“Neftin qiymətinin qalxması ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək”
İqtisadi, hərbi potensialına görə, Cənubi Qafqaz regionunun lider ölkəsinə çevrilən Azərbaycan öz inkişaf dövrünü yaşayır. Müstəqil Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişaf strategiyası bu gün öz müsbət bəhrəsini verməkdədir. Azərbaycan regionda müstəqil iqtisadi siyasət həyata keçirən yeganə ölkədir. Belə ki, işğalçı siyasət həyata keçirən Ermənistan Rusiyanın iqtisadi və siyasi təsir dairəsindədir. RF işğalçı dövlətin bütün iqtisadiyyatını tam nəzrətə götürüb.
Bir məsələni də vurğulamaq lazımdır ki, Ermənistan iqtisadiyyatı iflic vəziyyətindədir. Bunun bir səbəbi odur ki, adıçəkilən ölkə işğalçılıq siyasətindən əl çəkmədiyi üçün bütün regional və beynəlxalq layihədən kənarda qalıb. Regionun digər ölkəsi olan Gürcüstan isə Qərbin təsiri altındadır. Göründüyü kimi, regionda yalnız respublikamız uğurlu, düşünülmüş və müstəqil siyasət yürüdür. Məhz bütün bunların nəticəsidir ki, dünya ölkələri regionda ölkəmizlə siyasi, iqtisadi sahədə əməkdaşlıq etməyə maraqlıdır.
Məlumdur ki, dünya bazarında neftin qiyməti qalxmaqda davam edir. Belə ki, son məlumata görə, neftin qiyməti 70 dol-dan çox olub. "Qiymət artımı davamlı olacaqmı" sualına münasibət bildirən iqtisadçı-ekspert İlham Şaban bildirdi ki, neftin qiymətinin qalxması və enməsini qabaqcadan proqnozlaşdırmaq mümkün deyil: "Məlumdur ki, bir neçə ay öncə neftin qiyməti 50 dol-dan aşağı olmuşdur. Ancaq son zamanlar neftin qiyməti 70 dol-rı ötür. Onu da qeyd edim ki, sonuncu dəfə neft bu qiymətə ötən ilin oktyabrında satılmışdı. Ancaq burada stabillikdən söhbət gedə bilməz, çünki neftin qiymətində hər an artım və ya azalma müşahidə olunmaqdadır". İqtisadçı-ekspert dünya bazarında neftin qiymətinin artmasının Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcəyini vurğuladı: "Sözsüz ki, dünya bazarında neft məhsullarının 70 dol-dan artıq satılması ölkə iqtisadiyyatına müsbət təsir göstərir. Çünki neft Azərbaycan iqtisadiyyatı üçün hər şey deməkdir. Düzdür, son illər qeyri-neft sektoru da inkişaf edir. Yəni ölkə rəhbərliyi qeyri-neft sektorunun inkişafında maraqlıdır. Buna baxmayaraq, ölkə iqtisadiyyatının əsas hissəsini neft təşkil edir. Belə hesab edirəm ki, neftin yüksək qiymətə satılması nəticəsində dövlət büdcəsinin və Neft Fondunun gəlirləri artacaq".
"Respublikamızda qeyri-neft sektoru inkişaf edir. Yəni bu gün ölkəmizdə emal, sənaye müəəsisələri yaradılır. Belə hesab edirəm ki, nefdən gələn gəlirlər daha çox qeyri-neft sektorunun inkişafına yönəldilməlidir. Ancaq onu da nəzərinizə çatdırım ki, ölkəmizdə yaxın 15 il ərzində də neft istehsalının aşağı düşəcəyi inandırıcı görünmür"-deyə İ.Şaban bildirdi.
Son 5 il ərzində regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar olaraq, 2 Dövlət Proqramı qəbul edilib. 2004-2008-ci illəri əhadə edən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" uğurla icra edilib. 2009-2013-cu illəri əhadə edən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın, ümumiyyətlə, son 5 ildə 740 mindən artıq yeni iş yerinin açılması Azərbaycan iqtisadiyyatının uğurlarından xəbər verir. İqtisadçı-ekspert İ. Şaban qeyd etdi ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı uğurla icra edilməkdədir." Bu gün biz Azərbaycanın hər bir bölgəsində inkişaf görürük. Rayonlarda quruculuq-abadlıq işləri görülməkdədir. Bundan əlavə, bölgələrdə yeni iş yerləri də açılmaqdaır ki, bu da əvvəl qeyd etdiyim kimi, qeyri-neft sektorunun inkişafı deməkdir. Ancaq bir məsələni də nəzərinizə çatdırım ki, regionlarda infrasturuktur daha da yaxşılaşmalıdır,yəni müəyyən problemlər var ki, onlar da öz həllini tapmalıdır"-deyə İ.Şaban əlavə etdi.