Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Komitəsinin 59-cu sessiyası keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata istinadən, Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Komitəsinin 59-cu sessiyası keçirilmişdir. Keçirilən tədbirdə 53 Avropa dövlətinin və bir sıra nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdir.
Sessiyanın gündəliyinə əsasən, ilk öncə, sessiya iştirakçıları tərəfindən ÜST Avropa üzrə Regional Direktorun məruzəsi və Avropa üzrə Daimi Komitənin 16-cı çağırışının hesabatı dinlənilmişdir. Daha sonra səlahiyyətli nümayəndələrin seçilməsi, Ümumdünya Səhiyyə Assambleyasının və İcraiyyə Komitəsinin qətnamələrinin müzakirəsi, ÜST Avropa Regional Direktoru vəzifəsinə seçkilər, ÜST orqan və komitələrində üzvlük məsələləri müzakirə edilmişdir. Həmçinin, toplantıda qlobal maliyyə böhranı şəraitində səhiyyə sistemlərinin möhkəmləndirilməsi və regional büronun qarşısında duran məsələlər, H1N1 Pandemiyasına qarşı mübarizə tədbirləri də müzakirəyə çıxarılmışdır.
Sessiyasının əsas məsələlərindən biri - Avropa Regional Direktoru vəzifəsinə seçkilər gərgin şəraitdə keçmiş və sonda 21 səsə qarşı 32 səslə Macarıstan Respublikasının namizədi Dr. Suzanna Yakabın qələbəsi ilə başa çatmışdır.
ÜST Avropa üzrə Regional Komitəsinin sessiyalarının yaxın illərdə keçiriləcəyi yerlər əsaslı müzakirə edilmişdir. Qeyd olunmalıdır ki, komitənin sessiyalarının ənənəvi olaraq iki ildən bir Kopenhagendə keçirilməsi nəzərdə tutulsa da, sessiya üzv ölkənin təklifi əsasında digər ölkələrin də etirazı olmadıqda üzv ölkələrdən birində də keçirilə bilər.
Bir sıra dövlətlərlə yanaşı, Azərbaycan hökuməti də bu sessiyalardan birinə ev sahibliyi etməsi haqqında ÜST-ə müraciət etmişdir.
Tədbirdə son illərdə Azərbaycan səhiyyəsində baş verən müsbət dəyişikliklər, səhiyyənin inkişaf etdirilməsi məsələsinin dövlətin prioritet inkişaf strategiyalarından olması, tibb sahəsində həyata keçirilən uğurlu islahatlar barədə ətraflı hesabat dinlənilmişdir. Katiblik hesabatı dinlənildikdən sonra ölkəmizin beynəlxalq təşkilatlar arasında nüfuzunun durmadan artdığını da nəzərə alaraq, Azərbaycana üstünlük vermiş və ölkəmizin müraciətini qəbul etmişdir. Komitənin 16 sentyabr 2009-cu il tarixli, EUR/RC59/R6 nömrəli Qətnaməsinin 2-ci paraqrafına uyğun olaraq, ÜST-in Avropa üzrə Regional Komitəsinin 61-ci Sessiyasının 12-15 sentyabr 2011-ci il tarixində Bakıda keçirilməsi haqqında qərar qəbul edilmişdir.
Bununla yanaşı, ÜST Avropa üzrə Regional Komitənin Qayda və Proseduralarının 14-cü maddəsinə uyğun olaraq, eləcə də Daimi Komitəyə daxil olan digər üzv ölkələrdən alınmış konsensusa əsasən, Azərbaycan, İsveç və Ukrayna 2009-2012-ci illər müddətinə Daimi Komitəsinə üzv seçilmişdir.
Qeyd edək ki, Kopenhagendə sessiya ərəfəsində bir sıra rəsmi görüşlər keçirilmişdir. Sessiyanın ilk günündə Azərbaycan səhiyyə naziri O.Şirəliyev Avropa Regionu üzrə Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi və ÜST Avropa Regionu Direktoru vəzifəsinə namizəd Dr. Suzanna Yakab ilə, ÜST baş direktoru Dr. Marqaret Çan ilə görüşlər keçirmişdir. Görüşdə Dr. Marqaret Çan Azərbaycana səfərinin təəssüratlarından, ölkəmizdə səhiyyə proqramlarının uğurla həyata keçirilməsindən danışmış, ölkəmizdə səhiyyə və sosial sahələrdə aparılan islahat və irimiqyaslı layihələrin həyata keçirilməsində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevaya öz səmimi salamlarının çatdırılmasını xahiş etmişdir.
Vaksinasiya və İmmunizasiyalar üzrə Qlobal Alyansın (GAVI) İdarə Heyəti ilə keçirilən görüşdə Azərbaycan tərəfi çıxış edərək, bildirmişdir ki, nazirlik 2000-ci ildən Vaksin və İmmunlaşdırma üzrə Qlobal Alyansla əməkdaşlıq edir. Alyansın köməyi ilə Milli peyvənd təqviminə B Hepatitinə qarşı vaksin də əlavə edilmişdir. Bildirilmişdir ki, əgər 2006-cı ilə qədər respublikaya lazım olan vaksinlər 100% həcmində GAVI tərəfindən təmin edilirdisə, sonralar ilbəil bu nisbət faizi azalmış və artıq 2008-ci ildən immunizasiya üçün tələb olunan B Hepatitinə qarşı vaksinlər bütövlükdə ölkəmiz tərəfindən alınmağa başlanmışdır. Məhz həmin ildə Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi, ilkin səhiyyə sistemi üçün mütəxəssislərin hazırlanması, statistika və immunizasiya işinin təkmilləşdirilməsi üçün GAVI tərəfindən 1 mln. ABŞ dolları məbləğində tranş ayrılmışdır.