Ölkəmizdəki demokratik islahatlar bütün cəmiyyəti əhatə edir
Bu günlərdə ABŞ-da fəaliyyət göstərən "Gallup" təşkilatının postsovet məkanında keçirdiyi sonuncu sorğunun nəticələri artıq beynəlxalq təşkilatların Azərbaycandakı demokratik islahatları yüksək qiymətləndirdiklərini bir daha sübut edir. Dünyanın bütün ölkələrindəki statistik araşdırma aparan, insan resurslarını öyrənən və reytinq göstəricilərini müəyyənləşdirən təşkilatlar kimi "Gallup" da dövrü olaraq öz sorğusuna obyekt kimi keçmiş sovet respublikalarını seçir. Əslində, bunun səbəbi aydındır.
Soyuq müharibənin bitməsindən, xüsusən, SSRİ-nin çökməsindən sonra dünya xəritəsində yaranmış müstəqil dövlətlər onlar üçün ənənəvi olmayan yeni dəyərlər çərçivəsində öz inkişaf istiqamətlərini necə müəyyənləşdirirlər? Bütün dünya ölkələri üçün beynəlxalq dəyərlər kimi qəbul edilmiş demokratik prinsiplərə bu ölkələrdə hansı şəkildə əməl edilir? Doğrudur, bəzi ölkələrdə beynəlxalq təşkilatların sorğularına və ya bu təşkilatların sorğusunun nəticələrinə etinasızlıq edilərək, belə bir fikir səsləndirilir ki, hər bir ölkənin öz daxili siyasəti vardır. Ancaq həmin arqumentlə çıxış edənlər beynəlxalq ictimaiyyətdən daha güclü məntiqlə əsaslanan cavab eşidirlər: "Son 50 ildə artıq demokratiya heç bir ölkənin daxili işi deyil". Yəni dünya xalqları, beynəlxalq ictimaiyyət hansısa ölkədə insan hüquq və azadlıqlarının pozulmasına biganə qala bilmir və qalmır. Politoloq Rasim Musabəyov beynəlxalq təşkilatların gəldiyi nəticələri iki səbəblə əlaqələndirib:
- İlk öncə, qeyd edim ki, bizim milli mentalitetimizə görə qarşı tərəfin qərarına hörmətlə yanaşmaq, sadəcə, mədəniyyət nümunəsidir. İkinci, artıq bütün beynəlxalq təşkilatların ölkəmizlə bağlı qəbul etdiyi qərarların müsbət xarakterli olması ənənə şəklini almışdır. Yəni obyektiv şəkildə söylənilən fikirə hörmətlə yanaşılması tamamilə təbii bir prosesdir. "Gallup" iyulun 31-də elan edilən sonuncu qərarı Azərbaycan üçün daha maraqlı, daha ürəkaçandır. Keçmiş sovet respublikalarının hər birini təmsil edən 1000 respondentə ölkədəki ictimai-siyasi proseslər, insan hüquqları, hakimiyyətin legitimliyi və başqa mövzularda bir sıra suallar verilmişdir. Sorğu təşkilatçılarının təşkil etdiyi ən maraqlı suallardan biri belə səsləndirilirdi: "Siz ölkəmizin rəhbərliyinin fəaliyyətindən razısınızmı?"
Bu sualı cavablandıran azərbaycanlı respondentlərin 77 faizi müsbət cavab vermişdir. Müsbət cavabların sayına görə 15 keçmiş sovet respublikası arasında Azərbaycan respondentləri birinci yeri tuturlar. Onlar öz ölkələrinin rəhbərliyinin siyasi fəaliyyətini daha yüksək qiymətləndirirlər. Qeyd edək ki, sorğunun nəticələrinə görə, postsovet respublikalarında siyasi fəaliyyəti 4 faiz, 13 faiz, 21 faiz dəstəklənən dövlət başçıları da vardır.
Onu da vurğulamaq lazımdır ki, "Gallup"un sonuncu sorğusunun mötəbərliliyini üç mühüm amil sübut edir. Əvvəla, bu təşkilat beynəlxalq aləmdə özünün tərəfsizliyi ilə ad çıxarmışdır. İkincisi isə, sorğunun təşkilatçıları postsovet məkanını deyil, bilavasitə, ABŞ-ı təmsil edirlər. Həmin ekspertlər üçün isə ən mühüm amil demokratik dəyərlərin tətbiqinin səviyyəsini müəyyənləşdirməkdir. Bu səviyyəni müəyyənləşdirəndə isə məhz indi elan edilən nəticələr əldə edilir. Nəhayət, ABŞ-da fəaliyyət göstərən erməni lobbisi, daha çox isə ermənipərəst siyasətçilər bu dövlətin rəsmi siyasi kursuna təzyiq göstərməyə çalışdıqları kimi ölkə ərazisindəki beynəlxalq təşkilatların və QHT-lərin fəaliyyətinə də "barmaq etməməyə" çalışırlar. Həmin təzyiqlər fonunda belə Azərbaycan Prezidenti İlham Əliyevin keçmiş sovet respublikaları arasında ən legitim dövlət başçısı olduğunu elan edilirsə, "Gallup"un tərəfsizliyinə əhsən.
Bütün bunlarla yanaşı, ölkə ictimaiyyətini təmsil edən respondentlərin 77 faizinin indiki iqtidarın legitimliyini söyləməsi, dövlət başçısının fəaliyyətindən razı qaldığını bildirməsi, bu siyasi kursu dəstəkləməsi çox böyük göstəricidir.
"Azərbaycan əhalisinin ölkə rəhbərinə inam və etimadının artmasının təməlində hansı prinsiplər durur" sualını cavablandıranlar da məsələyə üç prizmadan yanaşırlar. Belə ki, Avropa və ABŞ politoloqlarının fikrincə, Prezident İlham Əliyev Azərbaycanın hərtərəfli sosial-iqtisadi inkişafına nail olduğuna görə, öz xalqı tərəfindən yüksək səviyyədə dəstəklənir. Yəni ölkəyə onun rəhbərlik etdiyi dövrdə Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artıb, adambaşına düşən gəlir 550 dollara çatıbdır. Qısa müddətdə 776 min yeni iş yeri açılıb, ölkədə əhalinin yoxsulluq həddi 49 faizdən 3,2 faizə endirilibdir. Əhalinin minimum əmək haqqı 8,3 dəfə, minimum pensiyanın məbləği isə 4 dəfə yüksəlibdir. ABŞ və Avropa politoloqları Azərbaycandakı indiki hakimiyyətin xalq tərəfindən yüksək səviyyədə dəstəklənməsinin əsas səbəbini məhz bu amildə görürlər.
Postsovet məkanını, xüsusən, Rusiya Federasiyasını təmsil edən ekspertlər Azərbaycan Prezidentinin öz ölkəsində böyük siyasi nüfuza malik olmasının ən ümdə səbəbini 2003-cü ilin və 2008-ci ilin oktyabrında keçirilmiş prezident seçkilərində axtarmağın lazım olduğunu bildiriblər. Vurğulayıblar ki, Prezident İlham Əliyevin ölkədəki nüfuzunun, xalqın Ona inam və etimadının durmadan artmasına azərbaycanlılar başqa bir prizmadan yanaşırlar. Dövlət rəhbəri ölkə ictimaiyyəti tərəfindən ona görə bu şəkildə dəstəklənir və etimad qazanır ki, o, Azərbaycanda, regionda və dünyada Heydər Əliyev siyasətini davam etdirir. Xalqın İlham Əliyevə olan inam və etimadı Prezidentin Heydər Əliyev siyasi kursuna olan sədaqəti qədərdir. Bugünkü müstəqil Azərbaycanı qurmuş, yaratmış, dövlətçiliyi məhv olmaqdan, respublikanı parçalanmaqdan xilas etmiş Heydər Əliyevin siyasi kursuna ehtiramla yanaşan, o kursu davam etdirən lider Azərbaycan xalqı tərəfindən daim dəstəklənəcək və seviləcəkdir.
Beləliklə, "Gallup"un postsovet məkanında keçirdiyi sorğunun nəticəsini ümumiləşdirərək belə bir fikrə gəlirik: azərbaycanlıların öz dövlət başçılarının fəaliyyətini daha yüksək qiymətləndirməsi bu amillərlə bağlıdır: "Ədalətli və demokratik seçkilərlə hakimiyyətə gəlmiş Prezident İlham Əliyev idarəetmədə Heydər Əliyev siyasi kursunu uğurla davam etdirdiyinə, müstəqil Azərbaycanın hərtərəfli sosial-iqtisadi inkişafına nail olduğuna görə ölkə əhalisinin 77 faizi onun siyasi fəaliyyətini yüksək qiymətləndirir".