PDF Oxu

Sosial

  • 8

Sərhədlərin tezliklə açılması gözlənilmir

Sərhədlərin tezliklə açılması gözlənilmir
Türkiyə-Ermənistan sərhədlərinin açılması prosesi ilə bağlı son günlərdə baş verən hadisələr məsələnin yaxın vaxtlarda öz həllini tapacağına bir işarədir. Artıq iki ölkə arasında razılaşdırılmış protokolların oktyabr ayının 10-11-də İsveçrədə imzalanması nəzərdə tutulur. Bu imzalanma mərasimində Türkiyə və Ermənistan xarici işlər nazirləri ilə yanaşı, vasitəçi ölkə olan İsveçrənin də xarici işlər nazirinin iştirakı nəzərdə tutulur.
Bundan başqa, oktyabrın 10-da sənədlərin müzakirədən keçirilməsi üçün Türkiyə BMM-ə təqdim olunması da nəzərdə tutulur. Onların təsdiq olunması üçün isə parlamentdə səs çoxluğu ilə qəbul olunması vacibdir. Belə olmadığı təqdirdə, bu sənədlərin heç bir əhəmiyyəti qalmır. Sənədlərin parlamentə təqdim olunmasından bir müddət öncə isə, artıq Türkiyə xarici işlər naziri ölkə müxalifəti ilə bu sahədə məsləhətləşmələr aparmış və çox böyük ehtimalla onları bu sənədlərin parlamentdə müzakirəsi zamanı onun lehinə səs verməyə çağırmışdır. Əlbəttə, demokratik bir ölkədə iqtidar müxalifətə öz qərarını dəyişdirməkdə hansısa bir təzyiq göstərə bilməz. Lakin hər halda, iqtidar bu danışıqlarda müxalifətə müəyyən təsir göstərmək məqsədi güdür. Çünki protokollar barədə öz fikirlərini bildirən istər MHP, istərsə də CHP lideri bunu qəti etirazla qarşılamışlar. Partiyaların digər nümayəndələri də Türkiyə-Ermənistan sərhədlərinin məhz bu şərtlərlə açılmasının əleyhinə olduqlarını bildirmişlər.
Sərhədlərin açılması ilə bağlı baş verən proseslərdə digər bir mühüm cəhət də ondan ibarətdir ki, bu yaxınlarda Türkiyə və Ermənistan milli futbol komandalarının arasında keçiriləcək oyun da qarşılıqlı münasibətlərin normallaşdırılmasında mühüm rol oynaya bilər. Belə ki, ötən il bu komandaların Yerevanda keçirilən oyununda Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə Türkiyə prezidenti Abdullah Gül də tamaşaçı qismində işğalçı ölkəyə səfər etmişdi. Əlbəttə, buna cavab olaraq, Abdullah Gül də Türkiyədə keçiriləcək oyuna erməni liderini dəvət edib. Lakin Serj Sarkisyanın Türkiyəyə səfərinin heç də Abdullah Gülün Yerevana səfəri kimi asan rellaşmayacağı indidən özünü büruzə verir. Belə ki, Serj Sarkisyan bu barədə verdiyi açıqlamalarda müxtəlif mövqelər nümayiş etdirsə də, konkret cavab verməkdən boyun qaçırır. Onun gah gedirəm, gah getmirəm kimi açıqlamaları artıq Türkiyə rəsmilərinin qəzəbinə səbəb olmuşdur. Ermənistan prezidenti bu məsələyə münasibət bildirərkən, Türkiyəyə yalnız müəyyən şərtlər yerinə yetirildikdən sonra səfər edəcəyini bildirib. Bu şərtlərin içərisində sərhədlərin açılmasının da olması, onun siyasi təcrübəsinin azlığından və yeritdiyi siyasətin absurd xarakterli olmasından xəbər verir. S.Sarkisyanın bundan öncə də bu tipli siyasətinin şahidi olmuşuq. Belə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda da müxtəlif qeyri-konstruktiv mövqelər göstərməklə öz üzərinə düşən işdən boyun qaçırmaq niyyətində olmuşdur. İndi isə sərhədlərin açılmasında sanki buna tərəfdarmış, Türkiyə isə deyilmiş kimi mövqe göstərməkdədir. Əlbəttə, onun bu mövqeyi dünya praktikasında öz əhəmiyyətini itirmiş bir mövqedir. Bunu son çıxışları zamanı Türkiyə baş naziri də daha kobud şəkildə bildirərək "Ermənistan prezidentinin söylədikləri dünya praktikasında artıq çoxdan zibil qutusuna atılıb" deyə kəskin reaksiya vermişdir.
Göründüyü kimi, göstərilən faktlar da türklərin təbirincə desək, "erməni açılımı"nın heç də asanlıqla reallaşmayacağını göstərməkdədir. Burada digər bir səbəb də ondan ibarətdir ki, Türkiyə rəsmiləri verdikləri açıqlamalarda sərhədlərin açılmasının yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra mümkün olacağını bildirmişlər. Onlar öz siyasətlərində Azərbaycanın ziyanına olacaq bir addımı atmaqdan çəkindiklərini xüsusilə vurğulamışlar.

Digər xəbərlər