PDF Oxu

Sosial

  • 13

SƏRHƏDLƏRİN AÇILMASI REAL GÖRÜNMÜR

SƏRHƏDLƏRİN AÇILMASI REAL GÖRÜNMÜR

Yenidən Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi gündəmə gətirilib. Hətta iki ölkə arasında razılaşma protokolu imzalanıb. Amma Türkiyənin hakim dairələri yayılan məlumatları təkzib edirlər. İstər Prezident, istər Baş nazir və digər rəsmi şəxslər Azərbaycanın maraqlarına zidd  addım atmayacaqlarını bəyan edirlər. Söhbət etdiyimiz Azərbaycanın millət vəkilləri, siyasi partiya yetkililəri də Türkiyənin Azərbaycanı üzəcək addım atacağının real görünmədiyini söylədilər.

"Türkiyə heç bir zaman Azərbaycanın milli maraqlarını zərbə altına qoymayacaq"

Millət vəkili Azay Quliyev:
 
- Ermənistan - Türkiyə sərhədlərinin açılması indiki məqamda mümkün deyil. Ancaq Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını boşaltmalı və Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Əgər deyilənlər reallaşarsa, onda həm Azərbaycan, həm də Türkiyə Ermənistanla münasibətlərin normallaşmasına səy göstərə bilər. Protokolun imzalanması haqqında ilkin razılaşmanın əldə olunması isə prosesi daha da sürətləndirdi. Orada da qeyd olunduğu kimi, protokolda yer alan məsələlər 6 həftədən sonra hər iki ölkə parlamentində müzakirəyə çıxardılacaq və qəbul olunacağı halda, sərhədlər açılacaq. Buna qədər müəyyən görüşlər keçiriləcək və müzakirələr aparılacaq.
Burada bizim üçün əsas məsələ Azərbaycanın maraqlarına zidd addımın atılmamasıdır. Türkiyə heç bir zaman Azərbaycanın milli maraqlarını ayaqlar altına atmayacaq. Bunu Ermənistan və bütövlükdə ermənilər bilirlər. Bu gün hər hansı bir qarşılığı olmadan ermənilərə qarşı bu jestin edilməsinə birmənalı yanaşa bilmərik. Heç kim deyə bilməz ki, sərhədlər açılandan sonra ermənilər konstruktiv müstəvidən çıxış edəcəklər və işğal etdikləri torpaqları boşaldacaqlar. Düşünmürəm ki, sərhədlərin şərtsiz açılması Ermənistanın mövqeyini yumşaldacaq və işğalçı siyasətindən çəkinməyə sövq edəcək. Azərbaycan və Türkiyə tərəfindən 17 ildən artıqdır ki, həyata keçirilən siyasət heç nə olmamış kimi sona yetər və ermənilərlə diplomatik münasibətlər qurularsa, bu, Ermənistanın iqtisadiyyatının inkişafa qədəm qoymasına və beynəlxalq təcriddən azad olunmasına səbəb olar. Fikrimcə, bunlar aparılan siyasətə uğurlu əlavə olmaz.

"Ermənilər Azərbaycanda yaşadıqları kimi, dünyanın heç bir yerində yaşamayıblar"

Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə:

- Əgər Ermənistan - Türkiyə sərhədlərinin açılması Türkiyənin mənafeyinə uyğundursa, bunu edə bilər. Amma indiyə qədər sərhədlərin bağlı olmasının minnətini Azərbaycanın üzərinə qoymasınlar. Türkiyənin Ermənistanla münasibətlərinin pis olmasının səbəbi Azərbaycan deyil. Ermənilər Azərbaycanda yaşadıqları kimi, dünyanın heç bir yerində yaşamayıblar. Bununla belə, öz düşmənçiliklərini də Azərbaycan xalqına qarşı heç vaxt kənara qoymayıblar. Ermənilər anadan olandan öz uşaqlarını hamıya qarşı iddialı böyüdürlər. İddialar tək Azərbaycana və yaxud Türkiyəyə qarşı deyil. Qonşu Gürcüstana qarşı da onların ərazi iddiaları, ümumiyyətlə, üç dəniz arasında "böyük Ermənistan" yaratmaq xülyası var. Onun Rusiyanın təsir dairəsindən necə çıxacağına gəldikdə isə, oradakı müəssisələrin 90 faizdən çoxu Rusiyanın mülkiyyətindədir. Ermənistandakı atom-elektirik stansiyası Rusiya olmadan işləyə bilməz. Bu isə Ermənistanın tamamilə məhv olması deməkdir. Ermənilər ona görə də 100 illərdir ki, rusların ətəyindən yapışıblar. Rusiya onları bəslədir və himayə edir. Heç bir dövlət öz marağı olmadan digər dövlətə yardım etməz.

- Araz bəy, ümumi fikir ondan ibarətdir ki, sərhədlər açılarsa, bu, Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni imkanlar açacaq? Bu barədə nə deyə bilərsiniz?

- Dağlıq Qarabağ münaqişəsi Türkiyə-Ermənistan və Rusiya-Ermənistan münasibətlərindən asılı deyil. Bugünkü Ermənistan rəhbərliyi Qarabağ davası üzərindən hakimiyyətə gəliblər və onlar Dağlıq Qarabağ klanının nümayəndələridir. Bu baxımdan, deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə işğaldan azad etməyəcəklər. Ona görə münaqişənin həlli Ermənistan-Türkiyə sərhədlərinin açılmasından asılı deyil. Sərhədlər bağlı olduğu bir vaxtda Türkiyə-Ermənistan arasındakı ticarət mübadiləsinin həcmi 250 milyon dollardır.
 
"Erməni işğalçıları torpaqlarımızı azad etmədən Ermənistan-Türkiyə sərhədlərinin açılması düzgün olmazdı"

"Azərbaycan Naminə İctimai Forum"un prezidenti Eldar Namazov:

- Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapması, bir ayın və ya bir günün işi deyil. Məncə, Azərbaycan üçün əsas məsələ bu prosesi daim diqqət mərkəzində saxlamaq və bütün şübhələrimizi türk qardaşlarımızla bölüşməkdən ibarətdir. Eyni zamanda, düşünürəm ki, bu prosesdə Türkiyənin atdığı addımlara qarşı sərt mövqe nümayiş etdirmək uğurlu olmaz. Əgər Türkiyə bu məsələdə özünün və Azərbaycanın maraqlarının qorunacağına inanırsa, bu addımları ata bilər. Əgər bu gözləntilər özünü doğrultmazsa, Türkiyə üçün bu prosesi dayandırmaq imkanları da tükənməyib. Hələ bu məsələ Türkiyə parlamentində müzakirə olunacaq və ölkə siyasətçilərinin, ictimaiyyətin diqqət mərkəzində olacaq. Azərbaycan ictimayyətində bu məsələyə müxtəlif yanaşmalar var. Hamını birləşdirən ümumi mövqe ondan ibarətdir ki, Dağlıq Qarabağ problemində ciddi irəliləyiş olmadan və erməni işğalçıları torpaqlarımızı azad etmədən Ermənistan-Türkiyə sərhədlərinin açılması düzgün olmazdı. Bu baxımdan, qeyd etdiyim ümumi mövqenin içərisində fikir ayrılıqları da var. Kimisi prosesin ümumiyyətlə başlamamasını, kimisi isə bunun prosesin nəticələrindən asılı olduğunu bildirir.

Digər xəbərlər