“Mübarizə burulğanlarında keçən ömür-Seyid Cəfər Pişəvəri” adlı kitabı təqdim olundu
AMEA Şərqşünaslıq İnstitutu, Dünya Azərbaycanlıları Konqresi (DAK) və "21 Azər" Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə 1945-1946-cı illərdə Güney Azərbaycanda qurulmuş Milli Hökumətin banisi Seyid Cəfər Pişəvərinin anadan olmasının 117-ci ildönümü münasibətilə tədbir keçirildi.
Tədbirdə AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Əkrəm Rəhimlinin Seyid Cəfər Pişəvəriyə həsr olunmuş "Mübarizə burulğanlarında keçən ömür-Seyid Cəfər Pişəvəri" adlı kitabının da təqdimat mərasimi keçirilmişdir.
Azərbaycanın tanınmış tarixçi alimləri, siyasi, ictimai xadimləri, diaspor təşkilatlarının rəhbərləri, KİV nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə AMEA Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva açaraq 26 avqustda Güney Azərbaycan Milli Hərəkatının simvoluna çevrilmiş bir şəxsiyyətin - Seyid Cəfər Pişəvərinin ad günü olduğunu xatırladıb: "Azərbaycan xalqı tarix boyu azadlığa can atıb. Azərbaycanın Quzeyində 1918-ci ildə Xalq Cümhuriyyəti qurulduğu kimi, Güneydə də 1905-1911-ci illərdə Məşrutə İnqilabı (Səttarxan hərəkatı), 1920-ci ildə Azadistan dövləti (Şeyx Məhəmməd Xiyabani hərəkatı) və 1945-46-cı illərdə Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Milli Hökumət yaradılıb. Onların hamısı xəyanətlər nəticəsində süquta uğramasına, qan içində boğulmasına baxmayaraq, ikiyə bölünmüş xalqımızın taleyində böyük rol oynayıb və iz qoyub. Bunun nəticəsi olaraq, 1991-ci ildə Azərbaycanın Quzeyində müstəqillik əldə olunub". Çıxışının sonunda G.Baxşəliyeva Əkrəm Rəhimlinin Pişəvəriyə həsr etdiyi kitabda Milli Hökumətin banisinin həyat və yaradıcılığının, siyasi fəaliyyətinin və s. geniş şəkildə əks olunduğunu vurğuladı.
Tədbirdə çıxış edən millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı, yazıçı Abbas Abdulla, filologiya elmləri doktoru Sabir Nəbioğlu və başqaları Cənubi Azərbaycanda milli hökumətin yaradıcısı olan Seyid Cəfər Pişəvərinin təkcə Azərbaycan üçün yox, bütün İranın azadlıq və qurtuluşu üçün ağır mübarizə yolunu fədakarcasına keçmiş bir şəxs olduğunu bildirərək Əkrəm Rəhimlinin Seyid Cəfər Pişəvəriyə həsr olunmuş "Mübarizə burulğanlarında keçən ömür-Seyid Cəfər Pişəvəri" adlı kitabının əhəmiyyətindən danışdılar. Kitabda İranın və Güney Azərbaycanın tanınmış mütəfəkkir-ziyalısı, inqilabçı-demokrat Seyid Cəfər Pişəvərinin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən, mübarizə meydanında olduğu məqamlardan, zindan divarları arasında keçirdiyi məşəqqətli günlərdən bəhs edildiyi qeyd edildi.
Kitabın müəllifi Əkrəm Rəhimli isə bildirdi ki, indiyə qədər Güney Azərbaycan Milli Hərəkatının öndəri haqqında çox az yazılıb, sanki onun adının qabardılması yasaqlanıb: "Ancaq mən bu tilsimi sındırdım və üç il bundan əvvəl Pişəvərini araşdırmaq üçün AMEA Şərqşünaslıq İnstitutuna müraciət etdim. Qurumdan mənə müsbət cavab verdilər və mən Güney Azərbaycana getdim. Pişəvərinin doğulduğu Xalxal şəhərindəki Zeyvə kəndində oldum, kənd sakinlərilə söhbətlər apardım". O, kiatbda S.C. Pişəvəri ilə bağlı müxtəlif sənədlər, müraciətlər, məktublar, həbsxana dəftərlərindən nümunələr, tanınmış ziyalıların onun barəsində xatirələrinin də yer aldığını söylədi.