PDF Oxu

Sosial

  • 8

Müqəddəs ayın xeyirxahlıq təcəssümü

Müqəddəs ayın xeyirxahlıq təcəssümü
Xalqımızın əziz və müqəddəs bayramı olan müqəddəs Ramazan ayı ölkəmizin hər yerində böyük təntənə ilə keçirilir. Müqəddəs Ramazan ayı insanların mənəvi cəhətdən saflaşmasında və kamilləşməsində böyük rol oynayır.
Məlum olduğu kimi, ölkəmizdə Heydər Əliyev Fondunun dəstəyi ilə humanitar aksiyalar bütün sahələrdə məqsədyönlü şəkildə təşkil olunur və davam etdirilir. Bu aksiyalar çərçivəsində kimsəsizlər, ahıllar, valideynsiz uşaqlar, fiziki qüsurlu insanlara həmişə dövlətimiz və Heydər Əliyev Fondu tərəfindən diqqət və qayğı göstərilir. Heydər Əliyev Fondunun keçirdiyi bu xeyirxah aksiyaya qoşulan "İdeal-L" MMC şirkəti müqəddəs Ramazan ayı çərçivəsində dünən Bakının Əzizbəyov rayonunda yerləşən Ruhi-əsəbi xəstələr və qocalar üçün olan 9 saylı internat evində oldular. Qocalar evində bu məqsədlə iftar süfrəsi təşkil olundu.
Onu da qeyd edək ki, 9 saylı internat evində 217 nəfərdən çox ruhi və əsəbi xəstələr yaşayır.
9 saylı Ruhi-əsəbi xəstələr və qocalar evinin müdiri Adilə Əliyeva iftar süfrəsinin təşkilinə görə bütün təşkilatçılara təşəkkürünü bildirdi. A.Əliyeva tənha insanlar üçün sığınacaq yeri olan bu məkanın daimi sakinlərinə göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya və dövlət başçısı cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi: "Bu mənada, hər bir insan həyatda düzgün yol seçməli, vətəndaşlıq mövqeyini əməli işi ilə göstərməlidir. Ahıl insanların nisgil dolu ürəklərinin ən çox ehtiyac duyduğu da elə başqalarının diqqət və qayğısıdır".
"İdeal-L" MMC şirkətinin prezidenti Kahin Əsgərov müqəddəs Ramazan ayı münasibəti ilə qocalar evinin sakinlərini, eyni zamanda, bütün Azərbaycan xalqını təbrik etdi. K.Əsgərov son illərdə Azərbaycanda xeyriyyəçilik institutunun intensiv şəkildə dirçəlməyə, fəal inkişaf etməyə başladığını dedi: "Bu isə xeyli dərəcədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın çox böyük səyləri və şəxsi təşəbbüskarlığı sayəsində mümkün olur".
Şirkətin rəhbəri Mehriban xanımın Əliyevanın bu sahədə çoxcəhətli və yorulmaz fəaliyyətinin təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqda da geniş ictimai əks-səda doğurduğunu dedi və vurğuladı ki, Mehriban xanım Əliyeva xeyriyyəçilik sahəsində gördüyü işlərin hüdudunun ölçüyəgəlməz olduğunu bildirdi: "Mehriban xanım Əliyeva xeyriyyəçiliyin ictimai əhəmiyyətindən danışarkən vurğulayıb ki, o, cəmiyyətdə mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradır, insanlar arasında münasibətləri humanistləşdirir, onların daha xeyirxah, səmimi və həssas olmasına müsbət təsir göstərir. Axı, çətin məqamda başqalarından dəstək almış insan özü də, imkan daxilində başqalarına kömək göstərməyə daha çox meyil edəcəkdir. Beləliklə, cəmiyyətimizdə "xeyirxah işlər dairəsi", qarşılıqlı kömək və dəstək sistemi yaranır ki, bu da son nəticədə insanların qarşılıqlı münasibətlərinə, onların ovqatına və sosial əhval-ruhiyyəsinə müsbət təsir göstərir".
K.Əsgərov onu da vurğuladı ki, bu gün hər birimiz bu uğurlu işlərdə həmrəy olmalı, ölkəmizdə aparılan xeyriyyəçilik aksiyasında birlik nümayiş etdirməliyik.
Şirkətin prezidenti onu da bildirdi ki, pansionatdakı ahıllarla görüş öncəsi söhbətlərim oldu. Onlar birmənalı olaraq dövlətin diqqət və qayğısından razılıqlarını ifadə etdilər. Həmçinin, İlham Əliyev kimi ölkə başçıları olduğu üçün qürur duyduqlarını bildirdilər.
Görüş zamanı qocalar evinin sakinlərindən Asiya İbrahimova, Pullu Mustafayeva, Qovar Əliyeva, Lidiya Muzina və başqaları bildirdilər ki, kimliyindən asılı olmayaraq, bu müqəddəs Ramazan ayında həyatı dərinliyi ilə başa düşən insan bilir ki, böyüklərə hörmət bizləri yad etməyiniz Allaha da xoş getdi, bizlərə də: "Arzu edirik ki, Allah dövlətimizin başçısı İlham Əliyev cənablarına və Mehriban xanım Əliyevaya uzun ömür, dövlətimizə isə daha böyük inkişaf və qüdrət bəxş etsin".
Çıxışlardan sonra qonaqlar qocalarla birgə iftar süfrəsinə oturdular. Yüksək səviyyədə hazırlanmış süfrədə isti yeməklər, müxtəlif içkilər və ən nəhayət, səmimi duyğular gözəl bir mənzərə yaradırdı.
Görüşdə Əzizbəyov rayon icra hakimiyyətinin nümayəndəsi, YAP Əzizbəyov rayon təşkilatı Buzovna qəsəbəsinin ilk təşkilatının üzvləri, Əzizbəyov rayon təhsil şöbəsinin müdiri Gülbala Qurbanov, "Demokratik Azərbaycan Dünyası Partiyası"nın sədri Nadir Qasımov və şirkətin rəhbərləri iştirak edirdilər.
Görüşün sonunda qocalar 9 saylı qocalar evinə evinə "İdeal-L" MMC şirkəti bir soyuducu, bir televizor və ərzaq məhsuları verdilər.

Digər xəbərlər