Xəbər verdiyimiz kimi, iyulun 13-də Ankarada "Nabucco" qaz boru xəttinin tikintisi ilə bağlı hökumətlərarası sazişin imzalanmasına həsr olunmuş sammit keçirilib. İmzalama mərasimində xarici dövlətlərdən və Avropa Birliyindən 30-dan çox nümayəndə iştirak edib. Tədbirə layihənin iştirakçıları ilə yanaşı (Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya və Almaniyanın enerji şirkətləri) Avropa Komissiyasının sədri Coze Manuel Barrozu, Azərbaycan, İraq, Misir, Suriyanın hökumət başçıları və enerji idarələrinin rəhbərləri, habelə, Gürcüstan prezidenti Mixail Saakaşvili də qatılıb.
Natiq Əliyev: "Azərbaycan öz qazını bütün istiqamətlərdə bazara çıxarmaqda maraqlıdır"
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev sammitdə rəsmi Bakının öz karbohidrogen ehtiyatlarını beynəlxalq bazarlara etibarlı şəkildə nəql etməkdə maraqlı olduğunu deyib.
Azərbaycanın hazırda bir neçə istiqamətdə- Bakı-Ceyhan, Bakı-Ərzurum, Bakı-Supsa və digər marşrutlarla neft-qaz ixrac etdiyini, təkcə Gürcüstan və Türkiyə deyil, eyni zamanda, Rusiya, İran və Yunanıstan kimi ölkələrə də enerji ehtiyatları satdığını xatırladan nazir bildirib ki, Azərbaycan enerji sektorunda digər tərəfdaşlarla əlaqələrin genişləndirilməsində və regionda effektiv nəql dəhlizinin yaradılmasında maraqlıdır.
N.Əliyev Yunanıstan-İtaliya qaz kəməri layihəsi çərçivəsində uğurlu əməkdaşlıq edildiyini və rəsmi Bakının cəlbedici, əlverişli şərtlərlə hər istiqamətdə nəqlin, o cümlədən, "Nabucco" qaz kəməri layihəsinin icrasında maraqlı olduğunu söyləyib. O, istənilən halda belə layihələrin bazar iqtisadiyyatının prinsiplərinə, o cümlədən, şəffaflıq və istehlakçı razılığına əsaslanmalı olduğunu deyib.
İlham Əliyev Bakı-Tbilisi-Ərzurum qaz kəmərini tikməsəydi, bu gün "Nabucco" sazişinin imzalanması mümkün olmazdı
Azərbaycansa layihənin maliyyələşdirilməsində iştirak etmək niyyətində deyil. Güman ki, Bakı, boru kəməri ortalıqda olmadıqca, qəti qərar verməyəcək. Boru olarsa və sərfəli kommersiya qiymətləri təklif edilərsə, çox güman ki, Azərbaycan bu kəmərdən imtina etməyəcək.
Bu günlərdə Böyük Britaniyaya səfər edən Prezident İlham Əliyev Londonda xarici jurnalistlərə bildirib ki, Azərbaycan "Nabucco" ilə Qərb istiqamətində nəql edilməsi üçün kifayət qədər təbii qaz ehtiyatlarına malikdir: "Azərbaycan həmişə Nabukko layihəsini dəstəkləyib. Ümumiyyətlə, "Nabucco" bir layihə kimi Azərbaycandan Türkiyəyə qaz kəmərinin çəkilməsindən sonra ortaya çıxıb. Əgər 1996-cı ildə Azərbaycan BP və digər şirkətlərlə "Şahdəniz" qaz yatağının istismarına dair saziş imzalamasaydı və partnyorlarla birgə Bakı-Tbilisi-Ərzurum qaz kəmərini tikməsəydi, bu gün "Nabucco" layihəsinə dair sazişin imzalanması mümkün olmazdı. Bu gerçəklik göstərir ki, Azərbaycan "Nabucco"nun təşəbbüskarı olmaqla yanaşı eləcə də əməldə diversifikasiya və nəql infrastrukturunun yaradılmasını dəstəkləyən ölkədir".
Prezident İlham Əliyev deyib ki, "Nabucco" layihəsi ortaya çıxan dövrdə Azərbaycan potensial bu layihə çərçivəsində qaz təchizatçısı kimi qəbul edilmirdi, başqa dövlətlər potensial qaz təchizatçısı kimi çıxış edirdi. Onun sözlərinə görə sonradan Azərbaycan qazın ixracatçısı oldu: "Bu il, misal üçün Azərbaycan Türkiyəyə 7 milyard kubmetr, Gürcüstana- 1 milyarda yaxın qaz ixrac edib, Türkiyə bu qazın bir qismini Yunanıstana re-eksport edib. Azərbaycan qazını İrana da nəql edir. "Qazprom"la da bu yaxınlarda imzalanmış qaz sazişi Azərbaycanın diversifikasiya siyasətinə tam uyğundur. Nə qədər çox bazar olsa, o qədər də çox mənfəətli şərtlər olacaq. Mən çox şadam ki, "Nabucco" layihəsi çərçivəsində tranzit ölkələr arasında saziş əldə edildi. Ümidvaram ki, Azərbaycanla Türkiyə arasında da tranzit sazişi tezliklə imzalanacaq".
Azərbaycan Prezidenti deyib ki, Türkiyədə "Nabucco"ya dair imzalanmış saziş ədalətli şərtlərə və beynəlxalq səviyyədə tanınan prinsiplərə söykənməlidir: "Bu ilin may ayında Azərbaycan "Nabucco"nu dəstəkləyən siyasi qətnaməyə imza atdı. Və biz həmişə deyirik ki, əgər "Nabucco" inşa edilsə və kommersiya baxımından şərtlər bizi qane etsə Azərbaycan məmnuniyyətlə öz qazını bu kəmərlə də nəql edəcək. Nəzərə alsaq ki, Azərbaycanda qaz ehtiyatları indi minimum 2 trilyon kubmetrdir, maksimum isə bu 5 trilyon kubmetr ola bilər - və yeni kəşfiyyat yataqları bu göstəriciləri yalnız artıra bilər- Azərbaycanın "Nabucco" istiqamətində nəql edilməsi üçün kifayət qədər qaz ehtiyatı var".
Sönər Çaqaptay: "Nabucco" ilə bağlı sazişi imzalayanların ixracatçı ölkə olmaması qəribədir"
Ankara "Nabucco"dan keçən qazın 15 faizini və tranzit keçid haqqı tələb edir, Avropa Birliyi tranzit haqqı məsələsində fərqli mövqe nümayiş etdirir, qazın 15 faizinin Türkiyəyə verilməsi məsələsində də ortaq məxrəcə gəlinməyib. ABŞ-ın Avrasiya enerji mənbələri üzrə xüsusi təmsilçisi Riçard Morninqstar bildirib ki, Türkiyənin qazın 15 faizini almaq tələbi müzakirə olunmalıdır: "Türkiyənin də qaza ehtiyacı var. Türkiyəyə nə qədər qaz satılacağına dair müzakirələr aparılmalıdır. Bu məsələ həll olunmalıdır". Morninqstar Türkiyə ilə Azərbaycan arasında qaz satışına dair məsələnin müzakirə olunduğunu, bu iki ölkə arasında anlaşmanın olacağını səbirsizliklə gözlədiklərini söyləyib.
BOTAŞ şirkətinin baş direktoru Saltuk Düzyol isə bildirib ki, Türkiyənin boru kəməri ilə daşınacaq qazdan 15 faizini özü üçün götürməsi məsələsi tərəflər arasında müzakirə olunur və hazırda bu şərtdən vaz keçilməsi barədə qərar verilməyib.
Vaşinqton Universitetinin Türkiyə Araşdırmaları Proqramının direktoru Sönər Çaqaptay isə "Nabucco" ilə bağlı hökumətlərarası müqaviləni imzalayan ölkələrdən heç birinin qaz ixrac edən ölkə olmamasını "qəribə" adlandırıb.
O Azərbaycanla Türkiyənin qazın satış qiyməti və həcmi barədə razılığa gəlməsi barədə məlumatları belə şərh edib: "Uzun illər Türkiyə nəql edəcəyi Azərbaycan qazının 15 faizini özündə saxlamaq hüququnu tələb edirdi. İndi isə onlar bu tələbdən vaz keçiblər. Türkiyənin mavi yanacağın 15 faizinə iddialı olması onunla bağlı idi ki, bu ölkə təkcə tranzit ölkə yox, həmçinin, enerji mərkəzi olmaq istəyirdi. Bu səbəbdən, Azərbaycanda nəql olunacaq qazın 15 faizin ya daxili istifadə üçün saxlamaq, ya da xaricə satmaq niyyətində idilər. Bu ideya özünü doğrultmadığı üçün Türkiyə yalnız tranzit ölkə olmağa razılaşdı".
Şahdəniz qaz yatağının II fazası "Nabucco" layihəsi üçün əsas mənbələrdən biri hesab olunur
Sönər Çaqaptayın fikrincə, "Nabucco" layihəsi yalnız Azərbaycan və Türkmənistanın bu layihədə iştirak edəcəyi təqdirdə reallaşa bilər: "Biz anlamalıyıq ki, "Nabucco"ya ehtiyac var. Bakı-Tbilisi-Ərzurum qaz kəməri Türkiyənin tələbatını ödəməyə yönəlib. İkinci layihə isə Azərbaycan qazını Avropaya çıxartmalıdır".
Sönər Çaqaptayın fikrincə, "Nabucco" layihəsinin reallaşmasını əngəlləyən amillərdən biri bu layihədə iştirak üçün çoxlu sayda ölkənin razılığa gəlməsinin zəruriliyidir: "Nabucco" ilə bağlı ən azı 6-7 ölkə arasında razılaşma əldə olunmalıdır. Eyni zamanda, Rusiya da bu layihəyə etiraz etməməlidir. Hazırda qeyd etdiyim məqamların heç biri reallaşmayıb. Yəni Avropa ölkələri öz aralarında razılığa gələ bilmir, Rusiya da yaranmış ziddiyyətdən faydalanır".
Rusiyanın "Vedomosti" qəzeti xəbər verir ki, Bolqarıstanın yeni baş naziri Boyko Borisov, habelə, Rusiya qazının ixracı haqda yeni müqavilə imzalanmaq istəyir. Rusiya və Bolqarıstanın "Cənub axını" üzrə sazişi 2008-ci ilin yanvarında imzalanıb, 2009-cu ilin mayında isə "Qazprom" və "Bulgarian Energy Holding" dövlət şirkəti arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
"The Financial Times": ""Nabucco" qaz ixrac boru kəmərinin əsas təchizatçılarından biri Azərbaycandır
"Nabucco" işə düşdükdən sonra bu kəməri zəmanətli təbii qazla təmin edə biləcək yeganə ölkə Azərbaycandır. Nüfuzlu "The Financial Times" qəzeti Azərbaycanın zəngin enerji ehtiyatlarının kəmərin mavi yanacaqla təmin olunması üçün əsas mənbə olduğunu yazır. "Şahdəniz-2" yatağındakı nəhəng təbii qaz ehtiyatlardan söz açan mətbu orqanı digər enerji ixracatçılarından fərqli olaraq Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə hər zaman əməl etdiyini və daha etibarlı tərəfdaş olduğunu bildirir. Qəzetin yazdığına görə, "Nabucco" qaz ehtiyatlarının istismarı sahəsinə yeni investisiyaların cəlb olunmasına yeni imkanlar yarada bilər.
Bununla yanaşı, "The Financial Times" "Nabucco" kəmərinin bütün gücü ilə işə düşməsi üçün böyük zaman kəsiyinə ehtiyac duyulduğunu da vurğulayır: "Avropanın enerji sektorunun bəzi təmsilçiləri layihənin tez bir zamanda işə düşəcəyini güman edirlər".
Belə təsəvvür yaranırdı ki, enerji təminatı üçün hər il 300 milyon dollar xərcləyən Avropa ölkələri Rusiyadan enerji asılılığını bir aqibət olaraq, seçiblər. Təbii ki, "Nabucco"nun gerçəkləşməsilə Qərbə "qaz təzyiqi"ni itirəcəyinin fərqində olan Rusiya bu tərəddüdlərdən istifadə etməyə çalışdı. Kremlin bu istiqamətdə hərəkətə gətirdiyi çevik diplomatiya nəticəsiz qalmadı.
Rusiyanın təbii qaz üçün təklif etdiyi qiymətlərin yüksək həddi Türkmənistan və Azərbaycanın şimal qonşumuzla müəyyən anlaşmaya getməsinə öz təsirini göstərdi. Bu durumda Qərb dövlətləri də öz növbələrində, "Nabucco"nun alternativsizliyi həqiqətini birmənalı qəbul edərək, ideyanın gerçəkləşməsi üçün gərəkən addımları atmalı oldular. Bununla da, gündəlikdən çıxmış kimi görünən "Nabucco" layihəsinin həyata keçirilməsi üçün əlverişli şərait yenidən bərpa olundu.