PDF Oxu

Sosial

  • 6

Beynəlxalq aləmdə Azərbaycanın siyasi uğurları artmaqda davam edir

Beynəlxalq aləmdə Azərbaycanın siyasi uğurları artmaqda davam edir
BMT siyasi münaqişələrin tənzimlənməsində kifayət qədər yaxından iştirak edən bir təşkilatdır. Biz öz təcrübəmizdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində BMT-nin yaxından iştrakının şahidi olmuşuq. Bundan başqa dünyada baş verən digər münaqişələrin tənzimlənməsi prosesində də BMT-nin yaxından iştrakını təsdiq edən faktlar mövcuddur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 822-ci, 853-cü, 874 və 84 saylı qətnamələr qəbul edilmişdir. Çox təəssüf hissi ilə, demək olar ki, sadalanan bu qətnamələrin icrası istiqamətində hələ də heç bir iş görülmür və masa üzərində qalmaqdadır. Politoloq Elşad Mirbəşiroğlunun sözlərinə görə siyasi münaqişələrin, mübahisəli ərazi münaqişələrinin tənzimlənməsi prosesində BMT-nin çox nadir hallarda fəaliyyəti səmərəli olmuşdur. Ona görə ki, birincisi bu təşkilatın kifayət qədər təzyiqetmə imkanları yoxdur. Daha doğrusu, bu imkanları mövcuddur, sadəcə olaraq, bunun səmərəli təşkil edilməsi üçün bir mexanizm yoxdur. Bunun üçün də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində digər mötəbər təşkilatlarla yanaşı BMT-nin iştrakı o qədər də səmərəli olmamışdır. BMT-nin çıxardığı qətnamələrə gəlincə isə, hamıya bəllidir ki, Azərbaycanın əraziləri işğal olunması ilə bağlı 822-ci, 853-cü, 874 və 84 saylı qətnamələr qəbul edilmişdir. Bu qətnamələrin icrası istiqamətində hələ də heç bir iş görülmür, kağız üzərində qalmaqdadır. Düzdür, bu qətnamələrin qəbul edilməsi özlüyündə Azərbaycan üçün müsbət bir haldır. Amma eyni zamanda, bu səpkidə BMT-nin qətnamə qəbul etməsini mənfi hal kimi də dəyərləndirmək olar. Məsələn, 822 saylı qətnamədə göstərilir ki, Azərbaycanın hər hansı bir rayonu işğal olunubdur. Həmin o işğal pislənilir, lakin göstərilmir ki, işğal kim və yaxud hansı dövlət tərəfindən həyata keçirilir. Bir növ BMT bu qətnaməsi ilə Ermənistanını fəaliyyətini ört-basdır etmək istəyir. Yəni işğalçının kim olduğunu gizlədir, hadisələrə bir növ gölgə salır. Əslində, doğrudan da, qətnamə Azərbaycanın xeyrinə idisə o zaman orada göstərilməliydi ki, Azərbaycanın erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş əraziləri dərhal azad olunsun və işğalçı ölkənin adı açıqlanmalıydı, aşkar pislənməliydi. Uyğun olaraq 852, 874 və 884 saylı qətnamələrdə də Azərbaycanın torpaqlarının müəyyən hissəsinin işğalı pislənilib və ərazinin azad olunması, qaçqınların, köçkünlərin geri qayıtması haqqında göstərişlər verilib. Yenə də göstərilmir işğal kim tərəfindən olunub. Bu mənada həmin qətnamələrin icrası diqqət mərkəzində olmur. İşğalçı göstərilməsə də, Azərbaycan torpaqlarının işğalçılıq faktı var. Bu, pislənilir və qeyd olunur ki, həmin ərazilər azad olunmalıdır. Çox təəssüf ki, bunlar söz olaraq qalmaqdadır. Bütün bunların həyata keçirilməsinə nəzarət mexanizmi BMT tərəfindən həyata keçirilmir, reallaşdırılmır. Ona görə də, bu qətnamələrdə çox şey gözləmək düzgün olmazdı. Birmənalı olaraq BMT-nin bir qətnaməsini pozitiv qiymətləndirmək olar . Bu da 2008-ci il mart ayının 14-də BMT-nin Baş Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair qətnamədir. Bu qətnamədə konkret olaraq göstərilir ki, işğalçı tərəf kimdir. Heç bir şərt qoyulmadan göstərilir ki, qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmalıdır. İşğal olunmuş ərazidən qaçqın düşmüş insanlar öz yurdlarına qayıtmalıdır. Mən bunu ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasətinin nəticəsi hesab edirəm. Məhz dövlət başçısının siyasi iradəsi və diplomatik gücü sayəsində bu cür qətnamə qəbul olunmuşdu. Amma buna qədər həmişə müşahidə etmişik ki, bu təşkilatda ikili standartlar nümayiş etdirilir. ATƏT-in Minsk Qrupunun fəaliyyətinə də toxunan politoloq qeyd etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin işi fəaliyyətsizlikdən ibarət olub. Yəni ki onların əsas fəaliyyətində söz oyununa üstünlük verilib. Əsası olmayan gümanlarla çıxış ediblər. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin tərkibinə nəzər saldıqda, çox mətləblər aydınlaşır. ABŞ, Rusiya və Fransanın ayrı-ayrılıqda tutduğu mövqeləri təhlil edəndə, görürük ki, Minsk Qrupu münaqişənin həlli istiqamətində heç bir iş görməyəcək. Politoloqun fikrincə, son dövrlər, Minsk Qrupunun fəaliyyətində nisbətən dinamiklik müşahidə olunur. Bu da regionda yaranmış geosiyasi vəziyyətlə əlaqədardır. Onlar məcbur olurlar ki, məsələnin həllinə daha ciddi və diqqətli yanaşsınlar. Bir şeyi xatırlatmaq yerinə düşər ki, 2008-ci ilin mart ayının 14-də Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı qətnamədə münaqişənin həllini şərtləndirməli olan ATƏT-in Minsk Qrupunun həmsədrləri məsələyə birtərəfli mövqe bildirmişilər. Daha doğrusu, məsələnin əleyhinə səs vermişdilər. Münaqişənin həlli istiqamətində vasitəçi kimi çıxış edən tərəf ən yaxşı halda bitərəf mövqe nümayiş etdirməlidir. Tərəflərdən bu və ya digərinin haqsız olduğu halda dəstəklənməsi artıq onun özünü münaqişə tərəfi hesab etməyə imkan verir. Bu da onların Azərbaycana qarşı əks cəbhədə mövqe tutmasını açıq-aşkar biruzə verir. Düzdür, son vaxtlar Rusiyanın bu sahədə təşəbbüskarlığı artıb. Xüsusilə də, 2008-2009-cu illərdə Rusiyada Azərbaycan və Ermənistan prezidentlərinin dəfələrlə görüşlərinin keçirilməsi, eyni zamanda, bu yaxınlarda İtaliyada keçirilən "Böyük səkkizliy"in toplantısında Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunaraq konkret tənzimləmə prinsiplərinin təqdim olunması müəyyən dərəcədə bu istiqamətdə irəliləyişin olmasından xəbər verir. Bu da Azərbaycan tərəfinin, siyasi hakimiyyətinin, başda ölkə Prezidenti İlham Əliyev olmaqla Azərbaycanın uğurudur. Biz sübut edə bilirik ki, Azərbaycan beynəlxalq hüququn kifayət qədər ciddi bir subyektidir və Avropanın, istərsə də Rusiyanın enerji təhlükəsizliyinin həll olunmasında açar rolunu oynamağa qadir bir ölkədir. Buna görə, onlar məcburdurlar ki, Azərbaycanın haqq səsinə artıq səs versinlər, münaqişənin ədalətli həlli istiqamətində hər hansı addımlar atsınlar.

Digər xəbərlər