MSK-nın mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə Komissiyanın 24 avqust tarixli iclasının protokolunun təsdiq olunması məsələsinə baxılmışdır. Mərkəzi Seçki Komissiyasının sədri bildirib ki, həmin iclasda Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamına uyğun olaraq aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi haqqında qərar qəbul olunub. Bu qərara uyğun olaraq əvvəlcə dairə seçki komissiyalarının sədrləri üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bazasında bu təhsil ocağı ilə birgə kurslar keçirilmiş, sonra isə DSK-ların üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün belə kurslar təşkil edilmişdi. Bu kursların aşağı seçki komissiyalarının peşəkarlıq səviyyəsinin artırılmasında əhəmiyyətli rol oynadığını vurğulayan sədr dövlətimizin başçısına minnətdarlığını bildirib. O, eyni zamanda, kursların təşkilində əməyi olan şəxslərə də təşəkkür edib. Sonra Mərkəzi Seçki Komissiyasının avqustun 24-də keçirilmiş iclasının protokolu təsdiq edilib.
Bəzi seçki dairələrinin adlarında dəyişiklik edilməsi və mövcud seçki dairələrinə aid müvafiq məlumatların təsdiq olunmasına dair məsələ barədə Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımova məlumat verərək qeyd edib ki, bəzi bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələr yaradılıb. Bununla əlaqədar bir sıra seçki dairələrinin və bələdiyyələrin adlarının, habelə dislokasiyalarının dəyişdirilməsi zərurəti yaranıb. Seçki Məcəlləsinin tələblərinə əsasən seçki dairələrinin yaradılması barədə tələblər yerinə yetirilərkən bələdiyyə qurumlarının sərhədlərinin kəsişməməsi zərurəti nəzərə alınmalıdır. Komissiya qərara alıb ki, 3 saylı Babək-Kəngərli seçki dairəsi müvafiq olaraq 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi, 78 saylı Lerik-Lənkəran seçki dairəsi isə 78 saylı Lerik seçki dairəsi adlandırılsın. Eyni zamanda, respublika üzrə mövcud seçki dairələrinə aid müvafiq məlumatların təsdiq edilərək, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilməklə və digər qanunauyğun vasitələrlə ictimailəşdirilməsi barədə qərar qəbul olunub. MSK bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər barədə də qərar qəbul edib. Komissiyanın iclasında cari məsələlərə də baxılıb.
İclasda ATƏT-in Bakı ofisinin, ABŞ və Böyük Britaniya səfirliklərinin, Beynəlxalq Respublikaçılar İnstitutunun (ABŞ), Milli Demokratiya İnstitutunun (ABŞ), Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.