PDF Oxu

Sosial

  • 9

Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
"Cari ilin 6 ayında cinayətlərin ağır və xüsusilə ağır növləri bütövlükdə sabit qalıb, onların içində qəsdən adam öldürmələr 9,9 faiz, quldurluqlar 23 faiz, hədə-qorxu ilə tələb etmələr 18,2 faiz azalıb. Adamları girov götürmə və banditizm cinayətləri, ümumiyyətlə, qeydə alınmayıb"
Bunu DİN-də respublika daxili işlər orqanlarının cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov deyib.
DİN mətbuat xidmətindən "Səs" verilən məlumata görə, nazir müavini ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlərin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib.
Nazir maüvini deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 7,5 faiz çox olsa da bu artım, əsasən, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərin hesabına baş verib.
Cinayətlərin ağır və xüsusilə ağır növləri bütövlükdə sabit qalıb, onların içində qəsdən adam öldürmələr 9,9 faiz, quldurluqlar 23 faiz, hədə-qorxu ilə tələb etmələr 18,2 faiz azalıb.
Adamları girov götürmə və banditizm cinayətləri, ümumiyyətlə, qeydə alınmayıb. Profilaktiki işin düzgün təşkilinin, eləcə də vaxtında verilmiş əmr və göstərişlərin məntiqi nəticəsi olaraq, hüquqazidd əməllərin təhlükəliliyi nəzərəçarpacaq dərəcədə azalıb.
Cinayətlərin açılması 85,9 faiz, onların ağır və xüsusilə ağır növlərinin açılması 81,8 faiz təşkil edib. Prokurorluq orqanları ilə sıx əlaqədə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalan 227 cinayət açılıb.
Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi davam etdirilərək yerli və dövlətlərarası axtarışda olan 1271, o cümlədən, MDB və digər xarici ölkələrdə gizlənmiş 70, dövlət hakimiyyəti əleyhinə cinayətlərə görə axtarılan 2 nəfər tutulub.
"İnterpol"un Azərbaycan Respublikasında Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 38 nəfərin və İnterpola üzv ölkələr tərəfindən axtarılan 17 təqsirləndirilən şəxsin yeri müəyyənləşib.
Axtarışda qalan təqsirləndirilən şəxslərin sayı 2008-ci ilin 6 ayı ilə müqayisədə 9,9 faiz azalıb. Cinayətkarların axtarışı işinin göstəricisi bütövlükdə 50,6 faiz təşkil edib.
Bildirilib ki, dayanıqlı cinayətkar dəstələrə və qruplara qarşı aparılan mübarizə də səmərəli olub. Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə ağır və xüsusilə ağır cinayətlər törətmiş 381 nəfəri birləşdirən 141, o cümlədən, 26 nəfərdən ibarət 4 mütəşəkkil qrup və dəstə zərərsizləşdirilib.
Qrup halında cinayətlər 6,2 faiz, o cümlədən, əvvəllər məhkum olunmuşlardan ibarət qruplar tərəfindən törədilənlər 23,8 faiz azalıb. Qanunsuz saxlanılan 798 silah və 79 minə yaxın patron götürülüb ki, bu da odlu silahın tətbiqi ilə törədilən cinayətlərin sayında 6 faiz azalmanı şərtləndirib.
Görülmüş əməliyyat tədbirləri ilə insan alveri ilə əlaqədar 47 cinayət faktı aşkarlanaraq 41 nəfər məsuliyyətə cəlb olunmuş, 19 nəfərdən ibarət 9 cinayətkar qrup zərərsizləşdirilib, cinayətlərin qurbanı olan 60 şəxs müəyyənləşdirilib.
Həyata keçirilən tədbirlərlə müvafiq icazəsi və ya qeydiyyatı, habelə, yaşama hüququ verən sənədləri olmayan 233 əcnəbi saxlanılmış, onlardan 212-si ölkənin hüdudlarından kənara çıxarılıb.
Hesabat dövründə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən bu qəbildən 10 cinayət faktı müəyyən edilərək qanunsuz dövriyyədən 60 tondan çox istifadə müddəti ötmüş müxtəlif çeşiddə ərzaq məhsulları, 5 min ədəd kontrafakt içki, 120 tondan çox tikinti materialları, habelə, açıq satışı qadağan olunmuş 7 min ədəd dərman preparatı çıxarılıb.

Digər xəbərlər