PDF Oxu

Sosial

  • 13

Su və meliorasiya sisteminin inkişafına dair Dövlət Proqramı hazırlanıb

Su və meliorasiya sisteminin inkişafına dair Dövlət Proqramı hazırlanıb
Azərbaycanda "2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədi ilə meliorasiya və su təsərrüfatı sistemində bir sıra iri layihələrin reallaşdırılması nəzərdə tutulur.
"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə "Səs"ə verdiyi açıqlamasında bildirib ki, növbəti illərdə bir sıra yeni magistral su kanallarının çəkilməsi, subartezian quyuların qazılması, mövcud suvarma şəbəkəsinin yenidən qurulması və su anbarlarının tikintisi planlaşdırılır: "Yaxın vaxtlarda Şəmkir su anbarının tikintisinə başlanacaq. Bu layihənin iqtisadi cəhətdən səmərəliliyi yüksəkdir. Anbar istifadəyə veriləndən sonra qərb bölgəsində nasos stansiyalarına bir ildə çəkilən xərclər 18 mln. manatadək azalacaq. Eyni zamanda, anbarın üzərində 25 MVt-lıq su elektrik stansiyası inşa olunacaq".
Ə.Əhmədzadə yaxın vaxtlarda Neftçala suvarma kanalının tikintisini, Biləsuvrda reallaşdırılan meliorasiya layihələrinin başa çatacağını da deyib.
Təşkilat rəhbəri əkin sahələrinin suvarılması ilə bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda əkilmiş sahələrin 90 faizi suvarılan ərazilərin payına düşür: "Son illər meliorasiya sahəsinə yönəldilən vəsaitlər artır. Qeyd edim ki, 2003-cü ildən indiyədək ötən 5 ildə dövlət büdcəsindən bu sahəyə kapital qoyuluşu 22 dəfəyə yaxın artıb".
Ə.Əhmədzadə onu da bildirib ki, hazırda 1000 hektar sahə üçün axınlı suvarma şəbəkəsinin qurulmasına 5 mln. manat investisiya lazım olduğu halda, çiləmə üsulu ilə şəbəkənin qurulması üçün ən azı 10-12 mln. manat vəsait lazımdır: "Çiləmə üsulu ilə torpağın məhsuldarlığını 2 dəfə artırmaq, eyni zamanda, suya qənaət etmək mümkündür. Əgər öz axını ilə 1 ha sahəni suvarmağa 1000 kubmetr su lazımdırsa, çiləmə üsulunda bu 400 kubmetrə çatır".
Təşkilat rəhbəri Sərsəng su anbarı ilə bağlı açıqlamasında bildirib ki, beynəlxalq təşkilatlar məsələyə bu günədək heç bir reaksiya verməyiblər. Ə.Əhmədzadənin sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə müvafiq beynəlxalq təşkilatlar qarşısında işğal nəticəsində baxımsız qalmış Sərsəng su anbarının vəziyyətinə dair narahatçılığını çatdırıb: "Biz anbarın baxımsızlıqdan qəza vəziyyətinə düşməsindən narahatıq. Ermənilər yaz-yay mövsümlərində aran ərazilərdə suya ehtiyac yarandıqda, anbardan verilən suyun qarşısını kəsirlər. Anbarda normadan artıq suyun toplanması nəticəsində isə bəndlərdə qəza baş verə bilər".
Ölkədə meliorasiya və su təchizatı sisteminin yenidən qurulması və inkişafını nəzərdə tutan Dövlət Proqramının layihəsi ilə bağlı məsələyə də aydınlıq gətirən Ə. Əhmədzadə bu sahədə uğurlu işlərin getdiyini bildirdi: "Proqramda Azərbaycanın meliorasiya sisteminin yenidən qurulması, inkişafı, çoxlu sayda su anbarları və magistral kanalların tikintisi, torpaqların meliorasiya və su təchizatı məsələlərinin yaxşılaşdırılması əksini tapıb".
Ə.Əhmədzadənin sözlərinə görə, proqram 2009-2015-ci illəri əhatə edəcək: "Hazırda proqramın layihəsinə prezident administrasiyasında baxılır".

Digər xəbərlər