PDF Oxu

Sosial

  • 10

“Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi labüddür

“Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi labüddür

Zahid Oruc: "Müxalifətçi deputatlar işimizə mane olur"

Son vaxtlar müxalifət mətbuatının səhifələrində "Siyasi partiyalar haqqında" qanunla bağlı materialların verilməsi və qeyri-obyektiv fikirlərin söylənilməsi bir daha radikalların hansı məqsədi güddüklərini təsdiqləyir. Sözügedən qanuna əlavə və dəyişikliklər edilməsi təşəbbüsü ilə çıxış edən AVP-çi millət vəkili Zahid Oruc məsələ ilə bağlı açıqlamasında bildirib ki, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən bu təklif çox yerində və vaxtında olan təklifdir. Ümumiyyətlə, müasir tələblərə cavab verməyən hər hansı bir qanunun tezliklə müzakirəyə çıxarılmasına və mükəmməlləşdirilməsinə ehtiyac var. O cümlədən də, "Siyasi partiyalar haqqında" qanunun.
Z.Orucun bildirdiyinə görə, müxalifətdən olan deputatlar siyasi partiyaların fəaliyyətini tənzimləyəcək yeni qanunun qəbulunda maraqlı deyillər. AVP funksionerinin fikrincə, qanuna ediləcək dəyişiklik müxalifətin də maraqlarına uyğundur: "Bu gün müxalifət düşərgəsində əksər siyasi partiyaların prototipləri, alternativləri var. Ümumiyyətlə, bu düşərgədə ciddi problemlər mövcuddur. Bu problemlərin həlli isə yeni qanunun qəbulundan asılıdır. Ona görə də, birinci növbədə, müxalif deputatlar bu qanunun dəyişdirilməsində maraqlı olmalıdırlar. Ancaq təəssüf ki, müxalif deputatlar bizim işimizə mane olurlar".
Z.Oruc bildirdi ki, qanunun payız sessiyasında müzakirəyə çıxarılacağı ehtimalı böyükdür. Millət vəkili təmsil olunduğu partiyanın bununla əlaqədar yenidən məsələ qaldıracağını bildirib: "Demək olmaz ki, məsələ artıq qapanıb. Biz bu məsələnin müzakirəyə çıxarılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Güman edirəm ki, digər millət vəkilləri də mənə yardımçı olacaq".
Millət vəkili "Siyasi partiyalar haqqında" qanunda ciddi dəyişikliklər edilməsinə ehtiyac olduğunu deyib. Bildirib ki, qanun ictimai-siyasi reallıqlara, konstitusiyaya, Azərbaycan qanunvericiliyinə uyğun olmalıdır. Bu sənəd siyasi partiyalarla dövlətin, eləcə də digər qurumların münasibətlərini tənzimləməlidir. Qüvvədə olan qanun bu tələblərin heç birinə cavab vermir.
Z.Oruc, həmçinin, hazırda qüvvədə olan, 1992-ci ildə qəbul edilmiş "Siyasi partiyalar haqqında" qanunun Azərbaycanın bugünkü reallığına cavab vermədiyini və demokratiyanın inkişafına müəyyən çətinliklər yaratdığını vurğulayıb. Z.Oruc siyasi partiyaların dövlətdən maliyyələşdirilməsini zəruri saydığını bildirib və qeyd edib ki, bu, siyasi partiyaları xarici dövlətlərin müxtəlif qurumlarının maliyyələşdirməsinin qarşısını almalıdır.

Fazil Mustafa: "Sözügedən qanunda müəyyən dəyişikliklərin edilməsinə ehtiyac duyulur"

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa "Siyasi partiyalar haqqında" qanun layihəsinin təkmilləşdirilməsinin vacib olduğunu bildirib. Partiya lideri onu da qeyd edib ki, Yeni Azərbaycan Partiyasının bu yöndə irəli sürdüyü təklifləri bugünkü gündə düzgün addımdır. Ona görə də, bu gün elə bir uzlaşmış sənəd ortaya qoyulmalıdır ki, həm iqtidarı, həm də müxalifəti razı salsın".
F.Mustafa bununla bağlı layihə də hazırladıqlarını dedi. Onun sözlərinə görə, yeni layihədə partiyaların dövlətdən maliyyələşməsi kriteriyaları da əksini tapacaq: "Keçid müddəası olaraq bu məsələdə 2005-ci ilin parlament və 2008-ci ilin prezident seçkilərinin nəticələrini əsas götürmüşəm. 2010-cu ildən isə maliyyələşdirmə kriteriyası kimi parlament seçkilərinin nəticələrinin əsas götürülməsi təklif olunur. Partiyaların qeydiyyatı ilə bağlı müəyyən dəyişikliklər, onların ləğvinin çətinləşdirilməsi məsələsi də layihədə əksini tapacaq".
BQP sədri yeni sənəddə siyasi partiyaların maliyyələşməsi, partiyaların ləğvi, onların seçkilərdə iştirakı və partiyaların ləğvinə yeni əlavələr və digər məsələlərin göstərildiyini vurğulayıb: "Bizim partiyanın təşəbbüsü ilə bu layihə parlamentə təqdim olunub. Yeni Azərbaycan Partiyası da "Siyasi partiyalar haqqında" qanunun qəbulu məsələsinə aydınlıq gətirilməsini istəyir. Biz də buna müsbət yanaşırıq".
Sözügedən layihədə təklif olunan yeniliklər və nəzərdə tutulan əlavələr barədə indidən açıqlama vermək istəməyən partiya sədrinin sözlərinə görə, layihə açıqlanmadığı üçün onun detallarını açıqlamaq doğru deyil: "Bununla belə, hesab edir ki, sözügedən layihə demokratik və mütərəqqi dəyişiklikləri özündə ehtiva edir və bütün siyasi qüvvələr də bu dəyişikliklər barədə söz deyəcəklər. "Biz gözləyirik ki, YAP-ın təklifləri hazır olsun, sonra onun üzərində fikir söyləyək. Düşünürəm ki, bu məsələyə cari ilin oktyabr ayından sonra parlamentdə baxıla bilər".
F.Mustafa "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklər edilməsinə müsbət yanaşmasına baxmayaraq, digər müxalifət partiyalarının yeni qanuna çox bədbin yanaşdığını bildirib. Hər bir qanunun yeniləşməyə, daha da təkmilləşdirilməyə ehtiyacı olduğunu düşünən partiya sədri bunu zamanın tələbi kimi dəyərləndirir: "Bununla belə, hər bir qanunda olduğu kimi, "Siyasi partiyalar haqqında" qanunda da yeniliklərin edilməsi normaldır".

Digər xəbərlər