ilimancaroya Azərbaycan ekspedisiyası uğurla başa çatdı
Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında ənənəvi mətbuat konfransı keçirən Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov avqustun 10-da Kilimancaroya reallaşdırılan yrüşlərindən bəhs etdi. H.Bağırov öncə ekspedisiyanın əhəmiyyətini açıqladı: "Bu və ya digər ölkənin özünü beynəlxalq aləmdə təsdiqləməsi, nüfuzunu daha da artırması üçün çox imkanlar mövcuddur. Bunlar arasında praktik əhəmiyyəti olanlar da var, simvolik məna kəsb edənləri də. Azərbaycanın bu gün inkişafın hansı mərhələsində olduğu göz qabağındadır.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan düşünülmüş siyasətin bu gün Prezident İlham Əliyevin uğurla davam etdirməsi ölkəmizin nəinki daxildə, eyni zamanda, beynəlxalq aləmdə imkanlarının genişlənməsinə böyük zəmin yaradır. Təbii ki, bu gün Azərbaycanda daxili sabitliyin mövcudluğu digər sahələrin, xüsusilə, iqtisadiyyatın inkişafına böyük imkanlar açıb ki, bu da ölkəmizin digər istiqamətlərdə də mühüm uğurlar əldə etməsinə səbəb olur. Azərbaycan çox qısa zamanda beynəlxalq aləmdə özünə layiqli yer tutdu, siyasi mövqeyini möhkəmləndirdi. Bu gün Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərdə əsas aparıcı qüvvə kimi iştirakı, ölkəmizin dost ölkə kimi tanınması və qəbul olunması, təbii ki, həyata keçirilən uğurlu siyasətin nəticəsidir. Azərbaycanın təcrübəsi bu gün nümunə kimi göstərilir."
H.Bağırov bu cür yürüşlərin hər bir ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsində rolunu xüsusi vurğulayaraq, qeyd etdi ki, Azərbaycan nümayəndə heyətinin dünyanın 7 ən yüksək zirvəsindən biri sayılan, Afrikanın ən yüksək dağı Klimancaroya ilk səfəri, təbii ki, bir çox cəhətlərdən maraqlıdır və əhəmiyyətlidir.
Avqustun 10-da Bakıdan yola düşən Hava və Ekstremal İdman Növləri Federasiyasının tərkibində Azərbaycan dağçılıq üzrə yığma komadasının üzvlərindən ibarət "Azərbaycan-Klimancaro" Ekspedisiya Qrupu avqustun 11-də Klimancaro aeroportuna çatdı: "Avqustun 12-si yürüş başlandı. Nəzərdə tutulmuşdur ki, ekspedisiya avqustun 17-də başa çatsın. Amma fiziki imkanlar nəzərə alınaraq yürüşü tez başa çatdırdıq. Avqustun 16-da axşam son yürüşə başlandı. Ekspedisiya qrupu Klimancaro uğur zirvəsinə çatdı. Sonra ekspedisiya qrupu iki günə geri qayıtmaqla yürüşü başa çatdı."
H.Bağırov onu da qeyd etdi ki, yürüş zamanı digər ölkələrin ekspedisiyaları ilə da tanış olduq: "Onlar bizim ekspedisiyaya çox təəccüblə baxırdılar. Azərbaycandan olduğumuzu biləndə çox təəcüblənirdilər. Bu kimi mühüm əhəmiyyətli hadisələr Azərbaycanın tanınmasında, nüfuzunun artmasında böyük rol oynayır. Almanların, amerikanların "Yaşasın Azərbaycan" deyə bizim ekspedisiya qrupunu salamlamaları bir azərbaycanlı olaraq bizdə böyük qürur hissi yaradırdı."
Antarktikaya ilk ekspedisiyanı xatırladan H.Bağırov bildirdi ki, budəfəki yürüş qısamüddətli olsa da əhəmiyyətlidir.
H.Bağırov bu yürüşlərin elmə töhfələrindən geniş bəhs etdi: "Azərbaycan dünyaya inteqrasiya siyasəti həyata keçirir. Bu və digər ölkələrdə baş verən hadisələri öyrənmək, onların təcrübəsindən istifadə etmək, bir sözlə, Azərbaycanı daha müasir ölkəyə çevirmək qarşıda duran əsas məqsədlərdəndir. Bu gün Azərbaycanın keçdiyi inkişaf yolu digər ölkələrə nümunə göstərilirsə, təbii ki, bu, düzgün qurulan siyasətin, həyata keçirilən uğurlu tədbirlərin nəticəsidir".
Nazir bir faktı qeyd etdi ki, Norveç 1908-ci ildə müstəqillik qazananda bu dövləti heç kəs tanımırdı: "Amma bu gün Norveçin hansı səviyyədə tanınması hər birimizə bəllidir. Dünyanın kəşf olunmasında norveçlilərin adının xüsusi çəkilməsi bu ölkənin tanınması üçün kifayətdir. Biz də istərdik ki, Azərbaycan haqqında fikir yüksək olsun."
H.Bağırov ekspedisiya zamanı edilən müşahidələri, görülən işləri diqqətə çatdırdı. Bildirdi ki, ötən Antarktika ekspedisiyası ilə bağlı artıq materiallar toplanıb, kitab hazırdı. "Yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq. Bioloji müxtəliflik və unikal vulkanın geologiyası ilə bağlı da kitabın hazrlanması nəzərdə tutulub. Təbii ki, kimsə bununla maraqlananda azərbaycanlı imzalarına rast gələcək. Mətni oxumaq üçün bu dilin lüğətinə müraciət etməli olacaq. Bu amilin Azərbaycanın tanınmasında rolunu şərh etməyə ehtiyac yoxdur. Bir sözlə, elmi, siyasi, idman və rəmzi əhəmiyyət daşıyan ilk "Azərbaycan-Klimancaro" ekspedisiyası uğurla başa çatdı."
Azərbaycanın Klimancaroya yollanmış ilk ekspedisiya qrupunun üzvləri Azərbaycan bayrağını, eləcə də bir üzündə ulu öndər Heydər Əliyevin şəkli, "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri, digər tərəfində isə Prezident İlham Əliyevin şəkli, "Azərbaycan yeni zirvələrə doğru İlhamla irəli" sözləri yazılmış lövhəni Klimancaro dağına sancıb. Bununla da, ekspedisiya elmi, idman, siyasi, rəmzi əhəmiyyət daşıyan bütün vəzifələri yüksək səviyyədə yerinə yetirib.
Sonda Ekologiya və Təbii Sərvətlər naziri H.Bağırov ekspedisiya ilə bağlı jurnalistləri maraqlandıran sualları cavablandırdı.