“Parlament və media münasibətləri: mövcud durum və əməkdaşlığın perspektivləri”
Dünən Atatürk Mərkəzində "Parlament və media münasibətləri: mövcud durum və əməkdaşlığın perspektivləri" mövzusunda dəyirmi masa keçirildi. Tədbiri Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Tərəfsiz (Parlament) Jurnalistlər Birliyi reallaşdırıb. Dəyirmi masada çıxış edən birliyin sədri Elşad Eyvazlı bildirdi ki, millət vəkillərinin və media nümayəndələrinin iştirakı ilə keçirilən bu dəyirmi masanın məqsədi parlamentin fəaliyyətinin cəmiyyətə daha geniş çatdırmaq istiqamətində fikir mübadiləsi aparmaqdır.
Tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Nizami Cəfərov keçirilən tədbirin çox böyük əhəmiyyət daşıdığını dedi: "Parlament və media münasibətləri ilə bağlı keçirilən belə görüşlər ciddi məsələləri əhatə edir. Sevindirici haldır ki, Milli Məclisdə akkreditə olunan jurnalistlərimiz parlamentin fəaliyyətini ictimaiyyətə daha geniş şəkildə çatdıra bilirlər və bu, çox vacibdir. Ancaq mətbuatda Milli Məclisin gördüyü işlərlə bağlı formal məlumat verilir, qəbul olunmuş qanunlarla bağlı təhlillər aparılmır. Bu da müsbət hal sayılmamalıdır. Parlamentdə yüzlərlə qanun qəbul edirik ki, onların haqqında cəmiyyətdə izahat işləri aparılmalıdır".
Millət vəkili N.Cəfərov jurnalist peşəkarlığının aşağı olması məsələsinə də toxunaraq, bildirdi ki, ona görə də təcrübəsi olmayan gənc müxbirlərin parlamentin fəaliyyətinin lazımi səviyyədə işıqlandıra bilmirlər. Millət vəkili sentyabrda Bakı şəhərində Türkdilli Dövlətlərin Parlament Assambleyasının ilk sessiyasının keçiriləcəyini deyərək bildirdi ki, jurnalistlər türk dünyasının daha yaxından araşdırmalı və bu bu prosesdə fəallıq göstərməlidirlər.
Millət vəkili Sabir Rüstəmxanlı isə parlament müxbirlərinin bu yöndəki fəaliyyətini müsbət qiymətləndirərək, bildirdi ki, jurnalistlər cəmiyyətdəki problemlərə daha çox diqqət yetirməlidirlər. Daha dəqiq desək, parlament jurnalistləri təcrübəli, obyektiv və hadisələrə, Milli Məclisdə qəbul olunan qərarların mahiyyəti ilə bağlı məsələlərə tam aydın şəkildə cəmiyyətə çatdırmalıdır.
Dəyirmi masada, eyni zamanda, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədr müavini Gültəkin Hacıbəyli, millət vəkilləri Qənirə Paşayeva, Fuad Muradov, Nazim Məmmədov və eləcə də, KİV nümayəndələri çıxış edərək parlamentin fəaliyyətinin cəmiyyətə çatdırılması istiqamətində medianın rolundan danışdılar. Tədbir iştirakçıları qeyd etdilər ki, KİV nümayəndələri parlamentdə qəbul olunmuş qanunların ictimaiyyətə çatdırılmasında fəallıqlarını daha da artırmalıdırlar.