Türkiyə-Ermənistan sərhədləri açıla bilməz
Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi bu günlərdə yenidən gündəmə gəlməklə təkcə iki ölkənin deyil, eyni zamanda, bu məsələ ilə bilavasitə əlaqədar olan Azərbaycan ictimaiyyətində də birmənalı qarşılanmayıb. Belə ki, bir müddət bundan öncə, iki ölkə arasında münasibətlərin normallaşdırılması sahəsində aparılan danışıqlar heç bir nəticə verməmişdi. Türkiyə iki ölkə arasında münasibətlərin yalnız Azərbaycan torpaqlarının azad edilməsindən sonra normallaşacağını, sərhədlərin açılacağını bəyan etmişdi.
Bu şərtlə razılaşmayan Ermənistan rəhbərliyi isə Türkiyə - Ermənistan münasibətlərinin normallaşdırılmasında heç bir ön şərtlə razılaşmayacağını bildirmişdi. Türkiyə rəhbərliyi isə Azərbaycanla strateji müttəfiqliyi üstün tutaraq işğalçı rejimlə sərhədlərin açılmayacağını bəyan etmişdi. Bunun əsas səbəbi kimi isə Dağlıq Qarabağ münaqişəsinin həlli göstərilirdi. Bu məsələ ilə əlaqədar olaraq da Türkiyə Ermənistan rəhbərliyinə müxtəlif səviyyələrdə xəbərdarlıqlar edərək, onu münaqişənin həllində qəti addımlar atmağa çağırmışdı.
Bu günlərdə isə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasında yeni mərhələnin başladığını desək, yanılmarıq. Belə ki, İsveçrənin vasitəçiliyi ilə iki ölkə arasında diplomatik danışıqların aparılmasını nəzərdə tutan bu mərhələdə iki mühüm protokolun icrası nəzərdə tutulur ki, bunun da nəticəsində iki aydan sonra hər iki ölkədə konsulluqların yaradılması və sərhədlərin açılması müzakirə mövzusudur. Bu məlumatlar Türkiyə rəsmi orqanları tərəfindən də təsdiqlənmişdir. İstər Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, istərsə də, baş nazir Rəcəb Tayyib Ərdoğan 6 həftə ərzində aparılacaq danışıqların sonunda sərhədlərin açılacağına ümid etdiklərini bildiriblər. Hər halda, onlar bunun əsas hədəf kimi qarşıya qoyulduğunu da vurğulayıblar. Yaxın keçmişə nəzər salsaq, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı Dağlıq Qarabağın erməni işğalından azad edilməyincə Ermənistanla sərhədlərin açılmayacığını bildirmişdi. O, strateji müttəfiq olan Azərbaycanla "bir millət- iki dövlət" prinsipinə sadiq qalacaqlarını xüsusilə vurğulamışdı. Lakin aradan qısa bir müddət keçməsinə baxmayaraq, yenidən sərhədlərin açılması məsələsi gündəmə gəlib və bu dəfə daha ciddi və daha əməli addımların atılacağı gözlənilir. Əhməd Davudoğlunun bu ilin sonuna kimi sərhədlərin açılacağı bəyanatı ilə çıxış etməsi də buna sübut ola bilər. Onu da qeyd etmək yerinə düşərdi ki, bundan əvvəlki xarici işlər naziri də Ermənistanla münasibətlərin normallaşdırılmasına çox böyük əhəmiyyət vermiş və öz fəaliyyəti dövründə bu məsələnin həllini tapması üçün çox böyük işlər görmüşdü. Onu da nəzərdən qaçırmaq olmaz ki, məhz bunlardan sonra Əli Babacan öz vəzifəsindən uzaqlaşdırılmışdı. Bəs görəsən, Ə.Davudoğlunun belə bəyanatlar səsləndirməsi nəyə əsaslanır və bu, Azərbaycanla Türkiyə arasındakı çoxillik münasibətlərə hansı töhfəni vermiş olacaq?
Ümumiyyətlə, AKP hökumətinin həyata keçirdiyi siyasətin dəfələrlə Azərbaycanla olan müttəfiqlik münasibətlərinə xələl gətirdiyi vurğulanmış bu məsələ istər Azərbaycan, istərsə də Türkiyə ictimaiyyəti tərfindən etirazla qarşılanmışdı. Hazırda da belə bir ab-havanın hökm sürdüyünü demək olar. Lakin bunlara heç bir məhəl qoymayan Türkiyə hökuməti öz siyasətini yeritməkdən çəkinmir. AKP hökumətinin məhz Ermənistanla bağlı siyasətinə aydınlıq gətirmək üçün politoloq Rüstəm Məmmədova müraciət etdik. O, da Türkiyənin Ermənistanla sərhədləri açmaq siyasəti barədə öz fikirlərini bölüşərkən, bunun Azərbaycana qarşı xəyanət olduğunu bildirdi: "Bundan əvvəl də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, Qarabağ məsələsi həll olunmasa, Türkiyə Ermənistanla sərhədləri açmayacaq. R.T.Ərdoğan buna oxşar sərt bəyanatlar da səsləndirmişdi. Məsələnin belə qoyuluşu bizi qane edirdi. Yəni Qarabağ münaqişəsi həll olunsa, sərhədlər açılacaq.
Mənə belə gəlir ki, hər halda, danışıqlar davam edir və bu danışıqlar əsasında da, məsələ tənzimlənəcək və heç də asanlıqla sərhədlər açılmayacaq. Yəni ermənilər birmənalı olaraq bizim beş rayonu tərk etməlidirlər. Əgər bu, baş vermədən sərhədlər açılarsa, bu, xəyanət sayılır."
Rüstəm Məmmədov sərhədlərin açılması məsələsinin təkcə iki ölkənin deyil, eyni zamanda, bu məsələ ilə birbaşa əlaqədar olan Azərbaycanın da milli maraqlarının nəzərə alınması çərçivəsində həllinin tapa biləcəyini də istisna etmədi: "Əsas məsələ ondan ibarətdir ki, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaqla onunla arasında olan ədavətə və dünya miqyasında erməni lobbisinin ona qarşı olan təzyiqinə son qoymaq istəyir. Ermənistanın burada əsas məqsədi blokadadan çıxmaqdır. Azərbaycan isə istəyir ki, işğal olunmuş torpaqlar boşaldılsın. Yəni bu üçtərəfli maraqlar çərçivəsində məsələ həll olunmalıdır. Başqa variant yoxdur. Əgər Türkiyə başqa bir varianta əl atarsa, bu, bayaq da qeyd etdiyim kimi, xəyanətdir və bunun acı nəticələri də hamıya bəllidir."