PDF Oxu

Sosial

  • 6

Azərbaycan türk dünyasının mərkəzinə çevrilib

Azərbaycan türk dünyasının mərkəzinə çevrilib

Məlum olduğu kimi, oktyabrın 2-3-də Naxçıvanda türkdilli dövlətlərin ölkə başçılarının sammiti keçiriləcək. Bundan öncə isə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın parlament spikerlərinin Bakıda toplantısı keçirildi. Bu isə, Azərbaycanın inkişafından, beynəlxalq aləmdəki yüksək nüfuzundan və yürütdüyü doğru, məqsədyönlü siyasətindən irəli gəlir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu türkdilli ölkələrlə əməkdaşlıq siyasəti bu gün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Tahir Kərimli, "Vəhdət" partiyasının sədri:

- Belə bir tədbirin keçrilməsini mən çox yüksək qiymətləndirirəm. Birincisi, ona görə ki bu, sözügedən türk dövlətlərinin birliyinin ifadəsidir. İkincisi isə, Azərbaycan bu şərəfə layiq olub. Belə ki, Azərbaycan koordiniasiya mərkəzi rolunu oynayır. Həmçinin, bu tədbirin Naxçıvanda keçirilməsi çox önəmlidir. Çünki bildiyiniz kimi, Naxçıvan "Qars" müqaviləsinə görə, xüsusi statusa malik bir muxtar vilayətdir. Bir sözlə, bu tədbirin Naxçıvanda keçirilməsi çox mühümdür. Ona görə ki, Naxçıvan, bildiyimiz kimi, Türkiyə, İran və Ermənistanla həmsərhəddir. Bu, həm də türk dünyasının NMR-ə verdiyi bir önəmdir. Digər məsələ ondan ibarətdir ki, Azərbaycan Prezidentinin nüfuzu çox böyükdür ki, belə bir tədbiri keçirə bilib. Fikrimcə, Türkdilli Ölkələrin Parlament Asambleyasının Baş Katibliyi məhz Bakıda yarandı. Mən inanıram ki, bu, bəlkə də gələcəkdə, ilk dəfə olaraq, türkdilli ölkələrin başçılarının simasında Türkdilli Dövlətlər İttifaqının yaradılmasına yaşıl işıq yandırmış olacaq.
Azərbaycanın ordusu güclənir, ÜDM ilbəil artmaqdadır. Yəni ordumuz, iqtisadiyyatımız sürətlə inkişaf edir. Eləcə də respublikamızın beynəlxalq nəqliyyat qovşağında yerləşməsi və geostrateji cəhəddən üstünlüyü beynəlxaq aləmin, o cümlədən, türkdilli ölkələrin diqqət mərkəzindədir. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi bunu bir daha təsdiqləyir.

Elman Nəsirov, politoloq;

- Bildiyiniz kimi, ötən il noyabrın 21-də türkdilli ölkələrin PA-nın toplantısında belə qərara gəlindi ki, ilk sammit Bakı şəhərində keçirilsin. Belə bir tədbirin Bakıda keçirilməsi özü-özlüyündə türk dünyasının Azərbaycana verilən çox böyük bir əhəmiyyətdir. Bir sammitin harada keçirilməsi təsadüfi olmur. Bunun öz siyasi əhəmiyyəti var. Haqqında söhbət gedən tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan və Qırğızıstan da təmsil olunacaq. Dörd ölkə iştirak edir, artıq onların paytaxtımızda toplantısı keçirildi. Bundan başqa, Bakı bəyannaməsi də qəbul edilib. Türkdilli ölkələrin PA-nın mənzil-qərargahı da Bakıda yerləşəcək. Bu, bir daha onu sübut edir ki, Azərbaycan bütün türk dünyasının mərkəzi kimi nüfuz qazanmaqdadır. Bildiyiniz kimi, Bakı şəhəri 2009-cu il üçün İslam Dünyasının Paytaxtı elan olunub. Fikrimcə, türkdilli ölkələrin PA-nın samitinin ölkəmizdə keçirilməsi özü-özlüyündə Azərbaycanın türk dünyasının mərkəzi kimi qəbulu, bütövlükdə, müsəlman aləmindəki əhəmiyyətindən irəli gəlir. Hazırda dörd ölkə burada təmsil olunur. Ancaq qapılar digər türkdilli ölkələrə də açıqdır. Ümid edirik ki, Türkmənistan və Qazaxıstan da bu təşkilata qoşulacaq. Ümumiyyətlə, türk dünyasının ortaq problemlərinin həllində, ticarət əlaqələrinin inkişafında, siyasi əlaqlərin güclənməsində, beynəlxalq təşkilatlarda mövqelərinin birgə müdafiəsində, eyni zamanda, bu təşkilatın NATO, AB kimi güclü təşkilata çevrilməsində geniş imkanlar var. Artıq türkdilli ölkələr aralarında əlaqələri inkişaf etdirmək üçün vahid bir təşkilat çərçivəsində mövqe bildirmək və fəaliyyət göstərmək imkanı əldə edirlər ki, buna ancaq sevinmək lazımdır.
Azərbaycan yürütdüyü fəal siyasət nəticəsində böyük nüfuz qazanıb. Ölkəmizin artıq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzv olması kimi namizədliyinin irəli sürülməsi fikirləri yayılmaqdadır. Bu, xarici ölkələr, xüsusən, türkdilli ölkələr tərəfindən izlənilməkdədir. Artıq türkdilli dövlətlərin PA-nın mənzil-qərargahının Bakı şəhərində olması ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Qeyd etdiyim kimi, bu, respublikamızın inkişafından, beynəlxalq aləmindəki nüfuzundan irəli gəlir.

Digər xəbərlər