PDF Oxu

Sosial

  • 11

Dostluğun və oxşar taleyin nişanəsi

Dostluğun və oxşar taleyin nişanəsi
Dünən Azərbaycan Yazıçılar Birliyində 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadənin "Ömür yolu" adlı iki kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru, şair Səlim Babullaoğlu tədbirin keçirilmə məqsədini qonaqlara açıqladı. O, bidirdi ki, hər iki kitab Ü.Bünyadzadənin 40 illik yubileyi münasibəti ilə hazırlanıb. Kitabın hazırlanmasında iştirak edən şəxslər barədə danışarkən, o bildirdi ki, kitab Tbilisidə Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun dəstəyi və PenGUAM təşkilatı ilə əməkdaşlıq çərçivəsində nəşr olunub. Kitabın nəşr olunmasında parlament dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayevanın da köməkliyi olmuşdur. S.Babullaoğlunun sözlərinə görə, kitabın çap olunmasında Yazıçılar Birliyinin də xüsusi rolu olub. Kitabın "Qafqaz evi" tərəfindən nəşr olunduğunu deyən S.Babullaoğlu vurğulayıb ki, kitabın biri 5 dildə - rus, türk, ingilis, gürcü və Azərbaycan dillərində nəşr olunub.
Kitab parlament dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayevanın "Dostluğun və oxşar taleyin nişanəsi" adlı həm 20 Yanvar hadisələrindən, həm də xalqımızın yaxın və keşməkeşli tarixindən bəhs edən müfəssəl giriş yazısı ilə açılır. Sonra oxucular unudulmaz şairimizin irsinin qoruyucusu və bibisi, filoloq Almaz Ülvinin "Mənim Ülvi dünyam" başlıqlı yazısı ilə tanış olurlar və ən nəhayət, Ülvinin "Ömür yolu" poemasının istedadlı, ağrılı sətirləri ilə tanış olmaq olar. Azərbaycan və gürcü dillərində təqdim olunan bütün materialların arasında Ülvinin məşhur "And"ı da yer alıb. "Qafqaz Evi" tərəfindən nəşr olunan kitabın tərcüməçisi, gənc tərcüməçi Oqtay Kazımov, redaktoru tanınmış gürcü şairi Şota İataşvili, məsləhətçisi "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru, PenGUAM təşkilatının icraçı direktoru Səlim Babullaoğlu, rəssamı Kote Sulaberidzedir.
Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva öz çıxışında bu kitabın əhəmiyyətindən danışaraq, onun belə bir vaxtda təqdim olunmasının heç də təsadüfi olmadığını bildirdi. Belə ki, sentyabrın 23-də Ülvinin doğum gününün olduğunu nəzərə çatdıran Q.Paşayeva unudulmaz şairimizin 40 illiyi ərəfəsində çap olunan kitabın senyabrın 19-da "Qafqaz Evin"də gürcü yazıçıları arasında ilkin təqdimatı və müzakirəsinin keçirildiyini də bildirdi. Ü.Bunyadzadənin ölümündən əvvəl yazdığı andı xüsusi vurğulayan millət vəkili söyləyib ki, 20 yaşlı gəncin bu cür and şeiri yazması gənclərə bir nümunədir. Qeyd etmək yerinə düşər ki, millət vəkili Qənirə Paşayevanın giriş yazısı hər iki xalqın oxşar taleyindən, minərlə günahsız qurban verdiklərindən danışmaqla yanaşı, 20 Yanvar hadisələri ilə bağlı arxiv fotoşəkillərindən istifadə olunaraq, təqdim edilmişdir ki, bu da kitabı təkcə bədii fakt kimi deyil, həm tariximizlə bağlı vacib sənəd kimi də aktual edir.
İkinci kitab da Ülvi Bünyadzadənin 40 illiyi ərəfəsində hazırlanıb və Ülvinin "Ömür yolu" poeması ingilis, rus, Türkiyə türkcəsi və gürcü dillərinə tərcümə edilərək kitaba daxil olunub. Tərcümələr "Dünya ədəbiyyatı" dərgisi və Azərbaycan Yazıçılar Birliyinin tərcümə seksiyasının sifarişi ilə gerçəkləşdirilib. Rus dilinə tərcümə görkəmli tərcüməçimiz Siyavuş Məmmədzadə, ingilis dilinə tərcümə istedadlı tərcüməçi Sevil Gültən, Türkiyə türkcəsinə isə "Kardeş kalemler" dərgisinin əməkdaşı, yazar-tərcüməçi İmdat Avşar, gürcü dilinə isə Oqtay Kazımov ediblər. Kitab Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə çap olunub. "Mütərcim" nəşriyyatında 300 tirajla çap olunan kitabda Almaz Ülvinin "Ölümün acığına" adlı məqaləsi də yer alıb. "Dünya ədəbiyyatı" dərgisinin kitab seriyasından olan kitabın baş redaktoru şair Səlim Babullaoğludur.
"Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru Səlim Babullaoğlu bu il ərzində də Ülvi ilə bağlı nəşrləri davam etdirməyi düşündüklərini bildirdi. Qeyd edək ki, Ülvinin poemasının rus variantının fraqmentləri, yəqin ki, yaxın zamanlarda işıq üzü görən rus dilində Azərbaycan poeziyası antologiyasında yer alacaq. Habelə, İstanbulda nəşr olunan "Kardeş kalemler" dərgisi üzümüzə gələn ilin yanvar ayı sayında Ülvinin əsərinin türkcə variantını nəşr edəcəkdir. Rusiyanın "Novaya Yunost" jurnalı ilə də əsərin nəşri ilə bağlı yazışmalar gedir.
Təqdimat mərasimində çıxış edən Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov kitablar və Ü.Bünyadzadənin qələmi haqqında öz fikir və düşüncələrini söyləyib.
Tədbirdə şəhidin bibisi, filoloq Almaz Ülvi, Yazıçılar Birliyinin katibi Rəşad Məcid və digərləri də çıxış ediblər.

Digər xəbərlər