Kişinyov görüşü münaqişənin həlli üçün yeni imkan açır
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son günlərdə yayılan məlumatlar bir daha bu mövzuya diqqəti artırmağı tələb edir. Məlum olduğu kimi, danışıqlar prosesinin davamı olaraq, bu günlərdə, daha doğrusu, oktyabrın 8-9-da MDB dövlət başçılarının Kişinyovda keçiriləcək görüşü çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin ikitərəfli görüşünün keçirilməsi də gözlənilir. Bundan öncə isə, Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağa səfərinin reallaşması barədə məlumatlar artıq dəqiqləşdirilib. Minsk Qrupupunun rusiyalı həmsədri Yuri Merzlyakov səfər öncəsi verdiyi açıqlamada danışıqlar prosesində olan irəliləyişdən və bu irəliləyişin müsbət nəticələrə səbəb olduğundan danışıb. Minsk Qrupu həmsədrlərinin, həmçinin, budəfəki səfərləri zamanı "Madrid prinsipləri"nin yenilənmiş variantının tərəflərə təqdim olunacağı da bildirilib.
Əslində, Kişinyovda keçiriləcək görüşün bundan əvvəlki görüşdən daha konstruktiv keçəcəyi də bildirilmişdi. İyul ayında keçirilən son görüşdən ötən müddət ərzində tərəflərə öz mövqelərini uzlaşdırmaq və razılaşdırılmamış məsələlərdə razılığa gəlmək üçün vaxt verilmişdi. Bu müddət ərzində, Minsk Qrupunun göstərdiyi səy nəticəsində bu məsələlərdə irəliləyişlərin olduğunu qeyd etmək olar. Münaqişənin mərhələli həll planının həyata keçirilməsi üçün artıq bir sıra işlər görülmüşdür.
Danışıqlarda razılaşdırılmamış əsas məsələlər isə Dağlıq Qarabağın statusu məsələsi və Laçın dəhlizindən istifadə barədə fikir ayrılıqlarıdır ki, burada da Ermənistan tərəfinin göstərdiyi qeyri-konstruktiv mövqe danışıqların müsbət nəticələnməsi üçün münbit şəraitin yaranmasına imkan vermir. Azərbaycan tərəfi isə, əlbəttə ki, öz dəyişməz mövqeyində qalaraq Dağlıq Qarabağa ən yüksək muxtariyyətin verilməsi və Laçın dəhlizindən birgə istifadə ilə bağlı məsələlərin razılaşdırılmasını irəli sürür.
Ermənistanın da mövqeyinin yumşaldılması yolunda bəzi addımlar atıldığını qeyd etmək lazımdır. Bu məqsədlə artıq bir sıra dünya dövlətləri də Ermənistan rəhbərliyinə öz iradlarını bildirmiş, onu konstruktiv mövqe göstərməyə çağırmışlar. Bu sıradan ABŞ və Türkiyəni xüsusi qeyd etmək yerinə düşərdi. Belə ki, ABŞ-ın Dövlət Departamentinin rəhbəri Hillari Klinton Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin başçıları ilə görüşlərində onlara münaqişənin həlli ilə bağlı hər cür köməyi göstərməyə hazır olduğunu bildirib. Türkiyə dövləti isə Ermənistan dövləti ilə münasibətlərin normallaşdırılmasının yalnız Dağlıq Qarabağın işğaldan azad olacağı təqdirdə, mümkün olacağını bildirib. Bununla yanaşı, müxtəlif dövrlərdə Türkiyə Ermənistanı münaqişənin həllində qətiyyət göstərməyə çağırıb.
Əlbəttə, bütün bunlar Ermənistanın göstərdiyi mövqenin dəyişməsinə birbaşa təsir göstərməsə də Azərbaycanın apardığı haqq işinin daha böyük dəstəklər almasından xəbər verir.
Minsk Qrupunun həmsədr ölkələrinin də bu münaqişə ilə bağlı mövqelərində müəyyən dəyişikliyin olduğunu danışıqların gedişatına müsbət təsir göstərəcəyini bildirib. ABŞ və Rusiya dövlət başçıları bunu öz çıxışları zamanı da bildiriblər. Rusiya prezidentinin Azərbaycana səfər etməsi və burada aparılan danışıqlar zamanı göstərdiyi mövqe də bunu deməyə əsas verir. Həmsədr dövlətlərdən yalnız Fransanın mövqeyinin dəyişmədiyini qeyd etmək olar. Bunun da bəlli səbəbləri vardır.
Oktyabrın 8-9-da keçiriləcək görüşə gəldikdə isə burada əsas müzakirə mövzusunun "Madrid prinsipləri"nin yeniləşmiş variantının olacağı da ehtimal edilir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bu görüşdən bir gün sonra isə oktyabrın 10-da Türkiyədə Türkiyə və Ermənistan dövlətləri arasında protokolların imzalanması gözlənilir ki, bunun da dolayı yolla Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli olduğunu demək olar. Türkiyə tərəfinin sərhədlərin açılmasının yalnız münaqişənin həllindən sonra mümkün olacağını bildirməsi bunu deməyə əsas verir. Hətta Türkiyə tərəfi prezidentlərin Kişinyovda keçiriləcək görüşündan çox böyük gözləntilərini olduğunu bildirib.
Göründüyü kimi, Kişinyovda keçiriləcək görüşə maraq son dərəcə böyükdür.