PDF Oxu

Sosial

  • 14

Azərbaycan Avropanın mühüm strateji tərəfdaşıdır

Azərbaycan Avropanın mühüm strateji tərəfdaşıdır
Azərbaycanın Avropa Birliyi üçün strateji tərəfdaş olması və sözügedən qurumun Cənubi Qafqaz siyasətində mühüm əhəmiyyət daşıması bu təşkilatın özündə də ən yüksək səviyyədə etiraf edilməkdədir. Bunu Avropa Birliyini təmsil edən ayrı-ayrı yüksək vəzifəli təmsilçilərin, həmçinin, qurum tərəfindən hazırlanan hesabatlarda da aydın görmək mümkündür. Bununla bağlı politoloq Rüstəm Məmmədov öz fikirlərini açıqlayarkən, bildirdi ki, Azərbaycan Avropanın mühüm strateji tərəfdaşıdır:
- Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planının İcrası üzrə illik hesabatda qeyd olunur ki, Xəzər dənəzinin neft və qaz ehtiyatları baxımından Azərbaycan həm hasilatçı, həm də tranzit ölkə olaraq Avropa Birliyinin strateji tərəfdaşıdır. Hesabatda Azərbaycan iqtisadiyyatının 2008-ci ildə də sürətli templə inkişafının davam etdiyi, ümumi daxili məhsulun artımının 10,8 faizə çatdığı bildirilir. Hesabat müəllifləri onu da xüsusi qeyd edirlər ki, Azərbaycan iqtisadiyyatında göstərilən artım təkcə neft və qazın ixracı sayəsində baş verməyib. Ölkədə qeyri-neft sektoru da güclü maliyyə stimullarına cavab verib və bu sahədə 15,7 faizlik artım qeydə alınıb, nəticədə tikinti, xidmət və kənd təsərrüfatı geniş şəkildə inkişaf edib. O da qeyd edilir ki, iqtisadiyyatın belə çoxşaxəli inkişafı ölkənin uzunmüddətli tərəqqisi baxımından böyük əhəmiyyət daşıyır.
Bununla yanaşı, hesabatda göstərilir ki, Avropa Birliyi Azərbaycanın əsas ticarət tərəfdaşına çevrilib. Aparılan araşdırmalar göstərir ki, Azərbaycanın ümumi xarici ticarətinin təxminən 30 faizi məhz Avropa Birliyi ilə həyata keçirilib: "2008-ci ildə Avropa Birliyi ilə ikitərəfli ticarətin ümumi dövriyyəsi 12,6 milyard avroya çatıb, Azərbaycanın Avropa Birliyinə ixracı 10,55 milyard avro olub. Hesabat dövrü ərzində Avropa Birliyinin Azərbaycana ixrac etdiyi məhsulların ümumi dəyəri isə 2 milyard avro təşkil edib".
Bir məqamı da qeyd edim ki, Azərbaycanın Avropa Birliyinin mühüm tərəfdaşına çevrilməsi Avropa Komissiyasının sədri Joze Manuel Barrozu tərəfinədən də xüsusi olaraq vurğulanıb. Prezident İlham Əliyevin Belçikaya səfəri zamanı Avropa Komissiyasının sədri Joze Manuel Barrozun bildirmişdi ki, Azərbaycan Cənubi Qafqaz regionunda olduqca mühüm tərəfdaşdır. Bu səbəbdən Avropa Birliyi ölkəmizlə qarşılıqlı maraqlara söykənən əməkdaşlığın daha da dərinləşməsini istəyir.
Onu da qeyd edim ki, Azərbaycanın Avropa Birliyi ilə münasibətlərinin dinamik inkişafı təkcə iqtisadi və enerji sahələrində yox, digər sferalarda, o cümlədən, siyasi əlaqələrdə də özünü aydın büruzə verir. Bu xüsusda isə tərəflərin qarşılıqlı əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edən Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planı və "Şərq tərəfdaşlığı" proqramı ayrıca diqqət cəlb edir. Göstərilən məqamlara toxunan Prezident İlham Əliyev qeyd edir: "Biz öz siyasi sistemini, sosial problemlərin həllini və iqtisadi azadlıqları Avropa Birliyinin meyarlarına uyğunlaşdıran müasir ölkəni, müasir Azərbaycanı qurmaq istəyirik və hesab edirəm ki, Avropa Birliyi, xüsusən də, Qonşuluq Proqramı və "Şərq tərəfdaşlığı" bu müsbət meyili gücləndirəcəkdir".
Bütün bunlar siyasi sahədə Azərbaycanla Avropa Birliyi arasında münasbətlərin yüksələn xətt üzrə inkişaf etdiyinin əyani göstəricisidir. Lakin əlbəttə ki, tərəflər arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində ən vacib məqamlardan biri enerji sferasında həyata keçirilən əməkdaşlıqdır. Bu gün heç kimə sirr deyil ki, Avropa öz enerji təhlüksizliyinin təminatında Azərbaycana xüsusi önəm verir. Hazırda Avropanın enerji məsələlərində Azərbycanla həyata keçirmək istədiyi ən böyük layihələrdən biri "Nabucco"dur. Azərbaycan bu layihə ilə bağlı üzərinə düşən bütün öhdəlmkləri yerinə yetirməyə hazır olduğunu dəfələrlə nümayiş etdirib. Prezident İlham Əliyev Rusiyanın "Vesti" telekanalına və İTAR-TASS informasiya agentliyinə müsahibələrində bir daha qeyd edib ki, "Nabucco" inşa olunacağı təqdirdə, Azərbaycan öz qazının bir hissəsini bu kəmər vasitəsilə ötürməyə hazırdır. Hazırda "Nabucco" layihəsinin reallaşması məsələsi sırf Avropa ölkələrindən asılıdır. Azərbaycanın "Nabucco" ilə bağlı mövqeyi isə elə Avropanın özündə də təqdir olunur.
Bütün bunlar Azərbaycanın Avropa Birliyi ilə münasibətlərinin inkişaf etdirilməsinin təkcə iqtisadi yox, həm də mühüm siyasi əhəmiyyətə malik olduğunu göstərir. Həmçinin, münasibətlərin inkişafı fonunda Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsnin mövcudluğunun bu təşkilatın da təhlükəsizliyinə hədə olduğunu daha aydın müşahidə etmiş olur. Elə bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün qədər tez həll edilməsində maraqlı tərəflərdən biri kimi məhz Avropa Birliyinin çıxış etməsini stimullaşdırır.

Digər xəbərlər