəqəsində 34 bələdiyyə və 338 bələdiyyə üzvlərinin seçilməsində fəallıq nümayiiş etdirəcəyinə tam əminəm. Çünki artıq seçkinin yüksək səviyyədə keçməsi və qərargahın işini canlandırmaq məqsədilə lazımi texniki avadanlıqlar, inventarlar alınmış, hətta bütün xırda işlər belə görülmüşdür".
YAP Lənkəran şəhər təşkilatının sədri, xüsusilə, bələdiyyələrdə qadınların və gənclərin rolunun artırılmasına daha çox üstünlük veriləcəyini də vurğuladı. Qeyd etdi ki, ölkəniin ictimai-siyasi həyatında qadınlarımız və gənclərimiz həmişə irəlidə olublar. Çünki Azərbaycan qadını özünün ictimai-siyasi fəallığı, sədaqəti, ailəyə bağlılığı və fədakarlığı sayəsində bütün Şərq və Qərb dünyası üçün unikal inkişaf yolu keçibdir. Bu da danılmaz həqiqətdir ki, ölkəmizdə dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi və dövlət siyasəti səviyyəsinə yüksəldilməsi, məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğu danılmaz faktdır. Məhz bunun nəticəsidir ki, müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən dövlət başçısı İlham Əliyev isə qeyd edib ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadınının bundan sonra da müstəqil dövlətimizin tərəqqisinə töhfələr verəcəyinə əminəm.