PDF Oxu

Sosial

  • 14

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində işlər görülməkdədir

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində işlər görülməkdədir
Oktyabrda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin görüşü keçiriləcək. Görüşdə həmsədr dövlətlərin prezidentləri münaqişənin həlli ilə bağlı Madrid prinsiplərinin yeni versiyasını irəli sürüblər. Bu yeni versiyada Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı formada nail olmaq olar? Ölkə siyasətçiləri prezidentlər arasında oktyabr görüşünün nəticələrini necə dəyərləndirir?
Məsələyə münasibət bildirən ADİP-in sədri, millət vəkili Asim Mollazadə qeyd etdi ki, nəzərdə tutulan dəyişikliklər müsbət haldır. O, qeyd etdi ki, ilk növbədə, qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş əraziləri azad olunmalı, bundan sonra iki ölkə arasında qarşılıqlı inamı artırmaq üçün müvafiq işlər görülməlidir: "Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən hər hansı məqamı, düşünmürəm ki, kimsə istəsin".
Sentyabr ayında BMT-nin Baş Assambleyasının toplantısında Dağlıq Qarabağla bağlı aparılacaq müzakirələrə toxunan A.Mollazadə bildirdi ki, ən azı prosesdə ölkəmizin işğal olunmuş əraziləri, etnik təmizlənmə məsələsi və qaçqınların vəziyyəti ön plana çıxması gözlənilir.
Millət vəkili Sabir Hacıyev isə bildirdi ki, yeniləşmiş versiya ilə həm Bakını, həm də Yerevanı tanış etdikdən və bütün tərəflərin mövqeyini bildikdən sonra oktyabrda ATƏT-in Minsk Qrupunun işi Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etməkdir: "Artıq Madrid prinsiplərinin yeni versiyası üzərində iş sentyabr ayında başa çatmalıdır. Oktyabr ayında isə, prezidentlər məsələni müzakirə etməlidirlər. Nəticənin necə olacağını demək çətindir. Çünki həmin yeni versiyada Azərbaycanı razı salmayan məqamlar var. Hazırkı vəziyyətdə Minsk Qrupu üzvlərinin işi razılaşmayan məqamlarda ortaq məxrəc tapmaqdan ibarətdir".
Millət vəkili Eldar İbrahimov isə ATƏT-in Minsk Qrupunun işinin tənqidə layiq olduğunu söylədi: "Ancaq nəzərə alaq ki, dünyanın ən böyük dövlətləri ABŞ və Rusiyadır. Bu münaqişənin həll olunmamasında din və dil faktorları da böyük rol oynayır. Bundan başqa, Ermənistan Rusiyanın forpostudur. Bu yaxınlarda Rusiya və ABŞ prezidentləri görüşdü. Təəssüf ki, Dağlıq Qarabağdan danışmadılar. Onlara münaqişənin bu şəkildə qalması sərf eləyir. İstəmirlər ki, problem həll edilsin və Cənubi Qafqazda Azərbaycan kimi güclü bir dövlət yaransın. Mən Dağlıq Qarabağ probleminin Madrid prinsipləri ilə həllinə ümid edirəm. Bu istiqamətdə müxtəlif fikirlər səslənsə də, bu prinsiplə razılaşmanın tərəfdarıyam. Hələlik, beş rayonun işğaldan azad edilməsi və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qaytarılması yaxşı təklifdir. Sonra iqtisadi əlaqələr qurula və Dağlıq Qarabağın statusu müəyyənləşdirilə bilər. Biz bu gün Madrid prinsipləri ilə razılaşmalıyıq. Təbii ki, əgər ermənilər yenə də qaçmasalar. Ancaq onlar da başa düşür və deyirlər ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində problemin həll olunacağına inanıram".

Digər xəbərlər