Məlum olduğu kimi, "Xalq diplomatiyası" çərçivəsində bir qrup ziyalı Azərbaycanın və Ermənistanın Rusiyadakı səfirlərinin təşkilatçılığı ilə Dağlıq Qarabağa səfər etdilər. İndi isə bir qrup Azərbaycan jurnalisti Xankəndinə səfər etməyi planlaşdırır. Dağlıq Qarabağa səfərlərini münaqişənin həllinə necə kömək edə bilər? Bu məsələyə aydınlıq gətirmək üçün politoluq, ziyalı və qəzet baş redaktoruna müraciət etdik.
Vilayət Əliyev, ADPU-nun prorektoru:
- Burada söhbət ondan gedir ki, bizim ziyalılar və jurnalistlər səfər zamanı orada yaşayan ermənilərlə dialoq yaratsınlar. Yəni bu ziyalılar, jurnalistlər istəyir ki, cəmiyyətdə olan gərginliyi aradan qaldırsınlar. Əgər səfər bu istiqamətdə olarsa, çox yaxşıdır. Lakin səfərdə iştirak edən nümayəndə heyəti orada televiziya qarşısında çıxış edərək ermənilərə müraciətlə sözlərini deyə bilmirlərsə və onlara o, köhnə günləri yada salıb onlarda insani keyfiyyəti ortaya qoya bilmirlərsə, belə səfərlərin Dağlıq Qarabağda qırğınlar, vəhşiliklər törədən ermənilərlə görüşməsinin heç bir mənası yoxdur.
Bu gün prezidentlər Moskvada görüşəcəklər. Mən arzu edərdim ki, bu görüşdə Rusiya özünün daxili oyunlarını bir kənara qoyaraq erməniləri başa salsın ki, onların köməyi ilə ələ keçirdikləri torpaqları geri qaytarsınlar və bundan sonra da bu oyuna artıq son qoysunlar. Sizə Azərbaycan dövləti və onun Prezidenti imkan verir ki, Dağlıq Qarabağda azərbaycanlılarla bir yerdə yaşayasınız. Orada bir-birinizlə mehriban olasınız və öz sturukturunuzu yaradasınız, hətta iqtisadiyyatınızı belə qurasınız. Bu cür uğurlu bir yolla tərəflərin qarşılıqlı söhbəti alınarsa və Ermənistan prezidenti öz mövqeyindən geri çəkilərək "mən İlham Əliyevin verdiyi təkliflə razıyam" deyərsə, mən bu cür gediş-gəlişlərin sayının artırılmasının tərəfdaram.
Qabil Hüseynli, politoloq:
- "Xalq diplomatiyası" bütün dövrlərdə sınaqdan çıxarılmış bir üsuldur. Hələ indiki zamanda, yəni Ermənistanla münasibətlərin çox gərgin olduğu və xüsusilə Ermənistan cəmiyyətinin radikal bir qüvvəyə kökləndiyi bir vaxtda, fikrimcə, belə qarşılıqlı səfərlərin təşkil edilməsinin əhəmiyyəti çox böyük ola bilər.
Ziyalıların və jurnalistlərin belə səfərləri bu münaqişənin həllinə kömək edər desək, bir o qədər də inandırıcı olmaz. Amma belə səfərlər ən azından xalqlar arasında olan anlaşmaya təsir edə bilər. Digər tərəfdən də, əgər daha irimiqyaslı və mütəmadi xarakter daşıyarsa, sözsüz ki, bu cəmiyyətlərin hər birində, öz növbəsində, sülh yaratma prosesinə də müəyyən təsir edər. Zənnimcə, sülh yaratmaq prosesi tamamilə siyasilərin və beynalxalq vasitəçilərin sərəncamında ola bilər. Başlıcası danışıqların müsbət nəticələnməsi və münaqişənin sülh yolu ilə həll olunmasında ictimai rəyin rolu əhəmiyyətlidir.
Vəli Vəliyev, "Azad Azərbaycan" qəzetinin baş redaktoru:
-"Xalq diplomatiyası" mücərrəd bir anlayışdır. Ölkənin taleyüklü məsələlərinin həllində bu üsuldan, adətən, ən sonda istifadə edilir. Yəni, hərbçilər, dövlətlərin rəsmi orqanları, diplomatik korpuslar öz sözlərini deyib qurtarır və bundan sonra xalq diplomatiyasına yer qaldığı halda bu metod işə düşür. Yoxsa, kim nə vaxt istəsə xalqın adından danışa və yaxud nəyi isə imzalaya bilməz. Bu pərakəndəliyə, fikir ayrılığına gətirib çıxara bilər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, deyə bilərəm ki, bu məsələyə yanaşmada diqqətli olmaq lazımdır. Ermənistan tərəfi müvəqqəti olaraq "qalibiyyətdən başgicəllənməsi" mərhələsini yaşayır. Ermənilər elə başa düşürlər ki, "xalq diplomatiyası"nın işə düşməsi Azərbaycanın zəifliyindəndir. Bizim müxalifət də bunu zəiflik kimi yozmağa başlayıb. Ara-sıra qəzetlərdə yazırlar ki, bu ədalətsiz müharibədə 20 mindən artıq itki vermişik, ona görə də, ermənilərlə bir yerdə yaşaya bilmərik. Bu insanları da başa düşmək olar. Ancaq heç bir qüvvə Ermənistanla Azərbaycanı qonşuluq statusundan məhrum edə bilməz. Ya ikisindən biri tamam məhv olmalı, ya da qonşu kimi yaşamalıdırlar.
Reallığa nəzər salsaq, rəsmi Yerevan Azərbaycanın bütün sahələrdə artan gücünü hesaba almamış deyil. Bir tərəfdən də, Dağlıq Qarabağda yaşayan erməni icmasının nə vaxtsa Azərbaycanın tərkibində yaşamaq arzusunun baş qaldıracağından qorxur. Çünki növbəti addım işğal etdiyi ərazilərin itirilməsi, daha doğrusu, Azərbaycanın qanuni idarəçiliyinə keçməsi olacaq.
Digər tərəfdən, mən bir vətəndaş olaraq düşünürəm ki, əgər Dağlıq Qarabağda yaşayan erməniləri Azərbaycan vətəndaşı hesab ediriksə, onlarla təkcə hərb yox, eyni zamanda, sülh dilində danışmağı da bacarmalıyıq. Daha konkret desək, "xalq diplomatiyası" yalnız dövlət başçısı İlham Əliyevin apardığı danışıqların ab-havasına uyğunlaşdırılaraq işə salınmalıdır.