I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına start verildi
Dünən I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə baş nazirin müavini, xalq yazıçısı, dramaturq Elçin Əfəndiyev açaraq, ilk dəfə olaraq, Azərbaycanda belə yüksək səviyyəli sərgi-yarmarkanın keçirildiyini bildirdi. Belə bir tədbirin keçirilməsini kitaba olan məhəbbət kimi qiymətləndirən Elçin Əfəndiyev uzun illər Azərbaycanda elmə, kitaba Azərbaycan oxucularının böyük məhəbbəti olduğunu nəzərə çatdırdı: "Ümummilli liderimiz Heydər Əliyev kitaba hər zaman böyük məhəbbətlə yanaşdığından Azərbaycan xalqında kitaba böyük sevgi hissini yarada bilmişdir. Bu gün də həmin sevgi, məhəbbət hissi Prezident İlham Əliyev cənabları tərəfindən hiss olunmaqdadır. Qısa bir zaman kəsiyində Azərbaycanda kitaba məhəbbət xüsusi olaraq artmışdır. Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı əsasında 400 adda klassik kitab nümunələri latın qrafikası ilə çap olunaraq, oxucuların ixtiyarına verilmişdir. 10 mindən artıq tirajla nəşr olunan bu kitablar pulsuz olaraq paylanılmışdır. 150 cildlik Azərbaycan dünya ədəbiyyatı kitabxanası nəşrə başlamışdır. Bir sıra ensiklopediyaların nəşri də bu sırada olan kitablardandır".
Elçin Əfəndiyev kitaba olan diqqətin bir qolunun inkişafını da təkcə Azərbaycan dilində deyil, müxtəlif dillərdə rus, ingilis, fars, türk və s. dillərdə çap olunan kitabların nəşrində özünü büruzə verdiyini vurğuladı. "Kitab insanlığın, bəşəriyyətin əldə etdiyi ən böyük kəşflərdəndir" - deyən nazir müavini kitabın hər zaman əbədiyyəti qoruyub saxladığını da iştirakçıların nəzərinə çatdırdı.
Elçin Əfəndiyev Azərbaycan ərazisinin 20 faizinin erməni təcavüzkarları tərəfindən işğal olunduğunu, eyni zamanda, 1 milyondan artıq ölkə ərazisində qaçqın və köçkünün yaşadığını qeyd etdi: "Belə bir zamanda, kitab bayramını təşkil etmək kitaba olan məhəbbətdən irəli gəlir. Dövlət qayğısı kitaba olan diqqətin təzahürüdür. Odur ki, belə bir möhtəşəm tədbir də məhz beynəlxalq bir səviyyədə Azərbaycanda təşkil olunmuşdur. Böyük fəxarət hissi ilə I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışını elan edirəm və uğurlar arzulayıram. Arzum budur ki, bu sərgi kitaba məhəbbəti daha da artırsın və nəşrləri davamlı etsin".
Sərgi-Yarmarkanın açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək, ilk öncə, millət vəkillərini, səfirləri, kitabsevərləri salamlayıb, ölkəmizdə birinci dəfə keçirilən belə möhtəşəm bir tədbirin baş tutması münasibətilə bütün iştirakçıları təbrik etdi: "Bildiyiniz kimi, 2009-cu il Bakı İslam Mədəniyyətinin Paytaxtı ili elan olunub. Bu çərçivədə bir sıra mədəniyyət hadisələri baş verib. Həmin layihənin davamı olaraq, bu gün yeni bir mədəniyyət hadisəsini yaşayırıq. Son 4 ildə çap evlərində, nəşriyyatlarda nəşr olunan əsərlər 20-dən artıq ölkəyə təqdim olunaraq Azərbaycanı təmsil etmişdir. Bu da Azərbaycanda nəşriyyat işinin yüksək səviyyədə olduğunu təsdiqləyən bir faktdır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə müxtəlif adlarda çap olunan kitablar da dünyanın bir çox ölkələrində nümayiş etdirilir. Çox əlamətdar haldır ki, sərgi-yarmarkada 20 ölkəni təmsil edən 30 nəşriyyat, Azərbaycandan isə 60 nəşriyyat iştirak edir". Son illər Azərbaycan Respublikasında kitab nəşri və poliqrafiya məhsullarının istehsalı sahəsində böyük işlər görülmüş, dövlət tərəfindən bu sahənin inkişafına təkan verən işgüzar şərait yaradılmışdır. Prezident İlham Əliyevin sərəncamı ilə 2004-cü ildən başlayaraq kiril əlifbasında çap edilmiş ədəbi, elmi əsərlər latın qrafikasında kütləvi tirajla nəşr edilmiş, təmənnasız olaraq dövlət kitabxanalarında yerləşdirilmişdir. Azərbaycanda nəşr olunan bədii-poliqrafik baxımdan əhəmiyyətli kitablar dünyanın məşhur beynəlxalq kitab sərgilərində nümayiş etdirilməkdədir. Azərbaycanda kitab nəşri və poliqrafiyanın daha da inkişaf etdirilməsi, nəşr olunmuş gərəkli çap məhsullarına kütləvi marağın təmin edilməsi, xarici ölkələrin nəşriyyatları ilə əlaqələrin qurulması, kitab mübadiləsi, ölkə nəşriyyatlarının satış və təbliğat imkanlarının genişlənməsi Azərbaycanda da beynəlxalq kitab sərgi-yarmarkalarının keçirilməsini zərurətə çevirmişdir.
Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası gün ərizində maraqlı proqram əsasında davam etdirildi. Təntənəli açılış mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə nəşr edilmiş kitabların təqdimatı seçirildi. Daha sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Ustad sənətkarlar" seriyasından xalq yazıçısı İsa Muğannanın 6 cildlik seçilmiş əsərlərinin təqdimatı oldu.
Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" ədəbi mükafatının laureatları ilə görüşdə sərgi-yarmarkanın birinci günündə təşkil olunmuşdu.