Mais Səfərli: “Müxalifətin bələdiyyə seçkilərində şansı çox aşağıdır”
Cari ilin dekabr ayında ölkədə növbəti bələdiyyə seçkilərinin keçirilməsi nəzərdə tutulub. İstər iqtidar partiyası, istərsə də ki, müxalifət partiyaları seçkiöncəsi çıxışlarında və mətbuata verdikləri açıqlamalarda bələdiyyə seçkilərində iştirakı vacib saydıqlarını bildirirlər. Hətta əksər müxalifət partiyalarında seçkiyə qatılacaqları ilə bağlı qərar qəbul olunub və namizədlərin müəyyənləşdirilməsi işi aparılır.
"Səs" qəzetinə açıqlama verən "Yurddaş" partiyasının sədri Mais Səfərlinin sözlərinə görə, keçən ilin avqust ayından builki bələdiyyə seçkilərində iştirak etməklə bağlı partiyanın Siyasi Şurasının iclasında qərar qəbul olunub. Artıq namizədlər də müəyyənləşdirilib. Onların təlimatlandırılması məqsədilə sentyabr ayının 10-da partiya qərargahında görüşün keçirilməsi nəzərdə tutulub.
Mais Səfərli onu da bildirdi ki, partiyanın seçkilərə blok şəklində qatılması məsələsi istisna deyil. Yalnız Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyən siyasi partiyalarla eyni blokda təmsil olunacaqlarını bildirib. O, eyni zamanda, partiyanın seçkilərdə uğur əldə edəcəyinə inandığını qeyd edib: "Biz bələdiyyə seçkilərində həmişə iştirak edirik və hazıda da bələdiyyələrdə namizədlərimiz təmsil olunur".
"Müxalifətin bələdiyyə seçkilərində iştirakının perspektivini necə qiymətləndirirsiniz" sualına gəldikdə isə, partiya sədri, müxalifətin şansının çox aşağı səviyyədə olduğunu vurğulayıb: "Çünki cəmiyyətdə onların heç bir dəstəyi yoxdur. Müxalifət çox zəifdir və daxili intriqalarla məşğuldur. Onun normal partiya quruculuğu yarada, hətta yerlərdə partiya üzvlərini öz ideyalarına inandıra bilməməsi müxalifətin xalq tərəfindən dəstək qazana bilməməsinin səbəblərindəndir. Ən böyük səbəbi isə, Azərbaycan iqtidarının güclü olmasında və müxalifətin əksinə olaraq xalq tərəfindən dəstəklənməsində gördüyünü bildirib. Xalqı narahat edən problemlər iqtidar tərəfindən öz həllini tapdığı üçün müxalifət ortaya normal proqram qoya bilmir. Prezident İlham Əliyevin yürütdüyü siyasət çox güclüdür və xalqın böyük etimadını qazanıb. Onun ən böyük üstünlüyü verdiyi vədlərin hamısını yerinə yetirməsidir. O, sözü bütövdür və ona görə xalqımız onu hər zaman qiymətləndirir".