Həmsədrlərin dəyişdirilməsi danışıqların gedişatına öz təsirini göstərəcək
edəcəklər. Belə ki, həmsədr ölkələr olan ABŞ və Rusiyanın qurumda nümayəndələri olan Metyu Brayza və Yuri Merzlyakov yaxın müddətdə öz yerlərini digər həmkarlarına təhvil verməli olacaqlar. Artıq uzun müddətdir ki, bu məsələ Azərbaycan ictimaiyyətinin də maraq dairəsindədir və kütləvi informasiya vasitələrini də maraqlandıran məsələlərdəndir. Həmsədrlərin yerinə hansı diplomatların gələcəyi isə burada ən çox toxunulan məqamdır. Bununla bağlı müxtəlif fərziyyələr yayılsa da, hələ ki, bu barədə hansısa bir dəqiq məlumat yoxdur.
Minsk Qrupu həmsədrlərinin dəyişdirilməsi münaqişənin gələcək gedişatına hansı müsbət təsirləri göstərə bilər? Bu sual da münaqişə tərəflərinin ən çox narahat olduğu məsələlərdəndir. Belə ki, hər iki tərəf həm Ermənistan, həm də Azərbaycanı yeni həmsədrlərin münaqişənin həllinə verəcəkləri töhfənin hansı səviyyədə olması çox maraqlandırır. Minsk Qrupunun hazırkı həmsədrlərinin fəaliyyətinə qısaca olaraq nəzər salsaq, görərik ki, arxada qalan müddət ərzində bir sıra səfərlər keçirmiş və prezidentlər arasında görüşlərin təşkil edilməsində mühüm rol oynamışlar. Xüsusilə, son bir il ərzində münaqişənin həlli yolunda atılan addımların daha böyük vüsət almasında Minsk Qrupu həmsədrlərinin də rolu olmamışdı desək, yanılarıq. Lakin onların tutduqları mövqe də istər Azərbaycan, istərsə də Ermənistan tərəfindən ara-sıra tənqidlərə məruz qalmışdır. Hətta bir müddət bundan öncə Minsk Qrupunun fəaliyyətinin dayandırılması və onun səlahiyyətlərinin əlindən alınaraq BMT-yə verilməsi barədə də Azərbaycan parlamentində məsələ qaldırılmışdı. Qeyd edək ki, ATƏT-in Minsk Qrupu məhz BMT-nin ona verdiyi xüsusi mandat əsasında fəaliyyət göstərir.
Minsk Qrupu həmsədrlərinin BMT Baş Assambleyalarında göstərdikləri mövqe də Azərbaycan üçün heç də əlverişli mövqe olmamışdır. Onların Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşmaları həmsədrlərin fəaliyyətinin qənaətbəxş olmadığını göstərmiş oldu. Onların belə bəyanatlarla çıxış etmələri münaqişənin həllinə nə dərəcədə məsuliyyətsiz yanaşmalarını da bir daha göstərmiş oldu. Bundan başqa, müxtəlif dövrlərdə münaqişə tərəfləri olan ölkələrdə həmsədrlərin verdiyi açıqlamalar da böyük səs-küyə səbəb olmuşdur. Bütün bunlar isə, nəinki bu diplomatların iş fəaliyyətini, həm də onların şəxsi keyfiyyətlərini şübhə altında qoymuşdur.
Hazırda müzakirə mövzusu olan yeni həmsədrlərin gəlməsi isə müxtəlif mülahizələrə səbəb olub. Bir qrup siyasətçilər yeni həmsədrlərin gəlişinin münaqişənin həllində dəyişikliklərə səbəb olacağını qeyd etsə də, digərləri bunun sadəcə formal olaraq yerinə yetirilən bir proses olacağına inanırlar. Əlbəttə, bu gün münaqişənin həlli ilə məşğul olan hər üç ölkənin özünün siyasi prioritetləri və vahid xarici siyasət xətti var. Bunu nəzərdən qaçırmaq olmaz. Belə bir halda yeni həmsədrlərin də məhz bu ölkələri təmsil edəcəklərini nəzərə alsaq, onların öz ölkələrinin siyasi xəttindən kənarda qalmayacaqlarını güman etmək olar. Hər halda belə bir halın baş verməsi inandırıcı görünmür.
Digər bir tərəfdən, onu da nəzərə almaq lazımdır ki, yeni həmsədrlər münaqişənin həllinə daha məsuliyyətli yanaşacaq və hər halda Metyu Brayza kimi absurd, bəzən isə gülünc açıqlamalar verməyəcəklər. Hər halda biz belə güman edirik. Güman edirik ki, yeni həmsədrlər siyasi keyfiyyətləri ilə yanaşı, şəxsi keyfiyyətləri ilə seçilən insanlar olacaq. Çünki bu gün dünyada münaqişə ocaqlarının qalmasına qarşı mübarizə aparan iki supergüc ABŞ və Rusiyanın Dağlıq Qarabağ konfliktinin həllində maraqlı olmaları bunu deməyə əsas verir. Qarşıda isə münaqişənin daha mürəkkəb bir dövrü durur. Oktyabrda keçiriləcək prezidentlərin görüşü və bundan öncə sentyabrın sonunda BMT Baş Assambleyasının 64-cü sessiyasında Dağlıq Qarabağ münaqişəsini müzakirəsi Minsk Qrupunu öz fəaliyyətini daha da artırmağa sövq edir.