PDF Oxu

Sosial

  • 11

Dövlətlərarası “Birlik ulduzları” mükafatı

Dövlətlərarası “Birlik ulduzları” mükafatı
MDB-nin üzvü olan ölkələrin Humanitar Əməkdaşlıq Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu 2009-cu ildə elm və təhsil, mədəniyyət və incəsənət, habelə, humanitar fəaliyyət sahəsində Dövlətlərarası "Birlik ulduzları" mükafatlarını almaq üçün namizədlərin irəli sürülməsinə başlanılmasını elan etmişdir.
Dövlətlərarası "Birlik ulduzları" mükafatı elm və ya təhsil sahəsində MDB-nin ümumi elm və təhsil məkanının inkişafına kömək edən sanballı töhfələrə görə verilir. Mədəniyyət və incəsənət sahəsində mükafat MDB məkanında mədəniyyət və mədəni irs sahəsində əməkdaşlığın inkişafına təsir edən xüsusi əhəmiyyətli əsərlər yaradılmasında və yaradıcı işlərdə ifadə olunan böyük töhfəyə görə verilir. Humanitar sahədə dövlətlərarası "Birlik ulduzları" mükafatı mədəniyyətlərarası dialoq və humanitar əməkdaşlıq sahəsində bütövlükdə MDB ölkələri xalqlarının yaxınlaşmasına kömək edən böyük nailiyyətlərə görə verilir.
"Birlik ulduzları" mükafatları pul məbləğindən, diplomdan, mükafat laureatının fəxri nişanından və fəxri nişanın vəsiqəsindən ibarətdir. Adları çəkilən 3 nominasiyanın hər biri üzrə 2 milyon rubl məbləğində 3 mükafat təqdim edilir. Dövlətlərarası mükafata namizəd kimi irəli sürülən şəxsin və ya kollektivin elm, təhsil, mədəniyyət, incəsənət və ya humanitar fəaliyyət sahələrində inkişafa verdiyi töhfə dünya nailiyyətləri səviyyəsinə müvafiq olmaqla, həm MDB-nin üzvü olan hər bir ölkənin, həm də, bütövlükdə, birliyin inkişafına kömək etməlidir. Mükafat almağa namizədlər HƏŞ və DHƏF iştirakçıları olan MDB ölkələrinin hökumətləri və ya onların müvəkkil etdiyi orqanlar tərəfindən irəli sürülür. MDB üzvü olan ölkələrin hər biri, üç nominasiyanın hər biri üzrə bir namizəd olmaqla, dövlətlərarası "Birlik ulduzları" mükafatı almaq üçün üç namizəd irəli sürə bilər. Əgər namizəd kimi iddiaçılar kollektivi irəli sürülürsə, həmin kollektivə yalnız yaradıcı töhfəsi daha əhəmiyyətli olan əsas müəlliflər daxil edilməli və onların sayı 3 nəfərdən çox olmamalıdır. İddiaçılar kollektivinə namizədlərin yalnız inzibati və təşkilati iş əlamətinə görə daxil edilməsi yolverilməzdir.
Dövlətlərarası "Birlik ulduzları" mükafatı laureatlarının adları 2009-cu ilin dekabrında kütləvi informasiya vasitələrində dərc ediləcəkdir. Laureatların elan olunması və təltif edilməsi mərasiminin 2010-cu ilin aprel ayınadək keçirilməsi nəzərdə tutulur. Dövlətlərarası "Birlik ulduzları" mükafatlarını almağa namizədləri irəli sürən hökumətlər və ya onların müvəkkil etdiyi orqanlar 2009-cu il sentyabrın 30-dək hər bir iddiaçı üçün yazılı təqdimatı DHƏF-in icraçı direktorluğuna göndərməlidirlər. Təqdimata namizədlərin irəli sürülməsi üçün əsas olan materiallar (o cümlədən, dərc edilmiş və ya başqa üsulla yayılmış elmi, yaradıcı, bədii, metodik işlər) əlavə edilir.

Digər xəbərlər