PDF Oxu

Sosial

  • 6

2009-cu il üçün KİV-lərə maliyyə dəstəyi müsabiqəsinin nəticələri məlum olub

2009-cu il üçün KİV-lərə maliyyə dəstəyi müsabiqəsinin nəticələri məlum olub
Dünən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2009-cu il üçün KİV-lərə maliyyə dəstəyi müsabiqəsinin nəticələrinə dair mətbuat konfransı keçirildi. Mətbuat konfransında giriş sözü ilə çıxış edən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli müsabiqənin gedişi qalib KİV-lərin və təşkilatların seçim mexanizmi barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, 1 iyul 2009-cu il tarixdə elan edilmiş müsabiqədə iştirak etmək üçün 112 layihə təklif olunmuşdur.
Bu layihələrin 109-u birbaşa fonda təqdim edilmiş, 3 layihə isə poçt vasitəsilə qəbul edilmişdir. V.Səfərli bildirdi ki, təqdim olunan sənədlərin ilkin araşdırılması zamanı, məlum oldu ki, layihəni təqdim edən mətbuat və təşkilatların 25-i lazımi sənədlərini fonda təqdim etməmiş və eyni zamanda, zəruri qaydada təqdim olunmuş sənədlər qaydasında olmamışdır. Fondun ekspertlərinə qiymətləndirmə üçün 87 layihə təqdim edildiyini qeyd edən V.Səfərli qiymətləndirmə və prosesində 12 ekspertin iştirak etdiyini də mətbuat orqanlarının diqqətinə çatdırmışdır. Qeyd etdi ki, təqdim olunan layihələrə ilkin ekspertiza rəyini verən şəxslər media və layihələrlə iş sahəsində təcrübəsi olan və eyni zamanda, geniş ictimaiyyət tərəfindən tanınan mütəxəssislərdir. İcraçı direktor onu da bildirdi ki, fonda təqdim olunan hər layihəyə ayrı-ayrılıqda üç ekspert tərəfindən qiymət verilib. Məhz bu qiymətləndirmə zamanı bir çox uğursuzluqların ortaya çıxdığını bildirən V.Səfərli qiymətləndirmə, ümumiləşdirmə zamanı 15 layihənin zəruri keçid balını toplaya bilmədiyini də açıqlamışdır. V.Səfərli, həmçinin, 17 layihənin isə, ümumilikdə zəruri keçid balını toplasa da, öz istiqamətində digər layihələrdən az bal topladıqları üçün qalib ola bilmədiklərini diqqətə çatdırdı. Məhz fondun ekspertlərinin və Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun mütəxəssislərinin rəyinə əsasən, təqdim olunan 55 layihəyə müsbət rəy verildiyini konfrans iştirakçılarının diqqətinə çatdıran V.Səfərli müsabiqədə müsbət nəticə əldə edə bilməyən mətbuat və təşkilatlara sentyabrın 5-nə qədər öz narazılıqlarını və iradlarını yazılı formada fonda təqdim etməyi də tövsiyə etdi.
İcraçı direktor müsabiqədə müsbət nəticə əldə etmiş layihələrin 30-nun qəzetlər, 13-nün informasiya agentlikləri, 6-nın informasiya təşkilatları və 6-nın da digər əlaqəli təşkilatlar kateqoriyasına aid olduğunu bildirdi. Bu müsabiqənin nəticəsindən asılı olmayaraq, artıq ölkəmizdə artan sosial-iqtisadi imkanlar müqabilində mətbuatın da özünün inkişaf mərhələsinin yaşadığını vurğulayan V.Səfərli ölkədə KİV-in inkişafına böyük bir stimul yarandığını da diqqətə çatdırdı. Qeyd etdi ki, dövlət ölkədə azad sözün və azad mətbuatın yaranmasında və formalaşmasında maraqlıdır. Bunun üçün isə qarşıya qoyulan vəzifələr və məqsədlər artıq yerinə yetirilir deyən V.Səfərli Azərbaycanda qədim ənənələrə söykənən demokratik və azad mətbuatın öz layiqli yerini tutacağını da əminliyini ifadə etdi.
Fondun Müşahidə Şurasının sədri və Mətbuat Şurasının üzvü Ümid Mirzəyev müsabiqədə müsbət rəy almış 55 mətbuat və təşkilatların adlarını açıqladıqdan sonra ölkədə KİV-lərin hazırkı durumuna təsir edəcək başlıca meyarlara toxundu. Qeyd etdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən müstəqil və demokratik idarəçilik prinsipləri bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla və əzmlə davam etdirilir. Məhz ölkədə, hər sahədə olduğu kimi, mətbuatın da böyük imtiyazlar əldə etməsinə və onun xarici təsirlərdən asılılığının aradan qaldırılmasında dövlətimizin reallaşdırdığı prinsiplər yüksək qiymətə layiqdir deyən Ü.Mirzəyev Azərbaycan mətbuatının nəinki regionda, dünyada sayılıb-seçilən aparıcı rola malik olacağını bildirdi.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da mətbuat konfransında çıxış edərək, ilk növbədə, müsabiqədə uğur qazanmış mətbuat vasitələrini və təşkilatları təbrik etdi. Qeyd etdi ki, müsabiqə Azərbaycan mətbuatının daha da inkişafında mühüm rol oynayacaq və ölkədə KİV-in perspektivinin əhəmiyyətli dərəcədə dəyişməsinə öz vacib tövhəsini verəcək. Ə.Amaşov dövlət tərəfindən KİV-lərin inkişafı daima diqqət və qayğı ilə əhatə olunub, eyni zamanda, bu addımlar ölkə mətbuatının qarşısında mühüm vəzifələr yaratmışdır.

Digər xəbərlər