Azərbaycanın gələcək inkişafı aydın və uğurludur
Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında qlobal maliyyə və iqtisadi böhranı bir həqiqət anı kimi qeyd edən dövlət başçısı İlham Əliyev ölkədə rəqabətə davamlı iqtisadiyyatın inkişafı üçün kifayət qədər təbii resurs və potensialın olduğunu bildirdi: "Təxminən bir ilə yaxındır ki, dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlər yaşanır. Azərbaycanda isə iqtisadiyyat uğurlu inkişafını davam etdirir. ... Əlbəttə, neft-qaz sektorunun inkişafı və bu sahədə görülən işlər bizim iqtisadi imkanlarımızı böyük dərəcədə genişləndirmişdir. Biz də bu gözəl imkanlardan səmərəli istifadə etdik və iqtisadiyyatımızın digər sektorlarının inkişafı üçün əməli-praktik işlər görülmüşdür."
Həmçinin, ölkə rəhbəri ölkəmizin iqtisadi imkanlarının gələcəyə böyük inamla baxmağa əsas verdiyini də bildirdi. Yeni infrastruktur layihələrinə investisiyalar qoyulur, kreditləşmə siyasəti uğurla həyata keçirilir. Dünya maliyyə böhranının yaşadığı bir dövrdə Azərbaycan o ölkələrdəndir ki, heç bir dövlətə yardım üçün müraciət etməyib. Əksinə, digər ölkələrdən Azərbaycana kredit verilməsi ilə bağlı müraciətlər olub. Bu uğurlar dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Azərbaycan malik olduğu təbii ehtyatlardan səmərəli istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsinə yüksək səviyyədə nail olub. Bu gün tam əminliklə deyə bilərik ki, iqtisadiyyatın inkişafı yalnız neft-qaz amili ilə bağlı deyil. ÜDM-də özəl bölmənin payının 84,5 faiz təşkil etməsi də deyilənlərə əyani sübutdur. Göstərilən faktlar, onu deməyə əsas verir ki, perspektivdə ölkə iqtisadiyyatının daha sürətlə inkişaf edəcəyinə əminlik yaradır. Bir məqamı qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun proqnozalarına görə, 2009-cu ildə Avropada iqtisadi artım 0,5 faiz, Asiya qitəsinin inkişaf etmiş ölkələrində isə 0,6-7,1 faiz azalacaqdır... 2009-cu ildə Almaniya iqtisadiyyatını durğunluq gözləyir. Dünya maliyyə böhranı Yaponiya iqtisadiyyatının real sektoruna aşkar mənfi təsir göstərəcəkdir. Milli Statistika Bürosunun məlumatına görə Böyük Britaniyanın iqtisadiyyatı 1992-ci ildən bəri ilk dəfə mənfi artım nümayiş etdirmiş, ÜDM 0,5 faiz azalmışdır. Eyni vəziyyət ABŞ iqtisadiyyatında da müşahidə olunur. Rusiyada isə məcmu itkilər 1,5 trilyon dollar təşkil edir.
Bu statistik rəqəmlərin fonunda Azərbaycan iqtisadiyyatının hazırkı göstəricilərinə diqqət yetirərək ölkəmizin iqtisadi inkişafının hansı mərhələsində olduğunu görərik. İqtisadçı ekspertlərin müşahidlərinə görə, istənilən siyasi, diplomatik müzakirələrdə iqtisadi cəhətdən qüdrətli tərəfin mövqeyi daha çox dəstəklənir. Bu təcrübəni dövlət siyasətindəki nailiyyətləri ilə doğruldan, siyasi, iqtisadi, diplomatik uğurları ilə dünya birliyində mövqeyini möhkəmləndirən Azərbaycanda deyilənlərin müsbət nəticəsi təsdiqlənib. Bu gün respublikamız Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilərək siyasi çəkisini daha da artırır.
Müşavirədə dövlət rəhbəri qlobal iqtisadi böhranın nəyi göstərdiyini açıqlayaraq, bildirdi ki, bu böhran bir həqiqət anı idi. Kimin nəyə qadir olduğunu çox açıq şəkildə göstərdi: "İlk növbədə, onu göstərdi ki, Azərbaycan dövləti istənilən iqtisadi sınaqlardan şərəflə çıxa bilər və bu iqtisadi sınaqlar Azərbaycan əhalisinə heç bir təsir göstərməmişdir."
Qeyd etmək lazımdır ki, bu gün iqtisadi artımın sürətinə görə dünyada birinciliyi ələ alan Azərbaycanın bu uğurunda neft-qaz hasilatında artımın rolu daim önə çəkilir. Neft gəlirlərindən səmərəli istifadə mühüm sosial-iqtisadi layihələrin həyata keçiriləməsinə geniş imkan açır. Dövlət Neft Fondunda toplanan vəsaitlərin təyinatı üzrə hansı istiqamətlərdə xərcləndiyi barədə mütəmadi olaraq məlumatlar verilir. Neft gəlirlərindən istifadəyə nəzarətin gücləndirilməsi ölkə Prezidenti tərəfindən daim qarşıya ən ümdə vəzifə kimi qoyulur. Məqsəd ölkənin hərtərəfli inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə nail olmaqdır. Bu ilin ötən dövrü ərzində əhalinin pul gəlirləri 19 faiz, orta əmək haqqı 15 faiz artıb. 800 minə yaxın insan ünvanlı sosial yardım alıb.
Göründüyü kimi, Azərbaycanın iqtisadi inkişaf yolunda inamla irəliləməsi uğurlu sosial proqramların həyata keçirilməsinə mühüm zəmin yaradır. Ölkəmizin iqtisadi uğurları "Qoldman Saks", İnvestisiya Bankının və Dünya Bankının hesabatlarında da öz əksini tapır. "Qoldman Saks"ın ötən illərdə dünya ölkələrinin iqtisadi inkişaf indeksini müəyyənləşdirən sənədinə görə, MDB dövlətlərini qabaqlayan Azərbaycan dünyanın 170 ölkəsi arasında 61-ci yeri tutur. Qlobal Rəqabət İndeksinə görə də ölkəmiz eyni uğurunu təsdiqləyir. Dünya Bankının ötənilki hesabtında isə Azərbaycan sahibkarlıq fəaliyyətini asanlaşdırmaq üçün biznesin tənzimlənməsi sahəsində aparılmış islahatlara görə dünyada bir nömrəli islahatçı ölkə adlandırıldı. Dünyanın biznes sahəsində ən çox tənzimləyici islahatlar aparan on ölkənin qeyd olunduğu siyahıya Azərbaycan başçılıq edir. Beləliklə, ölkəmiz dünya reytinqində 97-ci yerdən 33-cü yerə yüksəlmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirlməsi ilə respublikada, xüsusilə, bölgələrdə yeni emal müəssisələri fəaliyyətə başlamış, 766 min iş yeri açılmışdır. Ötən 6 ayda isə ölkədə 35 min yeni iş yerləri açılmışdır ki, onlardan 25 mini daimidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qibtə doğuran bu uğur ölkədəki siyasi sabitliyin, xalqla iqtidar arasındakı birlik və həmrəyliyin, sosial-iqtisadi islahatların düzgün müəyyənləşdirilməsi ilə bağlıdır.
Qeyd edək ki, cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən "Məqsədimiz Azərbaycanı hərtərəfli inkişaf etdirmək, iqtisadiyyatı şaxələndirmək, qeyri-neft sektorunun inkişafını sürətləndirməkdir" bəyan etmişdi. Bu gün nəticə göz qabağındadır. Belə ki, son beş ildə görülən işlər əldə olunan göstəricələrdə bir daha özünü büruzə verir.
Müşavirədə dövlət rəhbəri İlham Əliyev qarşıdakı illərdə görüləcək işlər barədə geniş məlumat verərək, 2009-2013-cü illər üçün nəzərdə tutulan Dövlət Proqramında yeni prioritetlərini diqqətə çatdırdı: "İqtisadi inkişafımız çox sürətli olub və belə yüksək sürətin saxlanılması, onu göstərir ki, bizim bütün islahatlarımız həm konkret məsələlərin həllinə yönəldilib, həm də ölkəmizin uzunmüddətli inkişafını təmin edir. Dörd il ərzində iqtisadi inkişaf sürətinə görə dünya miqyasında birinci olmaq çox böyük nailiyyətdir. Azərbaycan dövləti öz siyasətini bu istiqamətdə davam etdirəcək və əminəm ki, ölkəmizin uğurlu iqtisadi inkişafı bundan sonra da davam etdiriləcəkdir".
Bir məsələni də vurğulamaq lazımdır ki, iqtisadi imkanların artması mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsinə zəmin yaratdı. Məlum olduğu kimi, 2003-2005-ci illəri əhatə edən "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf Proqramı"nın ardınca 2006-2015-ci illər üçün nəzərdə tutulan "Yoxsulluğun azaldılması və davamlı inkişaf Proqramı" həyata keçirilir. Bu gün yoxsulluq səviyyəsinin 13,2 faizə enməsi proqramlardan irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsinin bariz nümunəsidir. Prezident İlham Əliyevin "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf" Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamı da əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn addımlardandır.