İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Serageldinə fəxri doktor diplomu təqdim olunub
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda Misir Ərəb Respublikasının İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Serageldinə bu elmi qurumun fəxri doktoru diplomu təqdim olunub.
İnstitut Elmi Şurasının bu münasibətlə keçirilən iclasında Azərbaycan-Misir Parlament Dostluq Qrupunun rəhbəri, Milli Məclisin deputatı Miri Qənbərov, qrupun üzvü deputat Qənirə Paşayeva, AMEA-nın vitse-prezidenti akademik Nailə Vəlixanlı, Misirin Azərbaycandakı səfiri Sabir Əbdülqədir Mənsur iştirak ediblər. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov doktor İsmayıl Serageldini salamlayaraq, Azərbaycan-Misir münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini xatırlatmış, əlaqələrin möhkəmlənməsində dövlət başçılarının rolunu vurğulayıb. Qonağın bioqrafiyasından söz açan Y.Mahmudov qeydedib ki, o, Qahirə Universitetində bakalavr, Harvard Universitetində magistr diplomları almış, sonuncu təhsil ocağında doktorluq müdafiə etmişdir. İsgəndəriyyə Kitabxanasının direktoru, Misir Prezidentinin bu kitabxana üzrə xüsusi nümayəndəsi, müvafiq 7 elmi araşdırma institutunun və 3 muzeyin rəhbəri, Misir Milli Məclisinin senatoru, Afrika Biotexnologiya Panelinin həmsədri, BMT baş katibinin Sivilizasiyalar Alyansı Ali Qrupunun üzvü, Dünya Bankının xüsusi məsləhətçisi (1992-2000-ci illərdə birinci vitse-prezidenti), XXI əsr Dünya Su Komissiyasının rəhbəri, Misir Mədəniyyət Şurasının xüsusi nümayəndəsidir. Dünyanın müxtəlif ölkələrinin 21 universitetinin fəxri doktoru, İnkişaf Etməkdə Olan Ölkələrin Elmlər Akademiyasının (İtaliya) vitse-prezidenti, 10-dan artıq akademiyanın üzvü, 60-a yaxın kitabın, 200-dən çox məqalənin müəllifidir. Yaqub Mahmudov institut Elmi Şurasının 2009-cu il 11 sentyabr tarixli qərarını səsləndirmiş və fəxri doktor diplomunu İsmayıl Serageldinə təqdim etmişdir. Qonağa rəhbərlik etdiyi kitabxanada saxlanmaq üçün Qarabağın tarixinə dair 6 dildə çap edilmiş monoqrafiya, Azərbaycan və ingilis dillərində Naxçıvan tarixi, Azərbaycana aid Britaniya arxivindən götürülmüş sənədlər, Ermənistan ərazisində hökumətin qərarı ilə dəyişdirilmiş Azərbaycan yer adları kitabları da verilmişdir. Doktor İ.Serageldin qeyd edib ki, Azərbaycan qısa müddətdə demokratik dövlət qurmuş, lakin işğala məruz qalmışdır. Belə bir şəraitdə tarixini yaradır. AMEA-nın Tarix İnstitutu həqiqətin bağçasıdır. O, əmin olduğunu bildirib ki, təqdim olunan kitablarda həqiqət əks olunmuşdur. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün internetin və rəhbərlik etdiyi kitabxananın imkanlarından səmərəli istifadə edəcəyini vurğulayıb. Qonaq öz ölkəsi ilə Azərbaycan arasındakı əlaqələrin əhəmiyyətini vurğulamış, yüksək ad üçün təşəkkür etmişdir. Yaqub Mahmudov məlumat vermişdir ki, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu ilə Misir Ərəb Respublikası İskəndəriyyə Kitabxanası arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanması nəzərdə tutulur.