Milli Mətbuatımız 134-cü ildönümünü qeyd etdi
Dünən Bakı Əyləncə Mərkəzində Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə (KİV) Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası tərəfindən 22 İyul - Mətbuat Günü münasibətilə KİV-lərə birdəfəlik maliyyə yardımı ayrılmasının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib ki, milli mətbuatın ilk nümunəsi olan "Əkinçi" qəzeti 134 il əvvəl Azərbaycan oxucusuna təqdim edilib. Onun sözlərinə görə, bu gün Azərbaycan mətbuatının yaranmasının 134-ci ildönümüdür və Azərbaycan maarifçiliyinin böyük nümayəndələri sırasında xüsusi yeri olan Həsən bəy Zərdabi çətinliklə icazəsini aldığı "Əkinçi" qəzetinin ilk nömrəsini 1875-ci il məhz iyulun 22-də Azərbaycan oxucusuna təqdim edib.
"Beləliklə də əkməklə başlayan mətbuatımız həm də azad sözün toxumlarını səpib. İlk baxışdan qüsurlar nəzərə çarpsa da, "Əkinçi" millətin aynası olub. Həsən Bəy Zərdabi Azərbaycanda hökm sürən cəhalətin və savadsızlığın aradan qaldırılması üçün mətbuatı əvəzolunmaz vasitə hesab edirdi. 1875-ci ilin iyulundan 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi çıxan "Əkinçi"nin Mirzə Fətəli Axundov, Nəcəf Bəy Vəzirov, Əsgər Ağa Gərani və sair kimi köməkçi və müxbirləri var idi", - deyən Ə.Amaşov bu gün də Azərbaycan mətbuatının uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Ə.Amaşov hazırda Azərbaycanda 2500-ə yaxın jurnalist olduğunu və 3500-ə yaxın kütləvi informasiya vasitəsi qeydiyyatdan keçdiyini vurğulayıb. Onun sözlərinə görə, qeydiyyatdan keçən KİV-dən yalnız 650-si fəaliyyət göstərir. "Onlardan 400-ə qədəri qəzet, 50-yə yaxını isə elektron kütləvi informasiya vasitəsidir. Azərbaycan Respublikasının 1995 - ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50 - ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirilib", - deyə Ə.Amaşov əlavə edib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə bildirib ki, sözün həqiqi mənasında Azərbaycan mətbuatı yarandığı gündən, bu günə kimi böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, bu inkişaf yolunda öz milli ənənələrini formalaşdırıb və mətbuat cəmiyyət qarşısında özünün təqdim etdiyi jurnalistlər, ziyalılar vasitəsilə müəyyən missiyaları üzərinə götürüb, şərəflə həmin missiyaları reallığa çevirib. "Mən düşünmürəm ki, 1875-ci ildə böyük maarifçi alim Həsən bəy Zərdabi "Əkinçi" qəzetini Azərbaycan əkinçisi və kəndlisi üçün təsis edərkən, böyük imkanlı alim olub və onun bu qəzeti təsis etməkdə hansısa siyasi maraqları olub. O, bu qəzetdən siyasi resurs kimi öz maraqları üçün istifadə etməyib. Mən əminəm ki, Həsən bəy Zərdabi "Əkinçi" qəzetini məhz öz xalqını və millətini formalaşdırmaq, onu maarifləndirmək, o dövrdə baş verən ictimai, siyasi, iqtisadi, mədəni və digər məsələlərlə tanış etmək məqsədi daşıyıb", - deyən Ə.Həsənov "Əkinçi"dən başqa milli mətbuat öz inkişafını sonrakı dövrdə Azərbaycan maarifçilərinin simasında davam etdirdiyini bildirib. Ə.Həsənov qeyd edib ki, o dövrdə Azərbaycanın tanınmış ziyalıları Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Məmməd Əmin Rəsulzadə, Üzeyr Hacıbəyov, Ceyhun Hacıbəyov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov və digərləri Azərbaycan mətbuatında fəaliyyət göstəriblər və Azərbaycan xalqının maariflənməsində, inkiaşfında, bizim mənəvi dünyamızın zənginləşməsində böyük rol oynayıblar. Ə.Həsənovun sözlərinə görə, Sovet hakimiyyəti dövründə Azərbaycan mediası sosialist-realizm prinsiplərinə qoşulmağa məcbur edilib və Azərbaycan cəmiyyətinin sonrakı sosializm ideyaları ətrafında sosial cəmiyyəti birləşdirmək missiyasını həyata keçirib. "Demək olmaz ki, bu 70 ildə Azərbaycan mediası inkişafdan qalıb, qətiyyən bu belə deyil. Azərbaycanın bütün tanınan jurnalist nəsili məhz bu 70 il ərzində yetişib və Azərbaycan elminin, mədəniyyətinin, mənəviyyatının formalaşmasında və inkiaşfında xüsusi önəm kəsb edib. Azərbaycan dili, mədəniyyəti inkişaf etdirilib və Azərbaycan jurnalistikası yeni-yeni ənənələrlə zənginləşdirilib. Bu gün biz müstəqilliyimiz yolunda həmin o dəyərləri davam etdiririk", - deyə Ə.Həsənov vurğulayıb. Ə.Həsənov Azərbaycan mediasının bu gün keçmiş Sovet ölkələri arasında ən sürətli inkişaf edənlərdən biri olduğunu söyləyib.
"Azərbaycanda medianın əlbəttə ki, problemləri də var, biz bu problemləri görməmiş deyilik. Azərbaycan mediasının birinci problemi, onun maddi-texniki bazasının zəifliyidir. Jurnalistikanın müstəqil yaşama imkanlarının aşağı olmasıdır. Azərbaycan mediasının ikinci ən böyük problemi professional jurnalistlərin sayının azlığıdır. Bu gün Azərbaycan mediasında çalışan professional jurnalistlərin sayı, mediada çalışan qeyri-professional jurnalistlərin sayından 10 dəfə aşağıdır. Təsəvvür edin ki, bir qəzetdə 5 nəfər professional jurnalist fəaliyyət göstərirsə, eyni zamanda 55 nəfər həmin media orqanının vəsiqəsini üzərində gəzdirir", - deyən Ə.Həsənov həmin "jurnalistlər"in də Azərbaycan cəmiyyətinin formalaşmasında iştirak etdiyini bildirib. Ə.Həsənov təəssüflə deyib ki, Azərbaycan mediasında bu gün ölkə cəmiyyətini inkişafa yönəldə bilən ziyalıların yazıları azlıq təşkil edir, əksinə Azərbaycan cəmiyyətinin inkişafına lazım olamayan insanlarla bağlı qəzetlərin səhifələrində yazılar yerləşdirilir. Onun sözlərinə görə, mənəvi potensialı olan olan insanlar passivdirlər, lazım olmayan insanlar isə daha çox mətbuatda işıqlandırılırlar. "Bu kimi məsələlər də bu günki mediamızın inkişafına çox mənfi təsir göstərir. Azərbaycanın müstəqil mediasının bu gün səviyyəyə gəlib çatmasında və inkişafında ümummilli liderimiz Heydər Əliyevin xüsusi rolu olub. Ümumiyyətlə, Azərbaycan tarixində media ilə, jurnalistlərlə bu qədər yaxından işləyən ikinci siyasətçi tanımıram. Heydər Əliyev qədər jurnalistikaya həssas, diqqət və qayğı ilə yanaşan siyasətçi olmayıb. Azərbaycan mediasının üzərindən senzuranın ləğvi məsələsi də məhz Heydər Əliyevə nəsib olub. Bu gün media ənənələrinin əsası məhz Heydər Əliyev dövründə qoyulub", - deyə Ə.Həsənov əlavə edib. Sonra Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə (KİV) Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Dövlət Dəstəyi Fondu tərəfindən 22 İyul - Mətbuat Günü münasibətilə KİV-lərə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərarı oxuyub və birdəfəlik maliyyə yardımı olunan mətbuat orqanlarının adını elan edib.