BMT-nin İnsan Haqları Komitəsi Cenevrədə keçirilən toplantısında yaydığı hesabatda qeyd olunur ki, Azərbaycanda söz və mətbuat azadlığı pozulur. Bu məsələyə aydınlıq gətirmək üçün bu və digər suallarla KİV nümayəndələrinə müraciət etdik. Məsələyə münasibət bildirən qəzet baş redaktorları bunun qərəzli olduğunu bildirir.
Akif Aşırlı, "Şərq" qəzetinin baş redaktoru:
- Mətbuatımız haqqında yayılan bu xoşagəlməz fikir tamamilə yanlışdır. Azərbaycanda söz və mətbuat azadlığı var. Mətbuat azadlığının nişanələri olan media quruluşları bu gün ölkəmizdə normal şəkildə fəaliyyət göstərir və daha yaxşı inkişaf edir. Dövlətimizin mətbuata hər zaman göstərdiyi qayğı nəinki xalqımızın, eyni zamanda, beynəlxalq təşkilatların da diqqət mərkəzindədir. Son dövrlərdə ölkə Prezidenti İlham Əliyev tərəfindən atılan addımlar, məhz kütləvi informasiya vasitələrinə dövlət dəstəyi konsepsiyasının qəbulu və bu konsepsiyanın tərkib hissəsi olan Prezident yanında Mətbuata Dövlət Dəstəyi Fondunun yaradılması və digər məsələlər bunu deməyə əsas verir. Bütün bunların hamısı Azərbaycanda azad fikir, azad söz institutunun tam və normal şəkildə formalaşmasına bir mühitin olmasına əsas verir. Mən bunu Azərbaycana qarşı olan müəyyən qüvvələrin atdığı qərəzli addım və fikir hesab edirəm. Bu fikirlər də o dərəcədə özünü doğrultmayacaq.
Aydın Quliyev, "Bakı xəbər" qəzetinin baş redaktoru:
- Sözsüz ki, Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı beynəlxalq reaksiyalar birmənalı olmur. Bəzən tənqidlər olur, bəzən mətbuatın inkişafında əldə olunmuş və mətbuatın inkişafı sahəsində həyata keçirilən siyasətə lazımi qiymət verilir. Amma bəzi hallarda insanlarda da təəccüb doğuran yanaşmalar olur. Fikrimcə, Azərbaycanda söz, mətbuat azadlığının boğulmasına hesablanmış siyasət aparıldığını söyləmək ədalətsizlik olar. Bildiyimiz kimi, son illərdə Prezident tərəfindən mətbuatın inkişafı sahəsində atılan müəyyən addımlar, ictimai mətbuat qurumlarının yaradılması, təbii ki, söz azadlığının inkişafı və qəzetlərin möhkəmlənməsində böyük rol oynayır. Fikirimcə, beynəlxalq təşkilatların mətbuatımızla bağlı yanaşmalarında müsbət məqamlar daha çox üstünlük təşkil edir, nəinki bu cür mənfi məqamlar və tənqidlər. Bu hesabatı hazırlayanlar Azərbaycanda mətbuatın durumu ilə bağlı yetərli məlumat almayıblar. Əgər yetərli məlumat alınsaydı, Azərbaycanda mətbuatın durumu bu dərəcədə acınacaqlı qiymətləndirilməzdi. Ona görə də, mətbuatla məşğul olan bütün qurumlar beynəlxalq təşkilatları və o cümlədən, BMT-nin bu hesabatının daha dəqiq hazırlanması üçün müvafiq addımlar atmalıdırlar və müvafiq hesabatlar, məlumatlar göndərməlidirlər. Fikrimcə, əgər Azərbaycandakı mətbuat azadlığı ilə bağlı beynəlxalq qurumları həqiqi durumla tanış edə bilsək, onlar öz mövqelərini dəyişəcəklər.