PDF Oxu

Sosial

  • 10

Ərazi bütövlüyü danışıqlar predmeti ola bilməz

Ərazi bütövlüyü danışıqlar predmeti ola bilməz
Bu baxımdan, görəsən, ölkə siyasiləri verilən bu növbəti bəyanat və açıqlanan Madrid prinsipləri haqqında nə düşünürlər? YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı məsələ ilə bağlı açıqlamasında bildirdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar çoxlu ümidverici fikirlər səsləndirilir. Özü də bu fikirlər həmişə və mütəmadi səsləndirilir: "Hər bir azərbaycanlı kimi biz də, siz də, bütövlükdə hamımız, çox istərdik ki, münaqişə tez həll olunsun. Amma bildiyiniz kimi, bu münaqişənin həlli ilə əlaqədar müəyyən problemlər var. Bu günlərdə, elə sizin də qeyd etdiyiniz kimi, mətbuatda yenə Madril prinsipləri açıqlanıb, bununla bağlı söz-söhbətlər səngimək bilmir. Lakin bütün bunların fonunda Azərbaycanın mövqeyi hər zaman ölkə Prezidenti İlham Əliyev tərəfindən birmənalı şəkildə bəyan edilib, ortaya qoyulub. Yəni, bir qarış da olsun torpaq güzəştə gedilməməlidir və gedilməyəcək, həmçinin, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və həll oluna bilər. İndi kim nə deyirsə-desin, Azərbaycanın birmənalı mövqeyi budur, bundan ibarətdir. Eyni zamanda, ölkə prezidentinin də dediyi sözlər bizim üçün, bütövlükdə hamımız üçün qanun şəklində qəbul olunmalıdır. Ona görə mən belə düşünürəm ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ümidverici sözləri, bəyanatları, hələlik, onların hansı prinsiplər əsasında dediklərini ortaya qoymur. Dəqiq bilmək olmur ki, onlar nəyə əsaslanaraq, nəyə ümid edərək bu fikirləri səsləndirirlər. Əgər bizim dediyimiz şərtlər daxilində belə fikirlər səsləndirirlərsə, bəli, bu, mümkündür. Yox, əgər Azərbaycanın ərazi bütövlüyünə və yaxud gələcəkdə Dağlıq Qarabağ üzərində Azərbaycanın idarəçilik prinsiplərinin qorunub-saxlanılmasına zidd fikirlərə iddia edirlərsə, onda, bu, mümkün deyil. Məsələn, Madrid prinsipləri nə deyir? Guya bir keçid mərhələsi yaradılmalı, bu, sonradan tədricən Dağlıq Qarabağ üzərində Azərbaycanın təsirinin azaldılmasına yönəlməlidir və sair. Bu prinsiplərə əgər ümidverici prinsiplər kimi yanaşıb mövqe ifadə edirlərsə, o zaman Azərbaycan buna heç cür razı deyil. Bir sözlə, biz dəfələrlə ümidverici bəyanatlar eşitsək də, hələlik, onların real nəticəsi olmayıb, ona görə ki, beynəlxalq təşkilatlar təcavüzkara qarşı təzyiq metodundan istifadə etmirlər, təcavüzkarla təcavüzə məruz qalan da tərəzinin eyni gözündə saxlanılırsa, bu zaman ədalət pozulur və məsələnin həlli yubanır".
M.Qurbanlı, həmçinin, onu da bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin hansı vaxtda həll olunacağı məsələsinə də aydınlıq gətirdi: "Münaqişənin həllinin nə zaman baş verəcəyi ilə bağlı hər halda hansısa proqnozu verə bilmərəm. Dağlıq Qarabağ münaqişəsi ola bilər bir həftəyə də həll olunsun, ola bilər ki, heç bundan sonra on ilə də həll olunmasın. Bu, beynəlxalq aləmdəki proseslərdən və Ermənistana məlum güclərin nə dərəcədə təsir göstərəcəyindən asılıdır".
Millət vəkili Azərbaycan hakimiyyətinin təslimçi sülhə imza atacağı ilə bağlı deyilənləri də təkzib etdi və Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi istiqamətində cərəyan edən son prosesləri və beynəlxalq birliyin səylərini belə dəyərləndirdi: "Hazırda münaqişənin tənzimlənməsi istiqamətində danışıqlar gedir. Azərbaycan diplomatiyası münaqişənin həlli istiqamətində xeyli uğur əldə edib, beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirib. Ermənistan hazırda "seytnot" vəziyyətindədir. Azərbaycanın iqtisadi qüdrətinin artması nəticə etibarilə Ermənistanı danışıqlar stolu arxasında prinsipial olaraq Azərbaycanın tutduğu mövqe ilə razılaşmağa məcbur edəcək."
M.Qurbanlı hazırkı şəraitdə danışıqların intensivliyinin müşahidə olunduğunu da qeyd etdi. Bildirdi ki, xüsusilə, Birləşmiş Ştatlar aparılan danışıqların müəyyən nəticə verməsi üçün bu istiqamətdə fəallığını gücləndirib: "Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti ola bilməz. Prezident İlham Əliyev bu günlərdə bunu bir daha bəyan etdi. Cənab Prezident bildirdi ki, Azərbaycan ərazi bütövlüyü məsələsini danışıqlar predmentinə çevirməyəcək. Bu, o deməkdir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə zidd olacaq hər hansı bir sənəd ortada ola bilməz."
M.Qurbanlı müxalifət mətbuatının Azərbaycan hakimiyyətinin təslimçi sülhə imza atacağını, referendum yolu ilə Qarabağın ermənilərə veriləcəyini iddia etməsi fikrinə öz münasibətini bildirərək, qeyd etdi: "Adıçəkilən mətbu orqanlarda kifayət qədər səviyyəsiz təhlillər, yazılar əksini tapır. Prezident BMT, ATƏT, Avropa Şurası, digər beynəlxalq təşkilatlar, eləcə də, ölkə daxilində birmənalı, aydın şəkildə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və ola da bilməz. Azərbaycan ərazi bütövlüyünə zidd olan heç bir sazişə, sənədə imza atmayacaq. Bu, Azərbaycan dövləti və onun prezidentinin prinsipal mövqeyidir. Bundan sonra hansısa havadan götürülmə tezislərdən çıxış edib Azərbaycanın təmsilçi sülhə imza atacağı iddiasını ortaya qoymaq səviyyəsizlikdir. Referendum məsələsi harada yazılıb, hansı sənəddə əks olunub? Azərbaycanda referendum yalnız ərazilə bağlı məsələ və Konstitusiyada düzəliş edilməsi zərurəti yaranan zaman keçirilə bilər. Hesab edirəm ki, bu, müxalifətin bilmədiyi məsələdə, mövzuda diskussiya açmaq cəhdidir. Elə onların səviyyəsinin aşağı olmasının nəticəsidir ki, xalq bu kimi adamlara nə dəstək verir, nə də həmin qüvvələrlə bir sırada durmağı özünə rəva bilir. Müxalifət və onun maliyyələşdirdiyi mətbu orqanlar daim Azərbaycan hakimiyyətinə qara yaxmaq, çirkab atmaqla məşğuldur. Onların yazdıqlarının, dediklərinin heç bir mənası yoxdur".

Digər xəbərlər