PDF Oxu

Sosial

  • 6

Milli Məclisdə “Şəhərsalma Məcəlləsi”nə dair layihə hazırlanır

Milli Məclisdə “Şəhərsalma Məcəlləsi”nə dair layihə hazırlanır
Milli Məclisdə "Şəhərsalma Məcəlləsi"nin layihəsi hazırlanır. Bu qanun ölkədə şəhər və digər yaşayış məntəqələrinin inkişafı üzrə ərazi planlaşdırılması, şəhərsalmanın zonalaşdırılması, əsaslı tikinti obyektlərinin memarlıq-inşaat layihələndirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyəcək.
"Şəhərsalma Məcəlləsi" parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq. Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, hazırda layihə üzərində mütəxəssislərin də iştirakı ilə geniş iş aparılır. Müasir dövrdə "Şəhərsalma Məcəlləsi"nin qəbul edilməsi ölkənin davamlı inkişafına xidmət edir. Çünki artıq Azərbaycanda şəhər əhalisi respublika əhalisinin 50 faizindən çoxunu təşkil edir. Həm də son illər ölkədə yeni qəsəbələr salınarkən bir çox hallarda şəhərsalma prinsiplərinə əməl olunmur. Bu baxımdan "Şəhərsalma Məcəlləsi" həm məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsinə, həm də şəhərsalma məqsədlərinin uğurla həyata keçirilməsinə imkan verəcək. Z.Səmədzadə bildirib ki, ərazisi o qədər də böyük olmayan Azərbaycanda şəhərlər çoxdur. Şəhərlərin inkişaf istiqamətləri, parametrləri, infrastruktur məsələlərinin həlli, bütövlükdə ərazi planlaşdırılması bu qanun layihəsində öz əksini tapacaq. Hazırda bu sahədə ciddi iş aparılır. Komitə sədri demişdir ki, məskunlaşdırma zamanı şəhərsalma prosesinə bəzən lazımi diqqət verilmədikdə, yaşayış məntəqələri yaradılarkən norma və qaydalara əməl edilmədikdə həlli çətin problemlər yaranır. Digər tərəfdən, şəhərsalma fəaliyyətini tənzimləyən mövcud qanunvericilik aktları, norma və qaydalar mütərəqqi şəhərsalma təcrübəsindən geri qalır. Şəhərsalma isə daim irəliyə yönələn bir fəaliyyətdir. Bu mənada məcəllənin qəbulu aidiyyəti orqanların fəaliyyətinin daha təkmil və ciddi tənzimlənməsinə xidmət edəcək, onların məsuliyyətini artıracaq. Eyni zamanda, tikintinin razılaşdırılması, layihələndirilməsi, icrası, qəbulu ilə bağlı normaların məcəllədə müəyyən edilməsi tikinti sektorunun səmərəli inkişafına mühüm hüquqi əsas yaradacaq.

Digər xəbərlər