Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair mühüm addımlar atılır
"Siyasi Maarifçilik" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə regionlarda Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya ilə bağlı maarifləndirmə və məlumatlandırma işinin genişləndirilməsi məqsədilə Quba rayonunda konfrans keçirilib. Konfrası rayon icra hakimiyyəti başçısının birinci müavini Yusif Abidov açaraq bildirib ki, rayonda vətəndaşların müraciətlərinə vaxtlı-vaxtında baxılır, onların arzu və istəklərinə uyğun problemlərin aradan qaldırılmasına köməklik göstərilir.
O, qeyd edib ki, rayon ərazisində fəaliyyət göstərən dövlət və özəl təşkilatların işindən narazı qalan vətəndaşların narazılıqlarının operativ həll edilməsi üçün rayon icra hakimiyyətində səyyar günlər təşkil edilir. Bu da vətəndaşların maraq və mənafelərinə xidmət edir. Y.Abidov onu da vurğulayıb ki, ölkə başçısı cənab İlham Əliyevin rayon rəhbərliyi qarşısında qoyduğu məsuliyyəti dərk edərək rayonumuzun hərtərəfli inkişafı naminə yüksək fədakarlıqla xidmət edirik. Konfransın keçirilməsində "Siyasi Maarifçilik" İctimai Birliyinin təşəbbüsünü yüksək qiymətləndirən Y.Abidov, həmçinin, qeyd edib ki, bu kimi tədbirlərin rayonumuzun qəsəbə və kəndlərində, eləcə də digər rayonlarda keçirilməsi cəmiyyətimizin maariflənməsinə, inkişafına, vətəndaşların öz hüquq və azadlıqlarını qorumasına böyük təkan vermiş olacaq.
Tədbirdə "Siyasi Maarifçilik" İctimai Birliyinin sədri Mehman İsmayılov çıxış edərək 1994-cü ildən başlayaraq korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair ölkə rəhbərliyi tərəfindən verilmiş bir sıra fərmanlar, qəbul edilmiş dövlət proqramları, digər hüquqi sənədlər, respublikamızın qoşulduğu bir sıra beynəlxalq sənədlər, o cümlədən, Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında", "Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında", "Korrupsiyaya qarşı Birləşmiş Millətlər Təşkilatının Konvensiyası haqqında" və Azərbaycan Respublikasının "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O, həmçinin, Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin vəzifə və səlahiyyətləri haqqında geniş məlumat verib. Prezident İlham Əliyevin 2007-ci il 28 iyul sərəncamı ilə təsdiq edilmiş şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya haqqında söhbət açan M.İsmayılov Milli Strategiyanın məqsəd və vəzifələri, əsas prinsipləri, Milli Strategiya üzrə tədbirlər haqqında da ətraflı məlumat verib.
Konfransda "ABC production"ın direktoru, "Siyasi Maarifçilik" İctimai Birliyinin idarə heyətinin üzvü Rəşad Xəlilov korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin, KİV-in, özəl sektorun rolu və beynəlxalq əməkdaşlıq sahəsində ətraflı çıxış edib. O bildirib ki, bu və bu kimi problemlərin aradan qaldırılması yalnız vətəndaşların, KİV nümayəndələrinin və dövlət orqanları nümayəndələrinin birgə əməkdaşlığı sayəsində mümkün ola bilər.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyası tərəfindən "Korrupsiyaya Qarşı Mübarizəyə Dair Normativ Hüquqi Aktlar" adlı kitablar, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Siyasi Maarifçilik" İctimai Birliyi tərəfindən hazırlanmış "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə Milli Strategiya" və korrupsiyaya qarşı mübarizə sahəsində respublika rəhbərliyi tərəfindən görülən işlərə dair məlumat kitabçası, buklet və kiçik təqvimlər iştirakçılara paylanılıb.