Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi 1941-1945-ci il müharibəsində Qələbənin 65 illik yubileyinə həsr olunmuş bir sıra tədbirlər keçirəcək
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin təşəbbüsü ilə 1941-1945-ci il müharibəsində Qələbənin 65 illik yubileyinə həsr olunmuş bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Bununla bağlı sentyabrın 29-da baş konsul Qüdsi Osmanov Leninqrad vilayətinin Kirovsk bələdiyyəsi administrasiyasının rəhbəri Sergey Baranov və onun müavini Vera Platoşina ilə görüşmüşdür. Görüşdə Qələbənin 65 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlər müzakirə olunmuşdur. Həmçinin, baş konsul 2010-cu il yanvarın 18-də Leninqrad vilayətində gedən döyüşlərdə həlak olmuş azərbaycanlıların xatirəsinə həsr olunacaq lövhənin Kirovsk şəhərinin "Nevski pyataçok" guşəsində təntənəli açılışının keçirilməsini təklif etmişdir.
Q.Osmanov 1941-1945-ci il müharibəsində Qələbənin 65 illik yubileyi münasibətilə mayın 9-da keçiriləcək tədbirdə Kirovsk şəhərinin "Sinyavinskiye vısotı" rayonunda da digər xatirə lövhəsinin açılışını məqsədəuyğun hesab etdiyini bildirmişdir.
Leninqrad vilayətinin ərazisində vuruşmuş azərbaycanlıların siyahısı Kirovsk bələdiyyəsinin administrasiyası tərəfindən qısa müddətdə hazırlanacaqdır. Qeyd etmək lazımdır ki, xatirə lövhələri Leninqrad şəhərinin mühasirəsi zamanı qızğın döyüşlərin getdiyi yerlərdə qoyulacaqdır.
Görüşdə Kirovsk bələdiyyəsi administrasiyasının rəhbəri Sergey Baranov Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin təşəbbüsünü dəstəkləmiş və lazımi köməyin ediləcəyini vurğulamışdır.