PDF Oxu

Sosial

  • 13

Azərbaycanın strateji enerji siyasəti son 15 ildə

Azərbaycanın strateji enerji siyasəti son 15 ildə
Son illər Avrasiya materikində baş vermiş mühüm geosiyasi və geoiqtisadi hadisələr Qərbin ölkəmizlə yüksək səviyyəli əlaqələr saxlamasına əsas verir. Zəngin karbohidrogen yataqlarına malik olması, əlverişli strateji mövqeyi və Qərb dəyərlərini paylaşması Azərbaycanın Qərb ölkələrinin diqqət mərkəzində qalmasına şərait yaradır. Təsadüfi deyil ki, Qərbin nüfuzlu strateji araşdırma mərkəzləri Azərbaycanı Qərb ilə Şərq arasında enerji dialoqunda vacib rol oynayan ölkə kimi qiymətləndirirlər.
Xəzər hövzəsi regionunun dünya üçün mühüm karbohidrogen mənbəyi olması Qərbin diqqətindən yayınmır. Bu gün Qərb alternativ enerji dəhlizlərinin yaradılmasında maraqlıdır və Azərbaycan neft və qazının Qərbə daşınmasını dəstəkləməklə belə bir dəhlizin reallaşmasının nə qədər vacib olduğunu nümayiş etdirir.
Qərb analitikləri qeyd edirlər ki, Xəzər hövzəsində böyük neft şirkətlərilə ən yüksək əməkdaşlıq əlaqələri yaradan ölkə Azərbaycandır və Qərbin enerji daşıyıcılarının istismar edilməsində Azərbaycanla əməkdaşlıq etməsi yüksək qiymətləndirilir.
Belə bir yüksək əməkdaşlıq əlaqələrinin yaranmasında Azərbaycan tərəfi böyük rol oymayıb. Məhz Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb.
Azərbaycanın Qərblə iqtisadi və strateji əməkdaşlığının möhkəmlənməsində neft-qaz amilinin böyük rolu var. Məhz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında göstərdiyi fəaliyyətə görə ölkəmizin Qərbdə etibarlı müttəfiq imicini yaradıb.
Neft respublikamızın ən zəngin təbii sərvətidir və onun ölkə iqtisadiyyatının inkişafında əvəzsiz rolu vardır. Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan böyük neft strategiyası 1994-cü ilin sentyabrında 15 dövlətdən 33 şirkətin iştirakı ilə imzalanan "Əsrin müqaviləsi"nin reallaşması üçün labüd şərait yaratdı. Bu, Azərbaycan Respublikasının imza atdığı ilk beynəlxalq neft anlaşması idi və ilk gündən adı, tarixi önəmi və gələcəyə hesablanmış strateji mahiyyəti ilə müstəqillik salnaməmizdə ən layiqli yerini tutdu.
Ötən dövrdə Heydər Əliyevin bilavasitə iştirakı ilə Bakıda, həmçinin dünyanın ən iri paytaxtları olan Vaşinqton, Moskva, London, Parisin möhtəşəm saraylarında xarici ölkələrin neft şirkətləri ilə 21 neft sazişi imzalanıb. Bu gün həmin sazişlərin həyata keçirilməsində dünyanın 14 ölkəsinin 30 neft şirkəti iştirak edir.
Bu sazişlərdə Azərbaycanın neft-qaz sənayesinə təxminən 60 milyard ABŞ dolları həcmində sərmayə qoyuluşu nəzərdə tutulub ki, bunun da əksər hissəsi artıq ölkəmizə investisiya şəklində qoyulub.
Hazırda Azərbaycan Respublikasının karbohidrogen ehtiyatları, bütün kateqoriyaları üzrə 4 milyard tondan çoxdur ki, bu da ölkəmizin dünyanın ən iri neft regionları sırasında olduğunu göstərir.
1999-cu il aprelin 17-də müstəqil Azərbaycanın tarixində fövqəladə əhəmiyyətli daha bir hadisə baş verdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Ukrayna Prezidenti Leonid Kuçmanın iştırakı ilə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi.
"Çıraq" yatağından hasil olunan neftin Supsa limanından dünya bazarlarına ixracına başlandı və beləliklə, bir əsrə yaxın fasilədən sonra ilk dəfə olaraq Azərbaycan nefti şimala yox, qərbə istiqamət götürdü.
Bu gün "Əsrin müqaviləsi"nin imzalanmasından 15 ilə yaxın vaxt ötür. Bu, tarix üçün çox kiçik zaman kəsiyi olsa da, Azərbaycan dövlətinin iqtisadi inkişafı və beynəlxalq nüfuzunun artırılması baxımından mühüm hadisələrlə yaddaşlara həkk olunub.
Ulu öndər Heydər Əliyevin adını daşıyan BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir. Məhz belə layihələrin həyata keçirilməsi, ölkə daxilində də infrastruktur sahələrin təkmilləşdirilməsi zərurəti yaratmışdır.
Bu gün infrastruktur layihələrinə dövlət büdcəsindən ayırmaların ilbəil yüksək templə artması Heydər Əliyev iqtisadi strategiyasının uğurla davam etdirilməsini və dövlət başçısı cənab İlham Əliyevin bu məsələyə necə böyük həssaslıqla yanaşdığını sübut edən bir göstəricidir.
Əgər 2006-cı ilin dövlət büdcəsində investisiya layihələrinin maliyyələşdirilməsinə 600 milyon manat ayrılmışdırsa, 2007-ci ildə bu rəqəm 1,5 milyard manat, 2008-ci ildə isə infrastruktur layihələrin həyata keçirilməsi 3 milyard manat təşkil etmişdir ki, bu da Azərbaycan hökumətinin bu sahədə yeniləşməyə xüsusi diqqət yetirdiyini sübut edir. Ötən il üçün ayrılmış vəsait regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş məqsədlərin gerçəkləşdirilməsınə, ilk növbədə, infrastrukturun yeniləşdirilməsinə yönəldilib.
Ölkədə genişmiqyaslı tikinti-abadlıq, sosial-mədəni quruculuq işlərinin həyata keçirilməsi, yolların abadlaşdırılması, eyni zamanda, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi məqsədilə yeni körpülərin, yolayrıcılarının, yeraltı keçidlərin tıkintısi, mədəniyyət və incəsənət abidələrınin bərpası, yeni məktəblərin, səhiyyə ocaqlarının inşası və dıgər mühüm tədbirlər məhz investisiya xərclərinin artırılması sayəsində mümkün olmuşdur. Bütün bunlar da, ilk növbədə, ölkə vətəndaşlarının firavan yaşayışına xidmət edir.
Son illər həyata keçirilən davamlı uğurlu iqtisadi islahatlar və düşünülmüş xarici siyasət bu nəticəyə gəlməyə əsas verir ki, "Üç dənizin əfsanəsi" adlanan BTC neft və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəmərləri kimi, Qars-Tbilisi-Bakı dəmir yolu və digər layihələr də tezliklə reallaşaraq Azərbaycanın daha da qüdrətli dövlət olmasını təmin edəcək və ölkənin davamlı iqtisadi inkişafının qarantına çevriləcəkdir.

Digər xəbərlər