PDF Oxu

Sosial

  • 10

Moskva görüşü beynəlxalq qurumların maraq dairəsindədir

Moskva görüşü beynəlxalq qurumların maraq dairəsindədir
Ölkə Prezidenti İlham Əliyevin xarici dövlətlərə işgüzar səfərləri, keçirdiyi görüşləri həmişə beynəlxalq aləmin diqqət mərkəzində olmuşdur. Hər şeydən əvvəl, ona görə ki, son illər müstəqil dövlətimizin dünya birliyində mövqeləri xeyli möhkəmlənmiş, əlaqələri genişlənmişdir. Azərbaycan dünyada iri infrastruktur layihələrinin reallaşdırılmasında artıq böyük təcrübəsi olan dövlət kimi tanınır. Digər tərəfdən, dünyanı bürüyən iqtisadi qlobal maliyyə böhranının ölkəmizə o qədər də ciddi təsir göstərməməsi, xarici siyasət sahəsində qazanılan uğurlar müstəqil dövlətimizin nüfuzunu daha da artırmışdır.
Politoloq Mübariz Əhmədoğlu dövlət başçısının Rusiya Federasiyasına sonuncu işgüzar səfəri və Ermənistan prezidenti Serj Sarkisyanla görüşünün Dağlıq Qarabağ probleminin müzakirəsi baxımından önəmli əhəmiyyət daşıdığını bildirdi. O, vurğuladı ki, iki ölkə prezidentlərinin 2008-ci ilin iyununda keçirilmiş ilk görüşündən keçən müddət ərzində, bu, altıncı görüş idi. Politoloqun qənaətinə görə, Azərbaycan Prezidenti qətiyyətli mövqe nümayiş etdirərək, Ermənistanı növbəti dəfə də fakt qarşısında qoydu:
- İlk növbədə, bir faktı vurğulamaq lazımdır ki, Azərbaycan tərəfi münaqişənin nizamlanmasında beynəlxalq hüququn normalarına üstünlük verir. Dövlət başçımız Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirərək və torpaqlarımızın bir qarışının belə güzəştə gedilməyəcəyini bəyan etmişdir. Lakin Ermənistan tərəfi isə indiyə qədər qeyri-konstruktiv mövqe nümayiş etdirməkdədir. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında dövlət başçımızın beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verməsi, Ermənistan tərəfinin isə işğalçılıq siyasətindən əl çəkməməsi, keçirilən görüşlərdə konstruktiv mövqe nümayiş etdirməməsi, işğal altında saxladıqları Azərbaycan ərazilərini azad etmək fikrində olmaması beynəlxalq aləmin diqqət mərkəzindədir. Bu baxımdan Azərbaycan və Ermənistan prezidentlərinin görüşü böyük maraq doğururdu.
Politoloq dedi ki, beynəlxalq nümayəndələr də bu görüşü diqqət mərkəzində saxlayıblar:
- ABŞ-ın dövlət katibi Hillari Klinton və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu birgə keçirdikləri mətbuat konfransında da Moskvada Azərbaycan və Ermənistan prezidentlərinin keçirdikləri görüşü diqqətdə saxladıqlarını bəyan etmişlər. ABŞ-ın dövlət katibi H.Klinton qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı uzun müddət həllini tapmayan məsələlərin həlli üçün qısa müddətdə ciddi irəliləyiş əldə olunub. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yaydıqları bəyanatda da iki ölkə prezidentlərinin görüşünün müsbət addımlarla nəticələndiyi bildirilir. Bəyanatda qeyd edilir ki, təkbətək və həmsədrlərin iştirakı ilə keçirilən görüşlərdə prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanma konsepsiyasını bütünlükdə nəzərdən keçirib və hələ də razılaşdırılmamış elementləri müzakirə etmişlər. Bildirilir ki, müzakirələr konstruktiv atmosferdə keçib və tərəflər arasında baza prinsipləri ilə bağlı fikir ayrılıqlarını azaldan müsbət addımlarla nəticələnib.

Digər xəbərlər