PDF Oxu

Sosial

  • 8

“Qafqaz - Amazonların vətənidir”

“Qafqaz - Amazonların vətənidir”
Dünən Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycanın Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun hazırladığı yeni "Qafqaz - Amazonların vətənidir" layihəsinin təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti Arif Həşimov tədbirin keçirilmə məqsədini açıqladı. O çıxışı zamanı Almaniyada fəaliyyət göstərən N.Gəncəvi adına institutun bir sıra layihələr həyata keçirdiyini, lakin bu layihənin digərlərindən ilk dəfə Azərbaycanda təqdim olunması ilə seçildiyini bildirdi. A.Həşimov onu da nəzərə çatdırdı ki, bu layihənin həyata keçirilməsində instituta alman millət vəkilləri də yardım ediblər.
Daha sonra layihə haqqında daha ətraflı məlumat vermək üçün söz layihənin müəllifi Almaniyada yaşayan azərbaycanlı xanım Nuridə Atəşə verildi. Nuridə Atəş də, öz növbəsində, tədbirə toplaşan bütün qonaqları salamladı və onlara gəldiklərinə görə öz minnətdarlığını bildirdi. Nuridə xanım çıxış edərkən, ilk növbədə, bundan əvvəl həyata keçirdikləri layihələr barədə məlumat verdi. O bildirdi ki, N.Gəncəvi adına institut Almaniyada 2003-cü ildən fəaliyyət göstərir. İnstitutun həyata keçirdikləri layihələrdən söz açan N.Atəş bildirdi ki, 2006-cı ildə bu institutun dəstəyi ilə alman klassiklərinin əsərləri Azərbaycan dilinə çevrilmişdir. 2007-ci ildə isə Qarabağa həsr olunmuş kitab alman dilində çap olundu. Eyni zamanda, bu illər ərzində Azərbaycan klassik ədəbiyyatının alman dilində antologiyası da işıq üzü görmüşdür. Bunlardan başqa, Nuridə xanım xüsusilə, vurğuladığı bir layihə də Azərbaycanın ədəbi xadimi Məhəmməd Əsədin əlyazmalarından ibarət kitabın çap olunmasıdır.
Tədbirdə çıxış edən Qobustan tarixi abidələrini araşdırmaçısı  Firuzə Muradova da layihənin Azərbaycan tarixi irsinin öyrənilməsində yüksək əhəmiyyətə malik olduğunu bildirdi. O, N.Atəşin amazonlar qədər çətin və məsuliyyətli bir məsələni tədqiq etməsinin böyük öhdəçilik olduğunu vurğuladı. Belə bir məsələnin qadın üçün çox böyük ağırlıq olduğunu bildirdi.
Albanşünas alim Fəridə Məmmədova da tədbirdə çıxış edərək bu layihənin çox əhəmiyyətli olduğunu nəzərə çatdırdı. Amazonlara aid tarixi faktların hələ qədim dövr tarixçilərinin əsərlərində də qeyd olunduğunu bildirən F.Məmmədova hətta qədim Albaniya tarixçisi Musa Kalankatlının əsərlərində amazonların adlarının çəkildiyii qeyd etdi. Buna baxmayaraq, amazonlar haqqında tarixi faktlar üzə çıxarılmamış, onlar haqqında heç bir əsər hazırlanmamışdır. F.Məmmədova öz araşdırmalarında amazonların adlarını çəksə də, onlara xüsusi diqqət yetirməmişdir. Lakin N.Atəş ona müraciət edərkən Qobustanda araşdırma aparmasını məsləhət gördüyünü bildirdi.
Tədbirdə çıxış edən digər bir alman qonaq Almaniya Xarici İşlər Nazirliyinin əməkdaşı  Volfqanq Dik də Azərbaycanda olduğundan və belə bir layihənin təqdimatında iştirak etdiyindən çox böyük sevinc hissi keçirdiyini bildirdi. O, nəzərə çatdırdı ki, Almaniya XİN-i də bu layihəyə çox böyük diqqət və maraq göstərir. Belə bir layihənin həyata keçirilməsinin sivilizasiyalararası əlaqələrin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyətə malik olduğunu bildirən V.Dik araşdırmanın aparılmasının bu qədər gecikdiyindən çox təəssüfləndiyini bildirdi. V.Dik amazonların həm də almanların əcdadları sayıldıqlarından belə bir layihənin həyata keçirilməsi iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını da nəzərə çatdırdı.
Qeyd edək ki, tədbirdə azərbaycanlı millət vəkilləri də iştirak edirdi. Onlar da, öz növbələrində, yeni layihənin təqdim olunması münasibətilə Nuridə Atəşi təbrik etdilər.

Digər xəbərlər